Qadin.NET / Stefan Sveyq "Bir qadının həyatından 24 saat"

Stefan Sveyq "Bir qadının həyatından 24 saat"

Stefan Sveyq  alman roman yazarı, bioqrafiya yazarı, araşdırmaçı və publisisti olub. 1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ı, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya müharibəsinin son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Müharibə əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İlgiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin asərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Xüsusi ilə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir.
Əvvəlcə, onu qeyd edim ki, novellanı oxuyarkən yazıçının qadın duyğularını bu qədər dərin bilməsi və ifadə etməsindən təsirləndim. Boş yerə Freyd kimi dahinin (baxmayaraq, Freyd 30 il müddətində qadınları anlamadığını etiraf edib. wink ) təsirinə düşməyibmiş. Ümumiyyətlə, diqqət etmişəm Freyd təsirində olan əksər yaradıcı insanlar mütləq bir iz qoyub gediblər. Mövzunu dəyişmədən keçim əsas mətləbə. Kitab mağazasında "Bir qadının həyatından 24 saat" adlı kitab diqqətimi çəkdi, götürdüm müəllifinə də nəzər yetirdim, Stefan Sveyq olduğunu görüncə, dedim, vəssalam, bu kitabı almalıyam.  laughing
Novellada təsvir edilən hadisələr 1904- cü ildə Fransada Riveradakı pansionlardan birində baş verir. Bu kiçik pansionda fərqli millətlərə mənsub insanlardan ibarət olan bir qrup tətildədir. Həmin vaxt pansiona yerləşən gənc və yaraşıqlı fransızın gəlişi aləmi bir-birinə qatır. Bir gün həmin fransız pansionda həyat yoldaşı və 2 uşağı ilə tətildə olan Madam Anrietlə birlikdə yoxa çıxır. Qadının ərinə qoyduğu məktubdan onların birlikdə getdiyi aydınlaşır.
Bu hadisə qadının həyat yoldaşı və orada olanları bir sözlə desək şoka salır. Hamı qadını günahlandırmağa başlayır. Bir qadının 24 saat əvvəl tanış olduğu birinə qoşulub getməsini ağlasığmaz hesab edərək yemək süfrəsində bir yerə toplaşarkən yenə onu təqsirləndirməyə başlayıb, əxlaqsız adlandırırlar. Yalnız bir nəfər, bu hekayəni danışan şəxs qadını günahlandırmır, onu başa düşməyə, haqq qazandırmağa çalışır. Bəzən hislərin çox güclü təsiri ola biləcəyini, insanı ağlagəlməz hərəkətlərə vadar edə bildiyini deyir. Onun bu hərəkəti pansionda onlarla birlikdə tətildə olan yaşlı ingilis qadının diqqətini çəkir. Bundan sonra hadisələrin macərası tamam dəyişir, gənc fransız və Madam Anrietin əhvalatı unudulur və biz həmin yaşlı qadının hekayəsi ilə tanış oluruq. Qadın illər boyu içində gəzdirdiyi bir sirri bu adama etiraf etməklə oxucunu öz həyatının qəribə və kifayət qədər maraqlı olan bir günü - 24 saatı ilə tanış edir.
Stefan Sveyq "Bir qadının həyatından 24 saat"
Sveyq bu novellasında da digər əsərlərində olduğu kimi insan hislərinin dərinliklərinə varmağı bacarıb. Biz burada insan ruhunda olan qarmaqarışıq halları, qəlbindəki təlatümlü fırtınaları, hislərin nə dərəcədə güclü olduğunu, insan həyatını bir anda necə dəyişə biləcəyini, onu hansı ağlasığmaz davranışlara sövq edə biləcəyini və sadəcə bir günün - 24 saatın bir qadının və ya fərq etməz bir insanın həyatında necə silinməz izlər buraxdığını görə bilərik. (Novellanı oxuyarkən, bir anlıq Dostoyevskinin "Qumarbaz" əsərini də xatırladım. Oxşarlıq var.)
"Bir qadının həyatından 24 saat" novellasında təsvir edilən hər iki qəhrəmana, yaşlı qadın və gənc oğlana, hər ikisinə əslində psixoloji yardım lazım olub. Lakin onlar bu yardımı guya ki, özləri özlərinə etmiş olduğunu düşünərək, daha doğrusu hisslərə qapılaraq hərəkət edirlər və nəticəsi də göz qabağında. 
Novellanın necə bitməsini özüm qəsdən yazmıram ki, özünüz intizarda qalıb oxuyasınız. 
Xoş qiraətlər.  laughing
Qeyd: Xəbərdə Aybəniz Həsənovanın kitab haqqında qeydlərindən də istifadə edilib.

 Yüklə 

3 oktyabr 2014
GO BACK