Qadin.NET / Georg Ebers “ Kleopatra”

Georg Ebers “ Kleopatra”

Ölkələr içərisində tarixinə görə məni ən çox maraqlandıranı Misirdir. Buna görə də Misirə aid nə qədər tarixi əsərlər varsa, hamısını mütaliə etməyi qarşıma məqsəd qoşmuşam. Bu əsərlərdən biri də “Kleopatra”dır. Əsərin müəllifi Georg Ebersdir. Georg alman yazıçısıdır. O, məşhur misirşünas kimi tanınır. Misirə dair bir çox araşdırmaların müəllifidir, hətta Misirin tibbi papirusunu kəşf edib. “Kleopatra” əsəri o qədər də məşhur olmasa da, əminəm ki, tarixi əsərsevərlərin ürəyincədir.
Roman Kleopatranın uşaqlığından ölümünə kimi bütün həyatını müəyyən qədər əks etdirib. Bu məşhur çariçanın psixologiyası, qüdrəti, məğlubiyyətə olan nifrəti və ən əsası da güclü məhəbbəti təsvir edilib. Kleopatra ölümü alçalmaqdan, xalqın gözündən düşməkdən üstün tutur.
“Hökmranlıq etmək istəyən əvvəlcə itaət etməyə öyrəşməlidir”.
Əsərdə Kleopatranın sanki iki vacib xarakteri təsvir olunub. I məğrurluğu, II sevgisi. Misirin unudulmaz bu dişi aslanını əri Antoni ilə birlikdə Oktaviana qarşı döyüşdə məğlub olması bütünlüklə sarsıdır. Romalıya məğlub olmasından əlavə Oktavianın ondan Antonini-sevdiyini təslim etməyini istəməsi Kleopatraya olduqca ağır gəlir. Əks halda Misir əldən gedəcəkdi. O, yenidən döyüşməyi xəyanətdən üstün tutur. Yenidən məğlub olur. Və Antoniyə belə xəbər çatır ki, guya sevgilisi düşmən əlinə düşməmək üçün özünü öldürüb. Buna dözməyən çariçanın sevgilisi özünə qəsd edir. Halbuki Kleopatra hələ də sağ idi. Oktavian ona gözəl həyat, saray bəxş etsə də o , bunlara dözə bilmir, tək ümid yeri uşaqları olur. Oqtavianın ondan romalılar qarşısında yanında olmasını, xalqı inandırmağa çalışmasını istəməyi səbrinin son həddinə çatır.
“Ən dəyişkən adamlar üçün belə köhnə münasibəti yenisinə dəyişmək şahmat taxtası üzərindəki qara fiqurları ağlara dəyişmək qədər çətin məsələdir”.
Oktavianın ona bəxş etdiyi həyat çariçanı zorla verilmiş hədiyyə kimi narahat edir, tezliklə qaytarılmasına ehtiyac duyduğu ağır borc kimi üzürdü. Bunlara dözməyən çarıça zəhərli ilan gətizdirərək özünü öldürür. Dünya onun dediklərini təkrarlayacaq, ancaq dünya əmin olacaq ki, öz dövrünün böyük insanını məhv edən məhəbbət də cəzasını çəkəcək.
“Xoşbəxtlik elə bir şeydir ki, onu nə almaq, nə də vermək mümkündür. Onu özün əldə etsən belə hər zaman itirə bilərsən”.
Əsərdə həmçinin Kleopatranın sadiq insanları olan Arxibi ( Kleopatranı dəlilər kimi sevirdi və bu sevgini ona sadiq qalmaqla, itaət etməklə möhkəmləndirəcəyini düşünürdü. Çariça ölümünə yaxın uşaqlarını Arxibiyə tapşırır ), Xarmiona, İra kimi şəxslərin taleyindən də danışılır. Onlar da öz sevdikləri uğrunda hər şeyindən keçməyə hazırdılar. Xarmiona və İra Kleopatra ölən kimi onsuz həyatı təsəvvür edə bilmirlər və razılıqla bir-birilərinə iynə batırmaqla intihar edirlər.
Əsərdə həmçinin Barinadan, onun sevgilisi Diondan da söhbət açılır. Kleopatra olduqca qısqanc qadın olur. O xəbər tutur ki, Antoni ona bağışladığı hədiyyədən Barinaya da bəxş edib, ona qarşı biganə deyil. Bunu da öyrənir ki, oğlu Sezarion da özündən dəfələrlə böyük olan bu qadına dəli kimi aşıqdır. Bunlara qəzəblənən Kleopatra Barinanı evində dustaq edir. Amma Xarmiona Barinaya kömək edir. bunları öyərənəndən sonra da məğrur qadın qəzəblənmir. Çünki sonda onun günahsız olduğuna inanır.
“Ananın borcu oğlunu yoldan çıxaranlardan qorumaqdır”.
Ümumilkdə götürəndə “Kleopatra” oxunmağa dəyər əsərdir. Zamanınızı düzgün qiymətləndirmək istəyirsinizsə, əlinizdə bu tarixi əsər, yanınızda bir stəkan kofe, o da olmasa çay kifayətdir.
“Mənim dilim mənə çörək verən silahdır”.
“Öyrəndiyin hər bir dillə sən bir xalq qazanırsan”.
Əsəri “Qanun nəşriyyatı” çap edib, rus dilindən ana dilimizə Nadir Qocabəyli tərcümə edib.
Sevil Rəsulzadə
  Yüklə 
27 sentyabr 2014
GO BACK