Qadin.NET / Səbahəddin Əli "Xəz dərili Madonna"

Səbahəddin Əli "Xəz dərili Madonna"

Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi bizdə də əvvəl hekayə və roman yazıçısı kimi tanınıb. Əslində bu, ədibin həyatı və yaradıcılığı haqqında daha çox söz deməyə imkan verir.

Səbahəddin Əli dövlət hesabına Almaniyada təhsil almış, geri döndükdən sonra Konya və Ankarada alman dili müəllimi olaraq çalışmışdır. 1932-ci ildə Konyada şeir məclisində Atatürkə həcv oxuduğu iddiası ilə tutulmuş və bir il həbs cəzası almışdır, lakin bir müddət sonra əvf olunmuşdur. Həbsdən sonra təhsil nazirliyində və Ankara Dövlət Konservatoriyasında işləmişdir. "İçimizdəki şeytan" romanı milliyyətçilərin qəzəbinə səbəb olmuş və yazara qarşı təzyiqlər artmışdır. Bu romandan sonra Səbahəddin bəy işdən çıxarılmışdır. Bundan sonra Əziz Nesin və Rüfət İlqazla "Marqo Paşa", "Mərhum Paşa" adlı siyasi-yumoristik dərgilər çıxarmışdır (1946-1947). Ancaq bu dərgilər də hökumət tərəfindən bağlanmışdır. S.Əli dərgidəki yazıları üzündən 3 ay həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ildə xaricə qaçmaq istərkən sərhəddə guya ona yol göstərməli olan Əli Ertəkin adlı dövlət işçisi tərəfindən xaincəsinə qətlə yetirilmişdir. Səbahəddin Əlinin məzarının yeri bilinmir.

Səbahəddin Əli "Xəz dərili Madonna"

“Xəz paltolu Madonna” (“Kürk mantolu Madonna”)  əsəri məktəb yoldaşı vasitəsilə bankda işə düzələn gəncin-Rasimin dili ilə nəql olunur. Rasim əsərin baş qəhrəmanlarından biri olan Raif əfəndi ilə bankda tanış olur və onun keçmiş həyatının açılmasında böyük rolu olur.

Raif əfəndi uşaqlıqdan utancaq, özünə qapalı, ata-anansının təbirincə desəm, “bir az qız xarakterli” təsvir olunur. Gənc yaşında atasının sənədini davam etdirmək üçün Berlinə gəlir. Burada o, həm sabun hazırlamağı öyrənir, həm də şəhərin müxtəlif yerlərində çoxlu sərgi, muzeylərə gedir. Bir gün rəsm qalareyasını gəzərkən bir portret qarşısında donub qalır. Bu rəsm Mariya Puderə məxsus olan “Xəz paltolu Madonna” portretidir. Şəkildəki təsvir olunan məsum, saf, solğun üzlü qadına aşiq olur və qeyri-ixtiyari hər gün bu portreti seyr etməyə gəlir. Təbii ki, bu ətrafdakıların diqqətindən yayınmır, rəsmin müəllifi onunla söhbət etməyi qərara alır. Raif əfəndinin həyatını dəyişən hadisələr elə buradan sonra başlayır.

Mariya Puder əsərin ikinci baş qəhramanıdır. Onu Raif əfəndi ilə müqayisədə daha açıqsözlü, qətiyyətli, kişi xasiyyətli obraz kimi görürük. Lakin onları bir çox oxşar xüsusiyyət  birləşdirir, bir-birlərini sevirlər. Müəllif Mariyanın dili ilə kişilərin qadınlarla münasibətdə özündənrazı hərəkətlərini tənqid edir.

“Kişilərin elə baxışları, təbəssümləri, xülasə, qadınlarla elə rəftarları var ki.. onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər. Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Elə hesab edirlər ki,  qadınların vəzifəsi onlara itaət etməkdən, hər nə istəyirlərsə, onları yerinə yetirməkdən ibarətdir.  Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm”.

Taleyin acı üzü bir gün onlara görünür. Atasının vəfatı ilə əlaqədar Raif əfəndi öz ölkəsinə, Mariya da Praqaya, anasının yanına gedir. Əvvəllər tez-tez məktublaşsalar da, bir gün bu məktublar kəsilir. Raif əfəndi özlüyündə Mariyanı xəyanətkar kimi ittiham edir, insanlardan daha da uzaqlaşır, heç kimə inanmamağa başlayır.

“Həyatda ən çox arxalandığım adama qarşı hiss etdiyim bu inciklik, küsü bütün insanlara qarşı münasibətimdə də özünü göstərdi. Çünki o, mənim nəzərimdə bütün insanlığın timsalı idi”. 

Raif əfəndi evlənir, uşaqları olur, amma, nə həyat yoldaşı, nə də övladları Mariyanın yerini doldura bilmir. Yalnız üstündən 10 il keçikdən sonra o, öyrənir ki, əslində Mariya ona xəyanət etməyib, o qızını, Raif əfəndinin qızını dünyaya gətirərkən dünyasını dəyişib. Bunu öyrəndikdə onun Mariyaya sevgisi daha da güclənir.

Əsər sadə, oxunaqlı üslubda yazılıb. Müəllif bədii suallardan istifadə ilə fikrini bizlərə çatdırmaq yolunu seçib. Zənnimcə, uğurlu da alınıb.

Xoşuma gələn cümlələri sizlərə çatdırmaq istəyirəm:

- İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.

- İnsanların münasibətini tənzim edən amillər nə qədər gülünc, nə qədər zahiri, nə qədər boş və mənasız olurmuş!

- İnsan səbr edib dözə bilməyəcəni zənn etdiyi şeyə alışır.

- İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir-birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydurur.

- Dünyada heç bir məxluq kişilər kimi asan müvəfəqiyyətin ardınca düşmür.

- Heç bir məxluq kişilər kimi özünə vurğun, xudbin, özünə güvənən, lakin eyni zamanda da qorxaq və rahatlıq düşkünü ola bilməz.

- Ruhumuzu alçatmadan işləmək istəməyimiz başqalarının xoşuna gəlmir.

- Eşq müxtəlif hissələrə parçalanıb dağılmaqla tükənmir.

Roman 1943-cü ildə Səbahəddin Əli tərəfindən qələmə alınıb. Azərbaycan dilinə B.Nəriman tərcümə edib.

Səmədova Jalə 

 Yüklə 

 

7 oktyabr 2014
GO BACK