Qadin.NET / Rəşid bəy və Səadət xanım-1

Rəşid bəy və Səadət xanım-1

 

Rəşid bəy və Səadət xanım-1

 

İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında lirik-dramatik pyes

İştirakçılar:

Rəşid bəy - gənc, yaraşıqlı, igid bir oğlan.

Səadət xanım – gənc və gözəl bir qız.

Əziz - Rəşid bəyin dostu.

Şamah - Səadət xanımın dayəsi.

Yaşıllığa, gül-çiçəyə bürünmüş, ucu-bucağı görünməyən gözəl bir bağ. Sağ tərəfdə taxtadan düzəldilmiş söhbət köşkü. Sol tərəfdə bağban koması. Səadət və Şamah gəzişə-gəzişə köşkə yaxınlaşır. Səadət pəjmürdə halda köks ötürərək skamyaya çökür. Şamah da yanpörtü halda onun yanından oturur.

Şamah - Özün adlı-sanlı bir bəyin yeganə qızı olasan, on səkkiz yaşın ola, gözəllikdə mələklər səninlə bəhsə girə, di gəl, həmişə bikef gəzəsən, bu dünyada heç nədən zövq ala bilməyəsən... Heç başa düşə bilmirəm səni.

Səadət - Eh, Şamah, Şamah... Qəlbin məsudluğu üçün bunlar o qədər də vacib şərtlər deyil.

Şamah - Bilirəm... Etiraf etmək istəməsən də, qəlbin sevgi həsrətilə alovlanır. Sevgisiz həyat bədbəxtlik, qəm-qüssə deməkdir.

Səadət - (Xəfifcə gülümsəyir.) Nəhayət ki... anladın.

Şamah - (O da gülümsünür.) Tələsmə. Eşitmişəm lap bu yaxınlarda sərvəti, nəcabətilə məşhur olan Əsgər ağa sənə elçi göndərəcək.

Nə istəyirsən, eşidən-bilən elə indidən bu izdivaca həsəd aparır.

Səadət - Ah, əziz dayəm Şamah... Məsələ də elə bundadır də. Güman edirsən ki, belə bir evlilik məni xoşbəxt edəcək? Mən onun xasiyyətinə bələd deyiləm. Bəlkə o heç məni sevmir. Ah, belə bir uşağa ərə getməkdənsə, daim anamın və sənin yanında qalmağı mən nə qədər xoş bir səadət hesab edərdim. Əsgər ağanın ata-anası öz oğullarını evləndirmək istəyirlər, lakin fikirləşmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar. Biri öz oğulları, biri də gələcək gəlinləri... Bəli, əzizim, kədərimin, qəmimin əsas səbəbi əslində budur.

Şamah - (Təəcüblə.) Nədi, sən Kazım xanın oğlundan imtina etmək istəyirsən? Bu günlərdə onlar elçilərini göndərəcəklər. O tərəf, bu tərəf bu toya təmtəraqla hazırlaşır. Sən nə etmək istədiyini heç başa düşürsənmi?

Səadət - Bilmirəm, bilmirəm... Lap başımı itirmişəm...

Elə bu an bağın dərinliklərindən ecazkar bir oxuma səsi eşidiılır. Kimsə sanki çox yanıqlı səslə uzaqlarda qalmış sevgilisinə qəlbinin fəryadlarını çatdırmaq istəyir.

 

Rəşid bəy və Səadət xanım-1


 

- Allah, yenə bu səs? Bu yanıqlı oxuma? Dəli oluram bu avazdan, bu sözlərdən. Kimdir, kimdir axı belə hüzn dolu səslə oxuyan? Nə oldu, Şamah, bir şey öyrənə bilmədinmi?

Şamah - Bağın hər yerinə getdim, ən uzaq künclərinə uşaq göndərdim, möcüzədi, bir kimsəyə rast gəlmədik. Elə bil bağ sehrlənib, hərdən beləcə oxuyur öz-özünə.

Səadət - Təzə bağbanlardan soruşaydın. Bəlkə onlar görüblər bağda kimisə.

Şamah - Axı kim ürək edib keçə bilər bu bağa? Bir də... bir şeyə şübhəli qalmışam, elə o təzə bağbanlar gələndən başladı bu oxuma. Ancaq inana bilmirəm ki, o qoca ilə yanındakı köməkçi oğlan belə oxuya bilsin.

Səadət - Get, get yenə də uzaqdan xəlvəti bax onlara.

Şamah gedir. Oxuma səsi davam edir. Səadət heyranlıqla, məftunluqla dinləyir. Sonra öz-özünə pıçıldayır:

“İlahi, bu sehrkar səs bütün ruhumu yerindən oynadır, məni başqa bir aləmə, yeni bir dünyaya haraylayır.”

Səhnə qaranlıqlaşır. Səhnənin solundan bağban koması işıqlanır. Əziz oturub. Yaşlı adam qiyafəsindəki Rəşid var-gəl edərək danışır.

Rəşid - On gün olur, düz on gün... Bu lənətə gəlmiş qoca paltarında, bığ-saqqalda, bu iyrənc daxmada bağban rolu oynayıram. Nə var-nə var, bəlkə hərdən o mələksimanı görə bildim, bir məqam tapıb qəlbimi ona açdım. Di gəl onu görən kimi əl-qolum bağlanır, dilim-ağzım tutulur. Bu gedişlə biz düz bir il də keçsə, heç nə edə bilməyəcəyik. Sərsəm-sərsəm mahnı oxumaqdan başqa... Ah, müsəlmançılığın bu adəti olmayaydı da... Sevgililər belə toy gününə qədər bir-birinin üzünü görə bilməz... Eh səni...

Əziz - Sevimli dostum, səndən ötrü lap dünyanın o başına da getməyə hazıram, lakin evdən-eşikdən olub gəlib günlərlə burda lövbər salmağımız heç ürəyimcə deyil. Birincisi, ona görə ki, Səadətin anası Tutu xanım qızını var- dövləti başından aşan Kazım xanın oğluna vermək niyyətilə sənin elçilərini geri qaytardı. Baxmayaraq ki, onların evində həmişə sənin barəndə yaxşı rəy dolaşıb. Tutu xanımın sərvəti və rütbəni sənin alicənablığından üstün tutması atanın təhqirinə səbəb oldu və sənə bir daha bu qızın adını çəkməyi qadağan etdilər. Sən isə gizlincə qaçıb gəldin bura, məni də özünə yoldaş etdin.

Rəşid - Mənim vəfalı dostum Əziz... Yadındadı, bir neçə ay öncə quldurların əlindən xilas etdiyimiz Mərdan adında oğlan? Onlarda qonaq qaldığımız gecə? Mərdanın anasının, bacısının, ən əsas da arvadının bizə göstərdiyi hörmət, mehribanlıq? Nədənsə son günlər tez-tez yadıma düşür Mərdanla arvadının bir-birlərinə bəslədikləri qayğı, nəzakət, səmimiyyət... Və özümün nə qədər yalqız, tək olduğumu hiss edirəm, qeyri-iradi halda qəm-qüssəyə qapılıram...

Əziz -Hə, qısası, sənə evlənmək lazımdı, səni ürəkdən sevən, nazını çəkən, qayğına qalan həyat yoldaşı lazımdı.

Rəşid - Hə, düz tapmısan. Elə bir yoldaş ki, Mərdanın arvadı kimi yorğun və dalğın hallarımda, təhlükəli zamanlarda mənə təsəlli versin.

Əziz - Bəli, bu fikir çoxdandı mənim də başımda dolaşır, sənə evlənmək lazımdı... Gözəl bir əmiqızın var, uşaqlıqdan ata-anası tərəfindən sənə deyikli olduğunu söyləyirlər. Sənə görə neçə-neçə elçini geri qaytarıblar.

Rəşid - Ah Əziz... mən o gözəl əmiqızımı təxti-səltənətdən məhrum etmək istəmirəm. Bir də ki, kim bilir, bəlkə gələcəkdə o, məni heç sevməyəcək. Bu deyikli məsələsi də müsəlmançılığın heç məni açan işi deyil.

Əziz -Yaxşı, bunu bildik, anladıq. Bəs qonşu bəyin qızına nə deyirsən? Yaxşıca sərvəti də var, gözəlliyi də öz yerində. Ata-ananın da yeganə övladı. Qızın da çoxdandı səndə gözü var.

Rəşid - Bax, bu daha pis... Yeganə övlad şərt kəsib ki, mən gərək ata-anamı, rəiyyətimi atıb onların evində yaşamağı qəbul edəm. İndi sən özün de, mən tanımadığım, bilmədiyim bir qızdan ötrü candan əziz atamı, gözəl yurdumu, vəfalı rəiyyətimi atıb qonşu bəyə xidmət edə bilərəmmi?

Əziz - Deməli, Səadət xanımdan başqa adamın qalmır?

Rəşid - Bilmirəm, bəlkə də bu bir alın yazısıdır, tale qismətidir. Mən onu görən kimi hiss etdim ki, qəlbimdə həmişə surətini yaşatdığım qız məhz budur. Gözəlliyi, rəhmdilliliyi, hamıya xeyirxahlıq etməyə çalışdığını eşidincə fikrim daha da qətiləşdi. Səadət yoxsulların və dilənçilərin pənahıdır. Təsəvvür et ki, həftədə bir gün o malikanəsinin qapılarını açır, ətrafdakı dilənçiləri qəbul edir, onlarla hal-əhval tutur, ehtiyaclarını ödəyir, dərdi olanlara şəfqət, təsəlli verir. Mən də ilk dəfə onu yaxından görmək üçün dilənçi paltarı geyib getməmişdimmi? Ancaq onun gözlərində elə bir nur parlayırdı ki, sanki gözlərim qamaşır, heç nə görə bilmirdim. Ürəyim şiddətlə döyünür , özümü itirərək yıxılmamaq üçün güclə dayanırdım ayaq üstə. O mənə deyəndə ki, möhtərəm qoca, məndən nə xahiş edirsiniz, inan, dilimi tərpədib bir söz deyə bilmədim.

Əziz - Ah, əziz dostum, sən əməlli-başlı vurulmusan ki... Allah sənə yar olsun, indi bəs nə etmək fikrindəsən?

Rəşid - Bilmirəm... bilmirəm. Ürəyim məni nəyəsə arxayın edir. Bax, onun üzüyü... içəriyə adı da yazılıb. Bağdan tapmışam. Bu təsadüfün özündə nəsə bir sirr var. Hər necə olsa da, onun qəlbini fəth etməyə, sevgisini qazanmağa çalışacağam.

Əziz - Belə qocaman bir bağban rolu oynamaqlamı?

Rəşid - Nə üçün qoca bağban rolu ilə? Niyə, mənim başqa silahım yoxmu?..

Rəşid oxumağa başlayır. Bu əvvəlki şəkildə eşitdiyimiz mahnıdır. Rəşidin bütün sevgisi, iztirabı, həsrəti bu mahnıdan süzülüb axır.

Aralıda Şamah görünür. Diqqətlə mahnı oxuyan “qoca bağbanı” izləyir. Sonra qaçıb gedir.

(Ardı var...)

17 dekabr 2014
GO BACK