Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-6

A.K.Doyl "Baskervillərin iti"-6

Altıncı fəsil

Baskervil-Holl

Ser Henri Baskervil ilə doktor Mortimer şənbə gününə kimi öz işlərini qurtardılar və biz əvvəldən şərtləşdiyimiz kimi Devonşirə yola düşdük. Mister Şerlok Holms məni vağzala yola salarkən bütün yol uzunu lazımi göstərişlər və məsləhətlər verirdi. O dedi:

– Uotson, mən sizə kimdən şübhələndiyimi, fikrimdə nələr olduğunu deməyəcəyəm; ona görə deməyəcəyəm ki, sizdə qabaqcadan müəyyən fikirlər əmələ gəlməsin. Mənə müfəssəl surətdə yazılmış faktlar lazımdır; o ki qaldı onların bir-birilə müqayisəsi və həlli, bunu mən özüm edəcəyəm. Məni hər şey maraqlandırır, xüsusilə gənc Baskervillə onun qonşuları arasında olan əlaqə. Bir də ki, ser Çarlzın ölümünə aid yeni bir şey bilsəniz, onu da qeyd edərsiniz. Son günlərdə mən öyrənmişəm ki, ser Çarlzın ser Henridən sonra ən yaxın varisi olan Ceyms Desmond, doğrudan da, çox gözəl, hörmətli, ahıl bir adamdır, bütün bu fitnə-fəsadda onun əli yoxdur.

– Ər-arvad Berrimorlardan dərhal yaxa qurtarmaq yaxşı olmazmı?

 

A.K.Doyl "Baskervillərin iti"-6

 

– Qətiyyən! Bu, ən böyük səhv olardı! Əgər onlar müqəssir deyillərsə, bu, haqsızlıq olar, yox, əgər müqəssirdirlərsə, onda daha onları axtarıb tapmaq olmaz. Yox, yox! Qoy onlar elə bu qayda ilə şübhə altında qalsınlar. Bir də, əgər yanılmıramsa, orada bir mehtər, iki fermer də var, bundan başqa bizim dostumuz doktor Mortimer də arvadı ilə orada yaşayır, onun arvadı haqqında bizə heç bir şey məlum deyil; doktor Mortimer, görünür çox təmiz adamdır. Stepltonla bacısını da yaddan çıxarmayın; deyilənə görə o, çox cazibədar, cavan bir qadındır. Lefter-Hollun sahibi mister Frenklend də naməlum bir şəxsiyyətdir. Bir də ki, ser Henrinin iki-üç başqa qonşusu. Bax, bu adamlar gərək sizin müşahidəniz altında olsunlar.

– Çalışaram ki, biabır olmayım.

– Silah götürmüsünüzmü?

– Bəli.

– Lap yaxşı! Tapanca gecə də, gündüz də üstünüzdə olsun, bir an da olsa, sayıqlığınızı itirməyin.

Qatar tərpənəndə Holms hamı ilə sağollaşdı:

– Di, yaxşı yol! Ser Henri, o qədim əfsanəni və o əfsanədə yazılan tapşırığı unutmayın: gecələr, şər qüvvələr  hökmranlıq  etdikləri zaman  torf bataqlığına getməkdən çəkinin.

Mən pəncərədən baxıb uzaqda Holmsın uca, arıq bədənini gördüm: o sakitcə vağzalın platformasında durub, uzaqlaşmaqda olan qatara baxırdı.

Qatar sürətlə hərəkət edirdi; mən özümü çox yaxşı hiss edirdim; yol yoldaşlarıma baxır, doktor Mortimerin spanieli ilə əylənirdim. Gənc Baskervil pəncərədən ayrılmırdı, ata-baba yurdu olan Devonşirin mənzərələrini gördükdə sevinclə çığırıb dedi:

– Doktor Uotson, mən buradan gedəndən sonar çox-çox yerlər görmüşəm, amma bu yerləri heç bir yerlə müqayisə etmək olmaz.

Qatar kiçik, ucqar bir stansiyada dayandı; biz vaqondan düşdük. Bir neçə dəqiqədən sonra Baskervillərin mehtəri Perkinsin idarə etdiyi ekipaj Baskervil-Holla istiqamət götürdü. Yolun hər iki tərəfində yaşıl yamaclar görünürdü. Henri Baskervil maraqla ətrafa baxaraq fərəh və sevinclə səslənir, bizə bir-birinin ardınca çoxlu suallar verirdi. Onun nəzərində burada hər yer gözəldi.

 

A.K.Doyl "Baskervillərin iti"-6

 

Doktor Mortimer birdən çığırdı:

– Bir baxın! O nədir?

Bizim qarşımızda ardıc ağacları bitmiş dik bir təpə canlandı; Təpənin başında, tüfəngini əlində hazır tutmuş bir atlı görünürdü. Atlı biz gəldiyimiz yola baxırdı.

Doktor Mortimer soruşdu:

– Perkins, bu nə deməkdir?

Sürücü bizə sarı dönərək dedi:

– Ser, Prinstaun dustaqxanasından bir məhbus qaçıb. İndi üç gündür onu axtarırlar. Bütün yollara, stansiyalara keşikçilər qoyublar, ancaq hələ tuta bilməyiblər. Hər kim onun yerini xəbər versə, ona beş funt verəcəklər. Ancaq buna ümid çox azdır, o qaçan dustaq adamın başını kəsə bilər! Belə bir adam heç nədən çəkinməz. O, xırda-xuruş oğrulardan deyil.

– Axı o kimdir?

– Seldendir. Nottinq-Hilldə adam öldürmüşdür.

Seldenin əhvalatı mənim yaxşı yadımdadır, çünki vaxtilə Şerlok Holms bu məsələ ilə məşğul olmuşdu: cinayətin amansızlığı, qatilin bütün hərəkətində gözə çarpan vəhşilik onu maraqlandırmışdı. Bu cinayət o qədər dəhşətli bir cinayət idi ki, hakimlər Seldenin ağlı başında olmasına şübhə etmişdilər, buna görə də onu edam etmək əvəzinə həbsxanaya salmışdılar.

Kolyaska təpəyə qalxdı. Burada əsən soyuq külək bizim iliyimizə işləyirdi. Ağacların üstündən iki hündür dar qüllə yüksəlirdi. Sürücü əlindəki qamçı ilə onları göstərərək dedi:

– Baskervil-Holl oradır!

Malikanənin sahibi kolyaskanın içində ayağa qalxdı, onun yanaqları qızardı, gözlərində od parıldadı. Biz bir neçə dəqiqədən sonra naxışlı çuqun bir darvazaya yaxınlaşdıq; darvazanın hər tərəfində yosun basmış bir sütun, hər sütunun da üstündə Baskervillərin gerbi olan qaban başı vardı.

Gənc Baskervil ətrafına nəzər saldı:

– Kim olur-olsun, burada qorxuya düşə bilər. Eybi yox, heç altı ay da keçməz ki, mən buraya elektrik işığı gətirərəm, onda siz bu yerləri heç tanımazsınız.

Bizim ekipaj evin qabağında dayandı. Evin hər tərəfini qara sarmaşıq bürümüşdü. Binanın bu hissəsində, mazğalları olan iki qədim, diş-diş qüllə yüksəlirdi. Ucaboylu bir adam eyvandan düşüb ekipajın qapısını açdı.

– Ser Henri, Baskervil-Holla xoş gəlmisiniz!

 

A.K.Doyl "Baskervillərin iti"-6

 

Evin qapısı ağzında bir qadın silueti göründü. O da bizə yaxınlaşdı, çamadanları kolyaskadan çıxarmaqda ucaboylu kişiyə kömək etdi.

Doktor Mortimer dedi:

– Ser Henri, mən buradan birbaş evimə getsəm, etiraz etməzsiniz ki? Arvadım məni gözləyir.

– Qalın bizimlə nahar eləyin!

– Yox, qala bilmərəm. Mən gedəndən sonra, yəqin, çoxlu iş yığılıb. Berrimor sizi evlə tanış edər. Sağ olun! Yadınızda saxlayın: nə vaxt mən sizə lazım olsam, dalımca adam göndərin.

Çarxların səsi get-gedə yavaşıyaraq, xiyabanın içərilərində eşidilməz oldu; ağır qapı bizim ardımızca örtüldü. Biz bir otağa girdik; bu, çox gözəl, iri, hündür, bir otaq idi. Qədim buxarıda odunlar çarta-çatla, fısıldaya-fısıldaya yanırdı.

Ser Henri dedi:

– Mən buranı elə belə də təsəvvür edirdim. Əsl ata-baba yurdudur, eləmi? Bir təsəvvür edin: mənim babalarım, ulu babalarım beş əsr burada yaşamışlar!

Berrimor top qara saqqallı, solğun, xoş simalı, boylu-buxunlu, xoş bir adamdı. O, çamadanlarımızı otaqlara apardı, sonra qayıdıb bizim qarşımızda hörmətlə baş əydi.

– Ser, buyurursunuzmu yemək gətirim?

– Hazırdırmı?

– Ser, bir neçə dəqiqədən sonra hazır olacaq. İsti su sizin otağınızdadır.

Bu qədim evin yuxarı mərtəbəsi dörd tərəfdən sürahılı eyvan idi. Bina boyu dəhliz uzanıb gedirdi, bütün yataq otaqlarının qapısı bu dəhlizə açılırdı. Mənim yataq otağım Baskervilin otağı ilə qonşu idi. Aşağı mərtəbədə olan yemək otağı yarımqaranlıq idi. Baskervillərin qədim ata-babalarının divara vurulmuş şəkilləri bizə baxır, bu baxışlar bizi daha da sıxırdı. Nədənsə söhbətimiz alınmırdı. Yeməyi qurtarıb, papiros çəkmək üçün bilyard otağına keçdik.

Ser Henri dedi:

– Burada ürəkaçan bir şey yoxdur. Mənim əmimin bu evdə tək yaşayıb əsəbiləşməsi heç də təəccüblü deyildir. Yaxşı da, gəlin öz otağımıza gedək. Bəlkə, səhər bura bizə çox da elə cansıxıcı görünmədi.

Mən yorulsam da, gözümə yuxu getmirdi. Haradasa hər on beş dəqiqədən bir vuran saatın səsi eşidilirdi, evə çökən ağır sükutu bundan başqa heç bir şey pozmurdu. Birdən gecə yarısının bu dərin səssiz liyi içərisində qulağıma lap aydınca bir səs gəldi – bir qadın içini çəkə-çəkə boğuq səslə ağlayırdı. Mən çarpayıda dikələrək diqqətlə qulaq asdım. Kim isə uzaqda deyil, bu evin içində ağlayırdı. Bir azdan bu səs kəsildi və mən saat səsindən və divara sırmaşan qara sarmaşığın xışıltısından başqa ayrı bir şey eşitmədim.

(Ardı var...)

3 noyabr 2014
GO BACK