Keçən gün “Twitter” sosial şəbəkəsində “İndi izlədiyiniz “Çalıquşu” serialını Atatürk kitab şəklində evə qapanaraq bir günə oxuyub. Roman elə həmin ildə çap olunub” tweetini gördükdən sonra planımı tezləşdirib kitabı tez bir zamanda oxuyub bitirməyə qərar verdim.
“Çalıquşu” romanını Rəşad Nuri Güntəkin 1922-ci ildə qələmə alıb. Roman 5 hissədən ibarətdir. Sonuncu hissə xaric (V hissə) bütün hissələr Fəridənin dilindən gündəlik şəklində qələmə alınıb.
“Gəldiyin gündən bəri gecə bilmirsən, gündüz bilmirsən, yazırsan, hey yazırsan. Bu nə bitib tükənməyən yazıdır! Məktub desən, məktub deyil, məktub dəftərə yazılmaz. Kitab desən, kitab deyil, bizim bildiyimizə görə, kitabı saçlı-saqqallı üləmalar yazar. Sən barmaq boyda uşaqsan. Axı, belə durub dincəlmədən nə yazırsan?”
Romanın əsas qəhramanı “Çalıquşu” ləqəbli Fəridədir. Ona bu ləqəbin verilməsi onun şıltaq təbiətindən irəli gəlir. Fəridə o dövrün türk qızlarının simasıdır. O, kiçik yaşında ata və anasını itirir, Dame de Sion adlı yerdə təhsil alır. Çalıquşu həm şıltaq, çılğın, həm də iradəli, duyğusal, savadlı bir obrazdır. Atası vəfat etdikdən sonra o xalasının himayəsində böyüyür, xalasıoğlu Kamrana nişanlanır. Nişan müddətində Kamran 4 illiyə Avropada işə gedir, Fəridə isə bu müddətdə məktəbi bitirir. Toylarına üç gün qalmış qara çarşablı bir qadın Kamranın Münəvvər adlı bir qadına evlilik vədi verdiyini Fəridəyə çatdırır. O, bir məktub yazaraq – “Kamran bəy əfəndi, “Sarı çiçək” romanını başdan-başa öyrəndim. Bir də ölənədək bir-birimizi görməyəcəyik. Sənə nifrət edirəm” – bir vaxtlar lazımsız bildiyi diplomunu da özü ilə birlikdə götürərərək Anadoluya müəllimlik etmək ümidi ilə qaçır. Bu yolda onun qarşısına çoxlu çətinliklər çıxır, o diyar-diyar gəzmək, daim məktəb dəyişdirmək məcburiyyətində qalır. Bu məcburiyyətlər isə onun gözəl və gənc olmasından irəli gəlir. Hər getdiyi yerdə insanlar ona müxtəlif ləqəblər – “Gülbəşək”, “İpək qurdu” qoyurlar. “Çalıquşu” çox həssas, incəqəlbli, namuslu olduğundan harada olmasından yerdən asılı olmayaraq haqqında artıq söz çıxarılan yerdə qalmır, dərhal başqa yerdə işləməyə gedirdi.
Romanda Fəridənin ən yaxın, çətin günlərdə yanında olan iki insan var – Zeynilər kəndində dərs dediyi və sonradan övladlığa götürdüyü Munisə, yenə adı gedən kənddə tanış olduğu, atası kimi sevdiyi, Fəridəni qorumaq üçün ailə həyatı qurduğu Xeyrulla doktor. Munisə ilə Çalıquşunun xoşbəxtliyi sonuna kimi davam etmir. Günlərin birində Munisə dizenteriya xəstəliyindən vəfat edir. Bu itkidən Fəridə sarsılır özü də xəstəlik keçirir. Bu zaman da Xeyrulla bəy Çalıquşunun yanında olur, ona övlad sevgisini əsirgəmir. Lakin, bütün bu yaxşılıqları camaat düz anlamır, onlara qara yaxır guya ikisinin arasında başqa münasibət var. Bütün bu söhbətlərə son qoymaq üçün onlar formal olaraq ailə həyatı qururlar. Fəridənin Kamranla yenidən bir araya gəlməsində də Xeyrulla bəyin rolu böyükdür. O xərçəng xəstəsi olduğunu öyrənəndə gizlindən plan qurur və Fəridəyə söz verdirir ki, o öldükdən sonra İstanbula qayıdıb ailəsi ilə görüşəcək. Əsər xoşbəxt sonluqla- Kamran və Fəridənin bir araya gəlməsi ilə bitir.
“Çalıquşu” romanı bir neçə dəfə ekranlaşdırılıb. 1966-cı ildə baş rollarını Türkan Şoray, Kartal Tibetin oynadığı “Çalıkuşu” filmi çəkilib. Üç dəfə də serial şəklində ekranlaşdırılıb. ( “Çalıkuşu” 1986-cı il, “Yeniden Çalıkuşu” 2005-ci il, “Çalıkuşu”2013-cü il). Hazırda Türkiyənin Kanal D kanalında yayımlanan “Çalıkuşu” serialı tamaşaçıların sevimli serialı hesab olunur. Serialda Fəridə obrazını Fahriye Evcen, Kamran obrazını Burak Özcivit canlandırır.
Səmədova Jalə