Qadin.NET / A.S.Ekzüperi "Balaca şahzadə"-6

A.S.Ekzüperi "Balaca şahzadə"-6

 

A.S.Ekzüperi "Balaca şahzadə"-6

 

XI

İkinci planetin sakini şöhrətpərəstin biri idi. O, Balaca şahzadəni uzaqdan görən kimi ucadan dedi:

- Oh! Oh! Pərəstişkar da gəlib çıxdı!

Çünki şöhrətpərəstlər üçün yerdə qalan adamların hamısı pərəstişkardır, onlara valeh olanlardır, onların vurğunudur. Balaca şahzadə dedi:

- Salam. Sizin nə qəribə şlyapanız var.

- Bu, təzim etmək üçündür,-deyə şöhrətpərəst cavab verdi,-bu məni alqışlayanlara öz minnətdarlığımı bildirmək üçündür. Bədbəxtlikdən, burdan heç vaxt heç kim ötüb keçmir.

Bir şey anlamayan Balaca şahzadə dedi:

- Beləmi?

- Əl çal,-deyə şöhrətpərəst qonağa məsləhət verdi.

Balaca şahzadə əl çaldı. Şöhrətpərəst şlyapasını qaldırıb təvazökarlıqla onu salamladı. Balaca şahzadə ürəyində fikirləşdi:

- Bu, kralı ziyarət etməkdən daha əyləncəlidir.

Sonra isə yenidən əl çalmağa başladı. Şöhrətpərəst də yenə şlyapasını qaldıraraq onu salamladı. Beş dəqiqəlik eyni hərəkətləri təkrar edəndən sonra Balaca şahzadə oyunun yeknəsəkliyindən bezikdi. Balaca şahzadə soruşdu:

- Bəs nə etmək lazımdır ki, şlyapa yerə düşsün?

Amma şöhrətpərəst eşitmədi. Şöhrətpərəstlər yalnız tərifləri yaxşı eşidirlər.

- Sən doğrudanmı mənə çox pərəstiş edirsən?-deyə o, Balaca şahzadədən soruşdu.

- "Pərəstiş" nə deməkdir?

- "Pərəstiş etmək" mənim bu planetin ən ağıllı, ən varlı, ən yaxşı geyinmiş və ən gözəl adam olduğumu etiraf etmək deməkdir.

- Axı bu planetdə sən təksən, səndən başqa burda kimsə yaşamır!

- Məni məmnun et. Necə olsa da, mənə vurğunluğunu bildir!

- Yaxşı, mən sənə valehəm,-deyə Balaca şahzadə yüngülcə çiyinlərini çəkərək cavab verdi,-amma bu valeh olmağın sənə xeyri nədir, bu səni niyə axı maraqlandırır?

Balaca şahzadə oradan uzaqlaşır. "Böyük adamlar, doğrudan da, qəribə olurlar.",-deyə Balaca şahzadə sadəlövhlüklə öz-özünə

dedi və səyahətini davam etdirmək məqsədilə yola düzəldi.

 

A.S.Ekzüperi "Balaca şahzadə"-6

 

 

XII

Növbəti planetdə bir əyyaş məskunlaşmışdı. Bu ziyarət çox qısa oldu, lakin Balaca şahzadəni həddindən artıq məyus etdi. Balaca şahzadə bu planetə ayaq basanda onun qarşılaşdığı ilk adam elə bu əyyaş oldu. Bu içki düşkünü ətrafına düzülmüş dolu və boş şüşə kolleksiyalarının arasında səssiz-səmirsiz oturmuşdu. Balaca şahzadənin "Sən burada nə edirsən?" sualına əyyaş hüznlü bir görkəmlə:

-İçirəm,-deyə, cavab verdi.

- Niyə içirsən?-Balaca şahzadə yenə soruşdu.

- Unutmaq üçün,-əyyaş cavab verdi.

- Nəyi unutmaq üçün?-deyə Balaca şahzadə mülayim səslə soruşdu. Onun əyyaşa yazığı gəldi.

- Utandığımı unutmaq üçün,-başını aşağı salaraq içki düşkünü olduğunu etiraf etdi. Biçarə əyyaşa kömək etmək arzusu ilə Balaca şahzadə soruşdu:

- Nədən utanırsan?

- İçməyimdən utanıram,-deyə əyyaş sorğu-suala birdəfəlik son qoydu və dərin bir sükuta büründü.

Gördüklərindən pərt olmuş və karıxmış Balaca şahzadə ordan da çıxıb getdi. Yol gedə-gedə öz-özünə fikirləşirdi: "Böyüklər doğrudan da çox, lap çox qəribə adamlardır".

 

A.S.Ekzüperi "Balaca şahzadə"-6

 

XIII

Dördüncü planet bir biznesmenin planeti idi. Bu adam o qədər məşğul idi ki, Balaca şahzadə gələndə o, hətta başını belə qaldırmadı.

Balaca şahzadə dedi:

- Salam. Sizin papirosunuz sönüb.

- Üç üstə gəl iki-beş. Beş üstə gəl yeddi-on iki. On iki üstə gəl üç-on beş. Salam. On beş üstə gəl yeddi-iyirmi iki. İyirmi iki üstə gəl altı-iyirmi səkkiz. Kibrit yandırmağa vaxtım yoxdur. İyirmi altı üstə gəl beş-otuz bir. Of! Deməli, elədi, beş yüz bir milyon altı yüz iyirmi iki min altı yüz otuz bir.

- Beş yüz milyon nə?

- Hə? Sən hələ də burdasan? Beş yüz bir milyon... Bilmirəm nə... O qədər işim var ki! Mən ciddi adamam, cəfəngiyyat və sərsəm işlərlə məşğul olmuram! İki üstə gəl beş-yeddi...

- Beş yüz bir milyon nə?-deyə Balaca şahzadə təkrar etdi. O, verdiyi suala cavab almayınca əl çəkməzdi. Biznesmen başını qaldırdı:

- Bu planetdə yaşadığım əlli dörd ildən bəri məni cəmi üç dəfə narahat ediblər. Birinci dəfə iyirmi iki il bundan qabaq. Allah bilir, hardansa buralarda bir may böcəyi peyda olmuşdu. Onun vızıltısı, qopardığı hay-həşir məni elə çaşdırdı ki, toplamada dörd səhv etdim. İkinci dəfə bu, on bir il bundan əvvəl olub, yel xəstəliyinin böhranı ucbatından. Çox otururdum, hərəkət etmirdim. Gəzib dolanmağa vaxtım yox idi. Mən ciddi adamam. Üçüncü dəfə də ki... Bax, budur! Deməli, mən beş yüz bir milyon...

- Milyon nə?

Biznesmen başa düşdü ki, Balaca şahzadənin suallarına cavab verməsə rahatlığı olmayacaq.

- Bəzən səmada görünən milyonlarla balaca-balaca şeylər.

- Milçək?

- Canım, yox ey, parıldayan balaca şeylər.

- Arı?

- Yox, yox. Tənbəlləri xəyala daldıran qızılı rəngli balaca şeylər. Mən isə mən ciddi adamam. Mənim xəyala dalmağa vaxtım yoxdur.

- Hə! Tapdım. Ulduzları deyirsən?

- Elədir ki, var. Ulduzlar.

- Beş yüz milyon ulduz sənin nəyinə gərəkdir axı?

- Beş yüz bir milyon altı yüz iyirmi iki min yeddi yüz otuz bir. Mən ciddi adamam, dəqiq olmağı sevirəm.

- Bu ulduzlar sənin nəyinə gərəkdir?

- Nəyimə gərəkdr?

- Bəli.

- Heç nəyimə. Mən sadəcə onların sahibiyəm.

- Sən ulduzların sahibisən?

- Bəli.

- Mən bir kral gördüm, o da...

- Krallar nəyəsə sahib olmurlar. Onlar hökmranlıq edirlər. Onlar idarə edirlər. Bunlar tamamilə müxtəlif şeylərdir.

- Ulduzlara sahib olmağın sənə xeyri nədir?

- Xeyri odur ki, mən varlanıram, zəngin oluram.

- Bəs varlanmaq nəyinə lazımdır?

- Yeni kəşf olunan ulduzları almaq üçün varlı olmaq mənə lazımdır.

"Bunun mühakiməsi bir az əvvəlki əyyaşın mühakiməsinə oxşayır. İkisi də, görünür, eyni ağıldadır." -deyə Balaca şahzadə öz-özünə düşündü. Bununla belə o, yenə də suallar verdi:

- Ulduzlara axı necə sahib olmaq olar?

 

A.S.Ekzüperi "Balaca şahzadə"-6

 

 

- Bəs ulduzlar kimindir? -deyə biznesmen narazı halda etiraz etdi.

- Bilmirəm. Heç kimin.

- Elə isə  onlar mənimkidir. Çünki bu barədə ilk dəfə düşünən mən olmuşam.

- Məgər fikirləşmək kifayətdir?

- Əlbəttə, əgər sən heç kimə məxsus olmayan bir brilyant tapırsansa, deməli, o sənindir. Əgər sən heç kimə məxsus olmayan bir ada tapırsansa, deməli, o sənindir. Əgər bir fikir sənin ağlına birinci gəlirsə, sən ona görə müəlliflik diplomu alırsan: o da sənindir. Ulduzların sahibi isə mənəm. Bir halda ki, məndən qabaq heç vaxt heç kim onlara sahib olmaq fikrinə düşməmişdir.

- Bu, düzdür,-Balaca şahzadə dedi,-bəs onları neyləyirsən?

Biznesmen isə cavabında:

- Onları idarə edirəm. Onlar mənim ixtiyarımdadır. Onları sayıram, sonra bir də sayıram. Bu çətindir. Amma mən ciddi adamam!

Cavab Balaca şahzadəni hələ də təmin etmirdi.

- Mənim, misal üçün, əgər bir boyun yaylığım varsa, mən onu boynuma dolayıb özümlə apara bilərəm və yaxud bir gülüm varsa, onu dərib özümlə apara bilərəm. Amma sən ulduzları özünlə apara bilməzsən!

- Apara bilmərəm, amma onları banka qoya bilərəm.

- O nə deməkdir?

- Bu, o deməkdir ki, mən bir kağız parçasına öz ulduzlarımın sayını yazıram. Sonra isə bu kağızı siyirtməyə qoyub açarla bağlayıram.

- Vəssalam?

- Bu kifayət edər!

Balaca şahzadə düşündü: "Bu maraqlı və gülməlidir, hətta şairanədir, amma bir elə ciddi deyil". Balaca şahzadənin ciddi şeylər haqqında fikirləri böyüklərin fikirlərindən tamamilə fərqli idi.

O yenidən sözə başladı:

- Mənim bir gülüm var. Hər gün onu sulayıram. Mənim üç vulkanım var. Hər həftə onları təmizləyirəm. Hələ sönmüş vulkanı da. Bilmək olmaz. Hər şey ola bilər. Mənim onlara sahib olmağımın həm gülə, həm də vulkanlara xeyri var. Sən isə ulduzlar üçün zərrə qədər də olsa, faydalı deyilsən.

Biznesmen ağzını açdı ki, nəsə desin, lakin cavab üçün söz tapa bilmədi. Balaca şahzadə isə səyahətini davam etdirmək məqsədilə yola düzəldi. "Böyüklər, tamamilə qəribə adamlardır",-deyə o, sadəlövhlüklə düşündü.

Ardı var...

17 yanvar 2015
GO BACK