VII
Beşinci gün yenə qoyunun sayəsində Balaca şahzadənin həyatının bu gizli məqamı da mənə bəlli oldu. Gözlənilmədən,
müqəddiməsiz, zadsız sərt halda, uzun müddətdən bəri sakitcə bu nəticəyə gəlibmiş kimi məndən soruşdu:
- Kol-kosları yeyən qoyun yəqin gülləri də yeyir, eləmi?
- Qoyun qarşısına çıxan ot-ələfin hamısını yeyir.
- Tikanlı gülləridəmi?
- Bəli, hətta tikanlı gülləri də.
- Bu tikanlar nəyin karıdır, nəyə lazımdır, görən?
Onu bilmirdim. Başım qarışmışdı motorun bərk sıxılmış bir boltunu açmağa. Çox qayğılı idim, çünki motorun ciddi nasaziığı bir tərəfdən, içməli suyun qurtarması təhlükəsi digər tərəfdən məni daha çox narahat edirdi.
- Tikanlar nəyə lazımdır ki?
Balaca şahzadə verdliyi suala cavab almayınca əl çəkən deyildi. Bolt da məni lap hövsələdən çıxarmışdı və ona görə də Balaca şahzadəyə başdansovdu cavab verdim:
- Tikanlar heç nəyin karıdır, güllər onu qəsdən, açıqca yetirir.
- Oh! Belə de!
Azacıq bir sükutdan sonra o mənə kinli bir nəzər salaraq:
- Mən inanmıram sənə!-dedi: Güllər zəif, həm də sadəlövhdür. Bacardıqları kimi yaşayır. Öz tikanları ilə özlərini cəsur göstərmək istəyirlər. Onlar elə hesab edirlər ki, tikanları olsa hamı qorxar onlardan.
Mən cavab vermədim. O anda mən öz-özümə deyirdim: "Əgər bu bolt açılmasa, çəkiclə sındıracam onu! Balaca şahzadə məni öz fikirlərimdən yenə də ayırdı:
- Sən elə hesab edirsən ki, güllər...
- Yox, canım! Yox! Mən heç nə hesab etmirəm, inanmıram.
- Beləcə, ağlıma gələn ilk cavabı verdim. Məgər görmürsən mən ciddi bir işlə məşğulam! O, heyrətlənmiş halda mənə baxdı.
- Ciddi işlə məşğulsan?!
Balaca şahzadə ona eybəcər görünən bir şeyin üstünə əyildiyimi seyr edirdi, əlimdə çəkic vardı, barmaqlarım sürtkü yağına bulaşmışdı.
- Sən lap böyüklər kimi danışırsan!-dedi.
Bu məni bir az utandırdı. Amma o, heç şeyə məhəl qoymadan amansızcasına əlavə etdi:
- Sən hər şeyi qarışdırırsan... Hər şeyi qatıb-qarışdırdın!
O, doğrudan da, bərk əsəbiləşmişdi. Külək onun qızılı saçlarını pırtlaşdırırdı. O dedi:
- Mən bir planet tanıyıram, orada qırmızısifət bir cənab var. O ömründə gül iyləməyib, heç zaman heç bir ulduza baxmayıb, heç vaxt kimsəni sevməyib, rəqəmləri cəmləməkdən başqa heç bir məşğuliyyəti olmayıb və bütün günü sənin kimi hey təkrar edir: "Mən ciddi adamam! Mən ciddi adamam!" Bununla da fəxr edir, təkəbbüründən şişib dağılır. Amma bu adam deyil. Göbələkdir!
- O nədi?
- Göbələk!
Balaca şahzadənin bənizi qəzəbdən ağappaq olmuşdu. Milyon illərdir ki, güllər tikan yetirir. Milyon illərdir ki, qoyunlar gülləri, çiçəkləri yeyir. Əgər tikanların heç kimə, heç bir faydası yoxdursa, nə üçün çiçəklər var qüvvələrilə çalışaraq tikan yetirir. Məgər bunu anlamaq ciddi məsələ deyil? Qoyunlarla güllərin müharibəsi əhəmiyyətsiz şey deyilmi?... Bu qırmızısifət, gombul cənabın hesabından daha ciddi, daha əhəmiyyətli deyil? Mənim yaşadığım planetdə yeganə bir gül var ki, ondan heç bir yerdə tapmaq olmaz, o tənha güldür, əgər balaca bir qoyun elədiyini bilmədən bir səhər həmən gülü məhv etsə bu əhəmiyyətsizmi sayılır! O pörtmüşdü, yenidən sözə başladı.
- Əgər kimsə milyonlarla ulduzların arasında yeganə olan bir gülü sevirsə, özünü xoşbəxt saymaq üçün kifayətdir ki, o adam ulduzlara baxsın. O öz-özünə deyəcək: "Mənim Gülüm bax hardasa oralardadır..." Əgər qoyun gülü yesə, həmin adam üçün sanki bütün ulduzlar sönür! Məgər bu da əhəmiyyətsiz sayılır! Daha artıq heç nə deyə bilmədi. O, birdən hönkürtü ilə ağladı. Gecə düşmüşdü. Alətləri bir
kənara qoydum, Çəkic, balta, susuzluq və ölüm mənə gülünc gəlirdi. Ulduzda, planetdə mənim Yer adlı planetimdə təsəlliyə ehtiyacı olan balaca bir şahzadə vardı, o ağlayırdı. Mən onu qucağıma alıb layla dedim, yırğaladım onu. Ona deyirdim: "Sənin sevdiyin gül təhlükə qarşısında deyil... Sənin qoyunun üçün burunotu çəkəcəyəm... Sənin gülün üçün isə şəbəkə şəkli çəkərəm. Dəmir çəpərin içində onu heç bir qoyun yeyə bilməz. Mən .." Bilmirdim daha nə deyim. Özümü narahat hiss edirdim. Bilmirdim onun ürəyini necə ələ alım, ora necə girim... Göz yaşları dünyası nə qədər əsrarəngizmiş.
VIII
Bu gülü çox tezliklə daha yaxşı öyrəndim. Balaca şahzadənin planetində bir cərgəlik ləçəklə bəzənmiş az yer tutan, heç kəsi narahat etməyən sadə güllər çox idi. Onlar səhərlər otların arasında pardaqlanıb açılar, axşamlar isə solub gedərdilər. Bu tənha çiçək hardansa bura düşmüş toxumdan əmələ gəlmişdi. Balaca şahzadə onu nəzərdən qoymurdu, çünki bu cücərti o biri cücərtilərdən fərqli idi, onlara oxşamırdı. Nə bilmək olar, bəlkə bu baobabın təzə bir növüdür? Çox keçmədi ki, kol daha boy atmadı, üstündə qönçələr göründü. İri bir qönçənin yavaş-yavaş böyüməsini əvvəldən axıra qədər izləyən Balaca şahzadə hiss edirdi ki, o qönçədən nəsə möcüzəli bir şey çıxacaq. Çiçək öz yaşıl kasacığında özünə rövnəq verməkdən usanmırdı. O, qayğıkeşliklə özünə münasib rənglər seçirdi, rəngarəng libasını yavaş-yavaş geyinirdi; ləçəklərini bir-bir nizamlayırdı. O, lalə kimi səliqəsiz, üst-başı əzik-üzük çıxmaq istəyirdi öz kasacığından. O gözəlliyin bütün təravəti ilə açılmaq istəyirdi. Bəli! O, naz-qəmzəli bir afət idi. Onun əsrarəngiz bər-bəzəyi günü-gündən uzanırdı, açılmaq bilmirdi ki, bilmirdi. Budur, bir səhər düz gün doğan vaxtı o, tam vüsətilə açıldı. Böyük zəhmətdən sonra gözəl zövqlə bəzənib-düzənmiş dilbər əsnəyə-əsnəyə dedi:
- Eh! Güclə oyandım... Üzr istəyirəm... Üst-başım hələ qaydasında deyil...
Balaca şahzadə heyrətini boğa bilməyərək:
- Necə də gözəlsiniz!-dedi.
- Doğrudanmı elədir?-deyə gül mülayim səslə soruşdu. Mən günəşlə eyni vaxtda doğulmuşam... Balaca şahzadə başa düşdü ki, hörmətli qonaq o qədər də təvazökar deyildi, amma çox şəfqətli və cazibədar idi.
- Deyəsən, səhər yeməyinin vaxtıdır, axı. Lütfən mənim qayğıma qalın,-deyə təravətli gül əlavə etdi. Bu təklifdən çaş-baş qalmış balaca şahzadə su çiləyəni tapıb təmiz su ilə onu doldurdu və gülü suladı. Tezliklə məlum oldu ki, gülcığaz təkəbbürlü və ədalı bir gözəldir. Özünün naz-qəmzəsi və buyruqları ilə Balaca şahzadəni cana doydurmuşdu. Məsələn, bir gün özünün dörd tikanından dəm vuran gül Balaca şahzadəyə dedi:
- Lap iti caynaqlı pələnglər mənə heç nə edə bilməzlər!
- Mənim planetimdə pələng yoxdur,-Balaca şahzadə etiraf etdi, digər tərəfdən pələnglər ot-ələf yemir.
- Mən ot-ələf deyiləm ha,-gül sakitcə cavab verdi.
- Bağışlayın məni...
- Düzü, mən pələnglərdən qorxmuram, amma yelçəkəndən bərk qorxuram. Sizdə arakəsmə olmaz ki?
"Yelçəkən dəhşətli şeydir..., bitkilər ondan çox qorxur,-deyə Balaca şahzadə əlavə etdi. Bu çiçəyin xasiyyəti, görünür, çox ağırdı..."
- Axşam mənim üstümə örtük çəkin. Bura çox soyuqdur. Planetimiz rahat deyil. Amma mənim gəldiyim yer...
Birdən susdu. O, toxum halında buraya gəlib çıxmışdı. O, başqa planetlər barədə heç bir təsəvvürə malik ola bilməzdi. Açıq-aşkar yalan danışdığına görə gülcığaz özünün alçaldığını başa düşüb utandı, iki, üç dəfə öskürdü ki, Balaca şahzadənin onun qarşısında, onun yalanının açılmasında günahkar olmasını hiss etdirsin.
- Bu arakəsmə nə oldu...?
- Elə onu axtarmağa gedirdim ki, siz danışmağa başladız!
Gül yenə yalandan öskürməyə başladı ki, qoy Balaca şahzadə peşmançılıq və vicdan əzabı çəksin. Balaca şahzadənin gülə böyük rəğbəti və məhəbbəti olsa da, az sonra qəlbində ona qarşı şübhələr baş qaldırdı. Onun mənasız sözlərini ciddi qəbul edərək hər şeyi ürəyinə saldı və özünü bədbəxt saydı. "Mən gərək ona heç qulaq asmayaydim, mənə ürək qızdıraraq dedi,-Güllərə qulaq asmaq, onları dinləmək yox, onlara baxmaq və onların ətrini iyləmək lazımdır. Mənim gülüm planetimə ətir saçırdı, amma ondan ləzzət ala bilmirdim. Pələng, caynaq söhbəti məni elə qıcıqlandırdı ki, lap mütəəssir oldum... Bu əhvalat məni mütəəssir etməli idi, həyəcanlandırmalı idi. Belə də oldu..."
Mənə bir də etibar edərək dedi: "O zaman heç nə başa düşə bilmirdim. O gülü mən sözlərinə görə yox, hərəkətinə görə mühakimə etməliydim. O mənim üçün ətir saçır, həyatımı nurlandırırdı. Mən ondan qaçmamalıydım! Onun miskin hiylələri arxasındakı incəliyi və
nəvazişi başa düşməliydim. Güllər çox ziddiyyətli olur." Mən isə gənc idim, hələ sevməyi əməlli-başlı bacarmırdım.
Ardı var...