Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-5

A.K.Doyl "Baskervillərin iti"-5

Beşinci fəsil

İtirilən izlər

Biz mehmanxanaya girəndə vestibülün növbətçisi dedi:

– Ser, Henri Baskervil sizi yuxarıda gözləyir. O xahiş etmişdir ki, qonaqlar gələn kimi onları mənim  yanıma gətirin.

Biz yuxarı mərtəbəyə qalxdıq, pilləkan başında ser Henri Baskervilə rast gəldik. O acığından qıpqırmızı  qızarmışdı,  toz  basmış  köhnə ayaqqabısının bir tayını əlində tutmuşdu. Bizi görən kimi çığıraraq dedi:

– Yoxsa məni bu mehmanxanada axmaq-zad hesab eləyirlər? Mən belə zarafatlara yol vermərəm! O səfeh mənim ayaqqabımı tapmasa, dava salacağam! Mister Holms, mənim də zarafatdan xoşum gəlir, amma buradakı oyunbazlar, deyəsən, bu dəfə bir balaca şit eləyiblər…

– Hələ də itən ayaqqabınızı axtarırsınız?

– Bəli, onu axtarıram, tapmayınca sakit olmayacağam!

– Axı siz deyirdiniz ki, itən ayaqqabı açıq-qəhvəyi rəngdədir?

– Bəli, ser, əvvəl itən qəhvəyi ayaqqabım idi, amma indi bu əhvalat qara ayaqqabının da başına gəlib.

Henri xidmətçini hədələyib sonra üzünü Holmsa çevirdi:

– Mister Holms, belə boş şeylərlə sizi narahat etdiyim üçün, rica edirəm, məni bağışlayın…

– Bu “boş” şeylərdən ötrü narahat olmağa dəyər.

– Deyəsən, bu məsələ Sizi maraqlandırır?

Holms dalğın halda dedi:

– Bəli, bu, doğrudan da, qəribədir…

Biz nahar edərkən vaxtımızı çox xoş keçirtdik və bizi bir araya toplayan məsələyə ötəri toxunduq. Ancaq ser Henrinin otağına keçəndən sonra Holms ondan gələcək işləri haqqında bəzi şeylər soruşdu.

– Mən Baskervil-Holla gedəcəyəm.

– Nə vaxt?

– Bu həftənin axırında.

Holms:

– Mən sizin bu qərarınızı düzgün hesab edirəm, – dedi. – Londonda sizi güdürlər, indi mənim buna heç şübhəm yoxdur. Lakin belə böyük bir şəhərdə onların kim olduğunu və sizdən nə istədiklərini təyin etmək çətindir. Əgər onlar pis niyyətlə hərəkət edirlərsə, siz təhlükə qarşısındasınız... Doktor Mortimer, Dartmurda sizin qonşularınızın, ya da dostlarınızın arasında qarasaqqal bir adam varmı?

A.K.Doyl "Baskervillərin iti"-5

– Xeyr, yoxdur… yox, dayanın… Əlbəttə var! Ser Çarlzın lakeyi Berrimorun saqqalı qaradır.

– Belə! O indi haradadır?

– Baskervil-Hollda. Ev onun himayəsində qalıb.

– Yoxlamaq lazımdır, görək o doğrudanmı Londonda yox, Baskervil-Holldadır.

– Bunu necə etmək olar?

– Mənə bir teleqraf kağızı verin. «Ser Henrini qəbul etməyə hazırsınızmı». Adresini də belə yazırıq. «Baskervil-Holl, mister Berrimora». Orada sizə ən yaxın olan teleqraf şöbəsi haradadır? Qrimpendə! Çox gözəl! İkinci teleqramı da Qrimpenə,  teleqraf  şöbəsi  rəisinin  üstünə göndəririk. Yazırıq ki, «Xahiş olunur Berrimora göndərilən teleqramı onun öz əlinə verəsiniz. Orada olmasa, geri göndərin. Norsamberlend mehmanxanasına ser Henri Baskervilə». Belə. Berrimorun öz yerində olub-olmamasını axşamüstü biləcəyik.

Baskervil dedi:

– Çox gözəl! Yeri gəlmişkən qoy bir şey soruşum: doktor Mortimer, bu Berrimor deyilən necə adamdır?

– O, malikanəni idarə edən mərhum Berrimorun oğludur. Baskervil-Hollda yaşayan Berrimorların dördüncü nəslidir. Mənim bildiyimə görə o da, onun arvadı da çox abırlı adamlardır.

Holms soruşdu:

– Ser Çarlz Berrimora bir şey veriləcəyini vəsiyyət etmişdirmi?

– Ona da, arvadına da – hərəsinə beş yüz funt verilməsini vəsiyyət etmişdir.

– Belə! Onlar bunu əvvəldən bilirdilərmi?

– Bəli, bilirdilər. Ser Çarlz öləndən sonra onun vəsiyyəti ilə kimə nə veriləcəyi haqqında danışmağı xoşlardı.

– Bu qəribədir.

Doktor Mortimer dedi:

– Mən əminəm ki, Siz ser Çarlzın vəsiyyəti ilə pul alanların hamısını şübhə altına almayacaqsınız! O, məndən ötrü də min funt ayırmışdır.

– Belə de! Daha kimə?

– Vəsiyyətnamədə müxtəlif adamlara çatacaq çoxlu xırda məbləğlər, xeyriyyə işləri üçün böyük ianələr göstərilmişdir. Bütün irs isə ser Henriyə qalmışdır.

– Tutaq ki, bizim gənc dostumuzun başına bir iş gəldi… Hərçənd bu yaxşı fikir deyil, ancaq məni bağışlayın… Onda bu irsə kim sahib olacaq?

– Baskervil-Holl, Ser Çarlzın uzaq qohumları olan Desmondlara çatacaq. Ceyms Desmond ahıl bir adamdır, özü də keşişdir, Vestmorlenddə yaşayır.

– Təşəkkür edirəm. Bütün bu məlumat son dərəcə maraqlı məlumatdır. Siz heç mister Ceyms Desmondu görmüsünüzmü?

– Bəli, görmüşəm, bir dəfə o, ser Çarlzın yanına gəlmişdi. Ceyms Desmond üzdən çox möhtərəm adama oxşayır. Yadımdadır, ser Çarlz ona pul vermək istədi, nə qədər dilə tutdusa, Desmond qəbul etmədi.

Holms Henri Baskervilə müraciət etdi:

– Ser Henri, sizi Devonşirə tək buraxmaq olmaz. Siz gərək özünüzlə sədaqətli bir adam aparasınız, elə bir adam ki, o həmişə sizin yanınızda olsun.

– Mister Holms, doğrudanmı siz özünüz getməyə razı olursunuz?

– İş böhranlı vəziyyət alsa, mən birtəhər vaxt tapıb sizin yanınıza gələrəm. Mənim məsləhət gördüyüm adam budur – Holms mənə işarə etdi. – Çətin dəqiqələrdə ona arxayın olmaq olar, mən bunu öz təcrübəmdə görmüşəm.

Mən qətiyyən belə bir təklif gözləmirdim, lakin ser Henri mənim cavabımı gözləmədən əlimi bərk-bərk sıxaraq silkələdi.

– Doktor Uotson! Bu sizin tərəfinizdən böyük yaxşılıq olardı! Baskervil-Holla getsəniz və orada mənimlə bərabər qalsanız, mən bunu heç vaxt unutmaram!

Mən dedim:

– Mən sərgüzəştli həyatı sevirəm. Məmnuniyyətlə sizinlə Baskervil-Holla gedərəm.

Holms:

– Doktor Uotson, işin gedişi haqqında mənə yazılı surətdə müfəssəl hesabat göndərərsiniz.

Biz ayağa qalxdıq, xudahafizləşib ayrılmaq istəyirdik ki, birdən ser Henri çığırdı və sevinə-sevinə bucaqdakı şkafın altından açıq-qəhvəyi ayaqqabısının tayını çıxartdı.

– Bu da mənim itən ayaqqabım!

Şerlok Holms fikirli halda dedi:

– Qoy başqa məsələlər də belə asanlıqla həll olunsun!

Doktor Mortimer:

– Hər halda bu, çox qəribədir, – dedi. – Nahardan qabaq mən bütün otağı axtarmışdım.

A.K.Doyl "Baskervillərin iti"-5

İkicə günün içərisində gözümüz qarşısında dalbadal bir neçə izahedilməz hadisələr baş vermişdi; qəzet sözlərindən düzəlmiş məktub, kebdəki na məlum, saqqallı adam, əvvəl qəhvəyi rəngli təzə ayaqqabının, sonra da köhnə qara ayaqqabının bir tayının itməsi, indi də qəhvəyi ayaqqabının tapılması…

Beyker-stritə gedərkən Holms kebdə bircə kəlmə də danışmadı. Onun çatılmış qaşlarından, gərgin baxışlarından aydın olurdu ki, o da mənim kimi sanki bir-birilə bağlı olmayan bu qəribə hadisələrin məntiqini tapmaq istəyir. Evə gələndən sonra o öz kabinetinə girdi, qatı tütün tüstüsü içində fikrə dalaraq bütün günü bayıra çıxmadı.

Şam yeməyindən qabaq bizə iki teleqram verdilər. Teleqramlardan birində yazılmışdı: «İndicə məlumat verildi. Berrimor evdədir. Baskervil».

İkinci teleqram bu məzmunda idi:

– «İyirmi üç mehmanxananı gəzdim, təəssüf ki, Tayms”-ın kəsilmiş səhifəsini tapmadım. Kartrayt».

– Uotson, budur, izin ikisi də itdi.

– Ehtiyatda hələ o naməlum adamı aparan sürücü var.

– Doğru deyirsiniz. Ümidi itirmək olmaz.

Elə bu an qapı ağzında yekəpər bir adam göründü. O bizi görən kimi sözə başladı:

– İdarədə mənə dedilər ki, bu ünvandan iki min yeddi yüz dörd nömrəni soruşurlar. Mən yeddi ildir ki, keb sürürəm, hələ indiyə kimi özümdən heç bir şikayət eşitməmişəm. Dedim ki, qoy özüm gedim, qoy mənim gözümün içinə desinlər, görüm mənim təqsirim nədir.

Holms:

– Dost, – dedi, – sizin heç bir təqsiriniz yoxdur. Əksinə, mən sizə yarım suveren verəcəyəm, ancaq siz mənim sualıma düzgün cavab verin.

Sürücü qımışdı:

– Doğru deyiblər ki, adam başına gələni bilmir! Sizə nə lazımdır, ser!

– Hər şeydən əvvəl sizin familiyanız və ünvanınız, bəlkə, yenə də mənə lazım oldunuz.

– Con Kleyton, Borouda yaşayıram, Tarpi-strit, nömrə üç. Kebim Vaterloo vağzalının yanında durur.

Şerlok Holms bunların hamısını yazdı.

– Kleyton, indi siz mənə öz sərnişininizdən danışın: o adam bu gün səhər saat onda bu evə göz qoyurdu, sonra da Ricent-stritdə iki centlmeni güdürdü.

Sürücü təəccüblə Holmsa baxdı və görünür, bir qədər qorxdu.

– Siz ki bunu məndən pis bilmirsiniz, mən daha sizə nə deyim. O mənə dedi ki, mən xəfiyyəyəm, özü də tapşırdı ki, bunu heç kəsə deməyim.

– Dost, bilirsiniz nə var, bu, çox ciddi məsələdir, məndən bir şey gizlədib-eləsəniz çox pis bir vəziyyətə düşə bilərsiniz. Deməli, o dedi ki, xəfiyyəyəm?

– Bəli, ser.

– Bunu o sizə haçan dedi?

– Mənə pul verəndə.

– O daha bir şey dedimi?

– Öz familiyasını da dedi.

Holms məmnun halda gülümsəyərək mənə baxdı.

– Öz familiyasını? O, çox böyük ehtiyatsızlıq eləyib! Yaxşı, onun adı nədir?

– Onun adı mister Şerlok Holmsdır.

Sürücünün cavabı mənim dostumu tamamilə sarsıtdı. Mən hələ indiyə kimi onun üzündə belə şaşqın ifadə görməmişdim. O, bir-iki dəqiqə susdu, sonra qəhqəhə ilə güldü.

A.K.Doyl "Baskervillərin iti"-5

– Uotson, bir zərbəyə baxın! Nə sərrast endirilmiş zərbədir! O nə sürətdə, nə də sərrast zərbə endirməkdə məndən geri qalmır. Bu dəfə o məni barmağına doladı. Deməli, onun adı Şerlok Holmsdır, hə?

– Bəli, ser, o özü belə dedi.

– Çox gözəl! İndi siz mənə deyin görüm: bu adam sizə harada rast gəldi və sonra nə oldu?

– O məni səhər saat doqquzun yarısında Trafalqar-skverdə səslədi. Dedi ki, mən xəfiyyəyəm, əgər mənim əmrimi düzgün yerinə yetirsən, sənə iki gineya verəcəyəm. Məlum şeydir ki, belə bir pulu rədd eləməzlər. Mən onu «Norsamberlend» mehmanxanasına aparıb orada dayandım. Sonra oradan iki centlmen çıxdı, birjadan keb çağırdılar, kebə minib sizin küçəyə gəldilər. Biz də onların arxasınca gəlib kebi sizin evdən bir qədər uzaqda saxladıq. Orada biz, bəlkə, saat yarım gözlədik. Sonra o iki centlmen bizim yanımızdan keçib getdi, biz də onların ardınca Beyker-stritlə getdik, Risent-stritə çıxan kimi mənim sərnişinim üst pəncərəni qaldırıb çığırdı: «Qovun atı Vaterloo vağzalına!» Mən atı qamçıladım, on dəqiqədən sonra vağzala çatdıq. O, kebdən düşüb mənə iki gineya verdi! Özü də vağzala getdi. Gedəndə dönüb dedi: «Siz, yəqin, maraqlanırsınız ki, mən kiməm: mən Şerlok Holmsam». Bu əhvalat belə olub.

– O mister Şerlok Holms sir-sifətdən necə adamdır?

Sürücü peysərini qaşıdı:

– Bunu demək o qədər də asan deyil. Onun yaşı təxminən qırxa yaxın olar; boyu ortadır, sizdən, ser, bəlkə də, iki düymə alçaq olar. Geyimi təmizdir, saqqalı top qaradır, amma üzü solğundur. Daha bundan artıq bir şey deyə bilmərəm.

– Gözü nə rəngdədir?

– Bax bunu görmədim…

– Yaxşı da. Alın, bu da sizin yarım suvereniniz. Bu adam haqqında yenə də bir şey bilib-eləsəniz, suverenin o biri yarısını da alacaqsınız. Xudahafiz.

– Salamat qalın, ser. Təşəkkür edirəm!

Con Kleyton gülə-gülə çıxıb getdi. Holms isə çiyinlərini qısaraq gülümsədi və mənə sarı döndü. Onun təbəssümündə uğursuzluqdan doğan bir narazılıq ifadə olunurdu.

– Üçüncü izdən də bir şey çıxmadı. İndi zəhmət çəkib bütün işi təzədən başlamaq lazımdır. O kimdirsə yamanca şeydir! Başa düşüb ki, kebin nömrəsi qeydə alınıb, sürücünü axtarıb tapacaqlar, bu qərara gəlib ki, məni ələ salsın. Mənim sözümü yadınızda saxlayın, Uotson. Bu dəfə bizim qarşımızdakı bizə layiq olan bir düşməndir. Mən Londonda məğlub oldum. Ümid etmək lazımdır ki, siz Devonşirdə bunun əvəzini çıxacaqsınız. Bununla belə, bir şey məni çox narahat edir.

– Sizi narahat edən nədir?

– Sizin getməyiniz, Uotson, bu çox təhlükəlidir… Gülün, əzizim, gülün, hər halda, siz Beyker-stritə sağ-salamat qayıdıb gəlsəniz, mən buna çox sevinərəm.

(Ardı var...)

1 noyabr 2014
GO BACK