Qadin.NET / Conatan Safran Foer “Dəhşət ucadan və inanılmaz yaxın”

Conatan Safran Foer “Dəhşət ucadan və inanılmaz yaxın”

Conatan Safran Foer “Dəhşət ucadan və inanılmaz yaxın”
Annotasiya
“Dəhşət ucadan və inanılmaz yaxın” (ingiliscə “Extremely Loud & Incredibly Close”) – yəhudi əsilli amerikan yazıçısı Conatan Safran Foerin gülməli, zərif, faciəvi və gözəl şəkildə qurulmuş bu romanında coşqun uşaq təxəyyülünün nadinclik və şuxluğu, eyni zamanda şiddətli uşaq ağrısı var. Foerin yaratdığı Oskar Şellin doqquz yaşı olmasına baxmayaraq, o artıq zəmanənin fəlakətləri ilə üzləşib və öz təkrarolunmazlığını sübuta yetirib.
Əsərdən seçilmiş hissələr
«Mən pasifistəm», yaşıdlarımın əksəriyyəti bu sözün mənasını bilmədiyindən, çevrildim və yerdə qalanlara dedim: «Hesab edirəm ki, insanı nəsil törətməkdən məhrum etmək düzgün deyil. Prinsipcə».
***
«Sənə sual verə bilərəm?» Ona tərəf döndüm və dedim: ««Sənə sual verə bilərəm?» ― bu artıq sualdır».
***
Məzəlidir hə? Ölülərin sayı artır, amma yerin ölçüsü dəyişmir. Tezliklə adamları basdırmağa yer qalmayacaq – bu o deməkdir? Keçən il doqquz yaşım tamam olanda nənəm National Geographic-ə abunə kartı hədiyyə etmişdi. Bir də ağ pencək vermişdi, çünki mən yalnız ağ şeylər geyinirəm. O da əynimə böyük oldu. Deməli, hələ çox gedəcək. Sonra iki səbəbdən xoşuma gələn babamın şəklini də hədiyyə etmişdi. Gedərkən bu şəkli niyə özü ilə aparmadığını soruşdum. O dedi: «Bəlkə istəyirmiş ki, sənə çatsın». Mən dedim: «Axı onda mənim mənfi otuz yaşım var idi». O dedi «Fərqi yoxdur». Qısası, National Geographic-dən oxuduğum ən zor şey o idi ki, hal-hazırda yer üzündə yaşayan insanların sayı bu vaxta qədər ölənlərin sayından çoxdur. Başqa sözlə desək, hamı birdən «Hamlet»i oynamaq istəsə, kimsə gözləməli olacaq, çünki hamıya kəllə çatmayacaq.
***
― Açarı de.
― Kim dedi ki, açar var?
― Açar həmişə var.
― Elmi cəhətdən sübut olunmayıb.
― Deməli, heç bir açar yoxdur?
― Əgər açarın yoxluğu açar deyilsə.
***
Sevinci daddım, hərçənd həddindən artıq az idi, məgər kifayət qədər sevinc olur? Əzabın sonu əzaba haqq qazandırmır, zira əzabın sonu olmur.
***
Fikirləşdim ki, gör nəyə çevrilmişəm, axmaq, necə axmaq və ağılsızam, necə vecsiz, necə yoxsul və yazığam, necə köməksizəm. Hətta saxladığım heyvanlar belə öz adlarını bilmir, bundan sonra mən nə adamam?
***
Həmin gecə çarpayıda uzanıb bir tərəfi Nyu-Yorkda hər yastığın altı ilə, digər tərəfi anbarla birləşdirilən xüsusi drenaj sistemi icad etdim. İnsanlar harda olurlarsa olsunlar, yatmamışdan qabaq ağlayanda yaşlar bir yerə axacaq, səhər isə meteoroloq göz yaşı anbarında suyun səviyyəsinin qalxıb-enməsi haqda məlumat verəcək. Və nyu-yorkluların ürəyində nə qədər ağrı olduğu hamıya məlum olacaq.
***
― Mənə quqlpleks sayda ehtiyat açar lazım olacaq.
― Quqlpleks?
― Quql dərəcədən quql.
― Quql?
― Bu, arxasında yüz sıfrı olan vahiddir.
***
Ancaq bir şeyi qeyd edə bilərəm: «Black» sözünün qırmızı qələmlə yazılması bir az qəribədir.
***
«Və sənin tonun xoşuma gəlmir». ― «Adi tondur». ― «Adi deyil, ittihamedicidir». ― «Mən heç «ittihamedici» sözünün mənasını bilmirəm, tonum necə elə ola bilər ki?»
***
― Nənə? Qəbul.
― Nədir, əzizim? Qəbul.
― Baba elə yaxşı adam idisə, niyə sən tərk etmişdi? Qəbul.
― O getmək istəmirdi. Elə etmək məcburiyyətində idi. Qəbul.
― Niyə məcburiyyətində idi? Qəbul.
― Bilmirəm. Qəbul.
― Və sən hirslənmirsən? Qəbul.
― Ona? Getdiyinə görə? Qəbul.
― Özünə. Niyə getdiyini bilmədiyinə görə. Qəbul.
Tanışlarını müəyyən edə bilən cihaz düzəltmək necə? Əgər küçədə gedən “Təcili tibbi yardım” maşınındakı adam ilə çöldəki adamların cihazları bir-birlərini müəyyən etməsəydi onda onun üstündə yazı yanardı:
Narahat olma! Narahat olma!
Yox əgər müəyyən etsəydi, onda maşının üstündə içəridəki adamın adı yanardı, ya da:
Ciddi bir şey yoxdur! Ciddi bir şey yoxdur!
yazısı, ciddi olsaydı, bu yazı yanardı:
Bu ciddidir! Bu ciddidir!
Bundan əlavə tanışlarını onları sevmə dərəcəsinə görə təsnif etmək olar və əgər “Təcili tibbi yardım”da olanın aparatı hamıdan çox istədiyi adamın və ya onu hamıdan çox istəyən adamın aparatını müəyyən edirsə və əgər “Təcili tibbi yardım”dakının vəziyyəti həqiqətən ağırdırsa, ölə bilərsə, onda belə bir yazı yana bilərdi:
Əlvida! Səni sevirəm! Əlvida! Səni sevirəm!
***
Bütün uşaqlar kimi keçmişin heç kimə lazım olmadığını fikirləşirdim. Təxmin etmirdim ki, keçmişə mən lazım ola bilərəm.
***
O yazmışdı: yenə uşaq olmaq istərdim, istərdim ki, bütün həyatım qabaqda olsun. Lazım olduğundan çox əzab çəkmişəm. Payıma düşən sevinc isə həmişə sevinc gətirməyib. İndi başqa cür yaşayardım. Sənin yaşda olanda babam mənə yaqut bilərzik almışdı. O böyük idi və qolumda oynayırdı. Qolbaq deyildi e, elə bil həmail idi. Sonralar babam boynuna aldı ki, zərgərdən belə etməsini özü xahiş edib. O istəyirdi ki, bilərzikin ölçüsü onun sevgisinin rəmzi olsun. Çoxlu yaqutlar – çox sevgi. Ancaq onu daşımaq işgəncə idi. Ümumiyyətlə, onu taxmırdım. Və sənə demək istədiyim əsas budur. Sənə bilərzik hədiyyə etmək qərarına gəlsəm, birinci iki dəfə biləyini ölçərdim.
Sevgilərlə
Nənən
***
Onun məni sevə bilib-bilməyəcəyi narahat etmirdi.
Məni narahat edən ona lazım olub-olmayacağım idi.
***
Evdəki tozun yetmiş faizinin epidermisimizin ən xırda hissələrindən ibarət olduğunu bilirsinizmi?
***
«Canlılardan yalnız insanlar qızarır, gülür, Allaha inanır, müharibə elan edir və öpüşür. Deməli, nə qədər çox öpüşsək, içimizdə bir o qədər insanlıq var». ― «Tez-tez müharibə elan etsək də?»
***
«və Cey Robert Oppengeymer…» ― «O kimdir ki?» ― «O, bombanı icad edib». ― «Hansı bombanı?» ― «Həmin bombanı». ― «Onda o görkəmli ixtiraçı deyil?!» ― «Görkəmli olmaq yaxşı olmaq demək deyil».
***
Bir də cüt nişan üzüyü dizaynını hazırlamışdım. Hər bir üzük barmağına taxıldığı adamın nəbzini ölçüb o biri üzüyə göndərir, o da ürək döyüntüsünü sinxronlaşdırma taktında qırmızı rəngdə yanırdı.
***
Boş vanna HEÇ NƏ idi, su ilə dolu vanna NƏSƏ.
***
Hərdən mənə elə gəlir ki, sanki yaşamadığım bütün bu həyatların yükü altında onurğamın necə əyildiyini eşidirəm.
***
Yalnız itirmək istədiklərimin qədrini bilirəm.
***
Biz eyni cür güldük – gülüşlə özünü başqasında tanımaq, oxşarlarım nə qədərdir?
***
O, indi evdədir, öz həyat hekayəsini yazır, o çap maşınında taqqıldadanda mən növbəti fəsillərin məzmunundan bixəbər çıxıb gedirəm.
***
Başa düşdüm ki, anan bu boşluğu görmür, o, ümumiyyətlə, heç nə görmür. Bilirdim ki, görmə qabiliyyəti zəifdir, gəzinti zamanı tez-tez əlimi sıxırdı, onun “gözlərim zəifləyir” deməsini eşidirdim, amma hesab edirdim ki, bu mənə toxunmaq üçün bir bəhanədir, köməyə çağırmamağının səbəbi haqda növbəti nitq, əgər onları görmürdüsə, bu qədər jurnal və qəzet nəyə lazım idi? Bəlkə bu onun kömək harayı idi? Bəlkə ona görə məhəccərdən yapışırdı, mənim yanımda xörək bişirməkdən, əynini dəyişməkdən, qapı açmaqdan imtina edirdi? Bəlkə ona görə əlinin altında qiraət üçün hər cür şey saxlayırdı ki, daha başqa heç nəyə baxmasın?
***
Onun əlini yanağıma qoydum, başımı çiyninə əydim – danışdığımız mövzuya uyğun (onun nəzərində) bu belə demək idi: “Bunu ayaqüstü oxuya bilmərəm ki. Yataq otağına aparıb tələsmədən, diqqətlə oxuyacam, sənin həyatın başqa cür qiymətləndirilə bilməz”. Ancaq söhbətin mövzusuna uyğun (mənim nəzərimdə) bu belə demək idi: “Mən sənə xəyanət etdim”.
***
Ona mənim məhəbbətimin isbatı lazımdır, hamıya da bu lazımdır, məhəbbətin özü deyil, isbatı, yəni o var, dəhlizdəki şkafda olan qəza dəstinin fənərinə lazımlı təzə batareyalar kimi.
***
Çöldə ağaclar yarpaqlarını tökürdü, içəridə biz daha bu cür həqiqətlərə əhəmiyyət vermirdik.
***
İki gün əvvəl o dedi ki, keçmişi bu günündən tez keçir. «Nə demək istəyirsən?» ― əllərimlə soruşdum, «Bizdə demək olar ki, heç nə baş vermir, ― o dedi, ― yaddaşım isə yaxşıdır». ― «Sən mağazamız haqda yaza bilərdin». ― «Vitrindəki hər brilyantı təsvir etmişəm». ― «Başqa insanlardan yaza bilərdin». ― «Mənim həyatım bir vaxtlar tanıdığım bütün insanların hekayəsidir». ― «Öz hisslərin haqda yaza bilərdin». O soruşdu: «Məgər həyatımla hisslərim eyni şey deyil?»
***
Bağışla ki, əhəmiyyətsiz hər şeyi unutmağa və əhəmiyyətli hər şeyi qoruyub saxlamağa qadir deyiləm.
***
«Güllə həmişə güllədir!» ― o dedi. «Axı daş da həmişə daşdır», ― mən dedim. O dedi: «Heç də!» Mənə elə gəldi ki, onu başa düşdüm, ancaq axıra kimi yox, ona görə stolun üstündə olan vazadakı qızılgülü göstərdim. «Bəs qızılgül həmişə qızılgüldür?» ― «Yox! Qızılgül qızılgüldən fərqlənir!» Sonra nədənsə «Something in the way she moves» mahnısı haqda fikirləşdim və soruşdum: «Bəs məhəbbət mahnıları həmişə məhəbbət mahnılarıdır?» O dedi: «Hə!» Bir anlıq fikrə daldım. «Bəs sevgi həmişə sevgidir?» O dedi: «Yox!»
***
«Hər şeydən yüz faiz əmin olmamaqdan yana kifayət qədər çox yaşamışam!»
KKO
3 fevral 2015
GO BACK