EPİLOQ
Bu, mənim üçün dünyanın ən gözəl və eyni zamanda ən kədərli mənzərəsidir. Bu, əslində əvvəlki səhifədəki həmin mənzərədir, amma mən onu sizə yaxşı göstərmək üçün bir daha çəkdim. Məhz burada Balaca şahzadə ilk dəfə Yer üzündə peyda olmuş, sonra isə qeyb olmuşdur. Əgər bir gün Afrika səhralarına səyahət etsəniz, bu mənzərəni tanımaq üçün ona diqqətlə baxın. Əgər bir gün siz ordan keçəsi olsanız, yalvarıram, tələsməyin, həmin ulduzun altında bir az ayaq saxlayın! Əgər onda bir uşaq sizə tərəf gələrsə, gülərsə, əgər onun qızılı saçları varsa və əgər onu sorğu-sual edəndə, cavab verməzsə, siz onun kim olduğunu anlayacaqsınız. Onda, zəhmət olmasa, məni intizarda qoymayın, mənə təskinlik verin, onun qayıtması haqqında mənə tezliklə yazın...
I
Altı yaşım olanda, keçilməz meşədən danışan "Olmuş əhvalatlar" adlı kitabda əcaib və qəraib bir şəkil gördüm. Bu şəkildə yırtıcı heyvanı udan əfi bir ilan təsvir olunmuşdu. Budur şəklin surəti:
Kitabda yazılmışdı: Əfi ilanlar, öz şikarlarını bütöv, çeynəmədən udurlar. Sonra onlar tərpənə bilmir və udduqlarını həzm etmək üçün altı ay sərasər yatırlar.
Onda mən cəngəllik macəraları haqda uzun-uzadı düşündüm və rəngli qələmlə ilk şəklimi çəkdim. Çəkdiyim bir nömrəli şəkil bax belə idi: Mən, bu şah əsərimi böyüklərə göstərdim və onun vahiməli olub-olmadığını soruşdum. Onlar isə "Adi bir şlyapa niyə də vahiməli olmalıdır?", - deyə rişxəndlə cavab verdilər.
Mənim şəklimdə şlyapa yox, udduğu fili həzm eləyən əfi ilan təsvir olunurdu. Onda mən böyüklərə aydın olsun deyə əfi ilanın daxildən görünüşünü çəkdim. Böyüklərin həmişə əlavə izaha ehtiyacı olur. Bu da mənim çəkdiyim 2 nömrəli şəkil:
Böyüklər mənə əfi ilanı daxildən və xaricdən çəkmək əvəzinə coğrafiya, tarix, hesab və qrammatika ilə maraqlanmağı məsləhət gördülər. Altı yaşımda ikən gözəl rəssamlıq sənətini mən bax beləcə tərk etdim. Çəkdiyim 1 və 2 N-li şəkillərin uğursuzluğu məni ruhdan saldı. Böyüklər özü-özlüyündə heç vaxt heç nə başa düşmürlər, uşaqlar isə onlara hər dəfə bir şeyi izah etmək üçün yorulub əldən düşürlər.
Beləliklə, mən başqa peşə seçməli oldum və təyyarə sürməyi öyrəndim. Dünyanın bir çox ölkələrinə uçmuşam. Coğrafiya, doğrudan da, mənim çox karıma gəldi. İlk nəzərdən, mən Çini Arizonadan asanlıqla ayırırdım. Gecə vaxtı yolu azanda coğrafiyanı bilməyin faydası böyükdür.
Mənim bütün həyatım boyu çoxsaylı ciddi adamlarla hesabagəlməz təmaslarım olub. Böyüklər arasında çox olmuşam. Onları lap yaxından görmüşəm. Lakin, bütün bunlar onlara qarşı fikrimi dəyişə bilmədi.
Böyüklərdən mənə bir az sağlam düşüncəli görünəninə rast gəldikdə indiyə qədər saxladığım bir nömrəli şəklimi ona göstərir və bu barədə onun fikrini öyrənmək istəyirdim. İstəyirdim ki, bu adamın bir şey anlayıb-anlamadığını müəyyənləşdirim. Lakin hər dəfə mənə eyni cavabı verirdilər: "Bu, şlyapadır". Onda mən onlarla nə əfi ilanlardan, nə keçilməz meşələrdən, nə də ulduzlardan danışırdım. Mən onlarla anlama səviyyəsindən və qalstuklardan danışırdım. Belə bir ağıllı adamla tanış olduqlarından çox məmnun qalırdılar.
II
Söhbət etməyə bir bəni-insan tapmadan günlərim beləcə bir müddət tənhalıqda keçdi. Bu vəziyyət altı il əvvəl təyyarənin mühərrikinin xarab olub Böyük Səhraya enməyə məcbur olduğum vaxta qədər davam etdi. Yanımda nə mexanik, nə sərnişin olduğundan, tək özüm bu çətin təmir işinin öhdəsindən gəlməyə cəhd etməli idim. Mənim üçün bu, ölüm-dirim məsələsi idi. Bir həftəyə güclə çatacaq qədər içməyə suyum var idi. Mən ilk gecəni səhra qumları üstündə yatmalı oldum. Bu qəza yeri yaşayış yerlərindən min mil aralıda yerləşirdi. Gəmidə qəzaya uğramış, dəryanın ortasında salın üstündə tənha qalmış adamdan da betər təcrid olunmuşdum. Dan yeri söküləndə məzəli uşaq səsinin məni yuxudan oyatmasından doğan təəccübümü təsəvvür edin. O səs deyirdi:
- Lütfən... mənə bir qoyun şəkli çək!
- Nə dedin?
- Mənə bir qoyun şəkli çək...
İldırım vurmuş adam kimi sıçrayıb ayağa qalxdım. Gözlərimi yaxşı-yaxşı ovuşdurdum. Ətrafıma baxdım. Qarşımda məni ciddi şəkildə nəzərdən keçirən çox qəribə balaca bir adam gördüm. Sonralar çəkə bildiyim onun ən yaxşı şəkli budur.
Amma mənim bu şəklimdə o, əslində olduğundan əlbəttə az valehedicidir, az gözəldir. Bu mənim günahım deyil. Altı yaşımda rəssamlıq sənətini öyrənmək istədiyim vaxt böyüklər məni ruhdan salmışdılar və məni inandırmışdılar ki, məndən rəssam çıxmaz. Mən də əfi ilanın zahiri və daxili görünüşünü çəkməkdən savayı bir şey öyrənməmişdim.
Təəccübdən bərəlmiş gözlərimi hardansa peyda olmuş bu xilqətə dikmişdim. Unutmayın ki, mən insan məskənindən min mil uzaqda idim. Bununla belə, bu oğlan nə yol azana, nə yorğunluqdan, aclıqdan, susuzluqdan və qorxudan ölənə oxşayırdı. Onda yaşayış məskənindən min mil aralı, səhranın ortasında itmiş uşaq görkəmindən əsər-əlamət belə yox idi. Yavaş-yavaş özümə gəldim. Nəhayət, nitqim açılandan sonra ondan soruşdum:
- Bəs... sən burda nə edirsən?
O isə mənə çox ciddi bir şey deyirmiş kimi yavaş səslə təkrar etdi:
- Zəhmət olmasa... mənə qoyun şəkli çək...
Bu səhnə o qədər ağlasığmaz və əsrarəngiz idi ki, onun xahişindən boyun qaçırmaq heç cür olmazdı. Ölüm təhlükəsi ilə üzbəüz dayandığım bir vaxtda, yaşayış məskənlərindən min mil uzaqlarda şəkil çəkmək mənə ağılsız görünsə də cibimdən bir vərəq və diyircəkli qələmimi çıxartdım. Amma elə buradaca xatırladım ki, coğrafiyanı, tarixi, hesab və qrammatikanı yaxşı öyrənmişəm. Oğlana (bir az acıqlı tərzdə) bildirdim ki, şəkil çəkə bilmirəm. O isə mənə dedi:
- Eyib etməz. Mənə qoyun şəkli çək.
Heç vaxt qoyun şəkli çəkmədiyimə görə əvvəlki iki şəklimdən birini onun üçün təkrarən çəkdim. Bacardığım bu idi, əfi ilanın xaricdən görünüşü. Oğlanın mənə verdiyi cavabı eşidəndə heyrətləndim: yanında fil istəmirəm. Əfi ilan çox təhlükəlidir, fil isə nəhəngdir, çox yer tutur. Mənim planetim isə tamam balacadır. Mənə qoyun lazımdır. Mənə qoyun şəkli çək.
Nəhayət qoyun şəkli çəkdim. O, şəklə diqqətlə baxdı, sonra isə:
-Yox!, - dedi, - Bu qoyun çox sısqadır, xəstədir. Ayrısını çək. Ayrısını da çəkdim. Dostum mehribanlıqla və iltifatla gülümsədi.
Ardı var...