Qadin.NET / Marta Ketro “Almaların xanımı”

Marta Ketro “Almaların xanımı”

Annotasiya

“Almaların xanımı” rus yazıçısı İnna Pozdnevanın (Marta Ketro – “карта метро” söz birləşməsinin baş hərflərinin yerini dəyişməklə götürdüyü təxəllüsdür) qələmə aldığı kitabdır. Kitab iki povestdən ibarərdir. Birinci “Özüm kimi gonbul”, ikinci “Tülkü-zövcə” adlanır.
Kədər və sevincin qəribə sintezi olan bu əsər kalvados kimi eyninizi aça bilər. Bircə fərqlə: xumarlanmayacaqsınız. Yalnız almanın xoş dadı qalacaq.

Marta Ketro “Almaların xanımı”

Əsərdən seçilmiş hissələr

Bəzi insanlar nəyəsə sahib olmaq arzusundadırlar, digərləri nə isə olmaq, başqaları isə nə isə etmək.
Marc axırıncı kateqoriyaya aid idi, o, roman yazmaq istəyirdi. Özü də elə belə yox, gonbul roman. Çox gonbul. “Özüm kimi gonbul”, belə deyirdi.

***

Hələ universitet vaxtlarından Marc başa düşmüşdü ki, intellektual romançı üçün çox mehriban və gülərüzdür, dəbli romançı üçün isə çox təəssüf, kifayət qədər arıq deyil.

***

Kitab oxucunun tələblərinə uyğun gəlməli olan müəllifi ilə birgə satılır. Şıklit yazırsansa, zəhmət çəkib Avropada geyinməlisən, ciddi nəsrə iddialısansa, onda gözəlim, eynəklərin, elmi nitqin və iyrənc xarakterin hanı? Romantik yüngül bir şey–totuş, şən qadınların alnına bu yazılıb.

***

– Sənətindən kult düzəltmə. Allah axtarıcılıqlarının arxasında öz çirkli corablarının iyini hiss etməyən, çimməyən filoloqlara qulaq asma. Yaxşı satılan keyfiyyətli mətnin varsa, bundan sonra sən kimsən? Əlbəttə ki, yazıçı.
– Ancaq Aqata Kristi, dahi Aqata Kristi… O avropalıdır və çoxdan vəfat edib, – Rebekkanın qalxmış qaşını görən Marc dəqiqləşdirməyə tələsdi, – çoxlu əla romanlar yazıb, ancaq ömrünün sonuna kimi özünü əsl yazıçı hiss etməyib. Evdar qadın, əczaçı, arxeoloq kimi hə, ancaq söhbət ədəbi işlərə gələndə, həmişə utanıb.
– Axmaq olub, – Rebekka belə bir nəticəyə gəldi, – öz işini gör və heç kimə fikir vermə.

***

Yaz gələndə təzə kişi tapmaq köhnəyə niyə birdən itdiyini başa salmaqdan daha asandır.

***

Sanki biz iki balığıq–birimiz suyun üzündə, birimiz dərinlikdə üzürük. Təzyiq fərqinə görə dərində olan heç vaxt yuxarı qalxmayacaq, o biri də aşağı enməyəcək. Yalnız kölgələrin və suyun hərəkətinə görə onlar bir-birilərini duyacaqlar.

***

– İnsanların olmadığı yerə get.
– Onların olmadığı yer var ki?
– Onların yaşaya bilmədiyi yer.
– Onda orda mən də yaşaya bilmərəm.
– Onda balıq ol və dənizdə üz, quşa çevril və uç, meşəyə qaç və koyot ol.

***

Qaçıram, elə hey qaçıram–quru otların, qara torpağın, ağ qarın üstü ilə qaçıram. Arxada izlər var, irəlidə təmiz sahə. Bir gün mükəmməl olacam, onda iz qoymayacam. Çevriləcəm, arxamda isə təmiz sahə.

Marta Ketro “Almaların xanımı”

Arvad görəndə ağlıma piroq gəlirsə, deməli, qocalıram.

***

Sonra isə hər şey kafedə oldu, qonşu stol arxasında qoca kişi gördü, daha doğrusu, kişini yox, onun boynundakı qırışı gördü, boz, dərin qırışı,–bu elə bir qırış deyildi ki, bir balaca botoks elətdirib, yarım il haqqında düşünməyəsən; birtəhər çəkiləsi və kəsiləsi qırış da deyildi. Tamamilə ümidsiz qırış idi–həmişəlik, nə birinci, nə axırıncı başqaları ilə birgə bədəni boş əlcəklərə çevirən qırışlardan biri və onlar artıq heç nəyi dəyişmirlər, çünki qocalıq qocalıqdır.

***

O, ayaqqabıları sınaqdan keçirən öz almalarının xanımı, piramidanın zirvəsindən albalı kimi baxır və dünyanın milyon il böyüməsini və onun doğulmasına can atdığını görürdü, buna fındıq və yaşıl gözləri ilə nəzər yetirirdi. Zira başqa hisslərlə yaşayırsınızsa–əbəs yerə yaşayırsınız və ayağınızın altında milyonlarla kəllələri hiss etmirsinizsə, beyninizdə ağıl və acgözlük səsindən başqa səs yoxdursa, siz tarakan kimi məsuliyyətsizsiniz.

***

Özü də onun “vəziyyəti idarə etmək” kimi pis adəti var idi: bir şey olmamış sualları və hazır cavabları ilə yüyürüb gəlirdi. Nə olub? Xətrinə kim dəyib? İstəyirsən onu cəzalandıraq? Heç kimlə dalaşmaq lazım gəlmədiyini, heç nəyi “sürüməli” olmadığını, qadının sadəcə vaxt keçir deyə ağladığını biləndə isə elə qəribə sifət alırdı ki.

***

Bu günlə bir həftə bundan qabaqkı vəziyyəti müqayisə eləmək çox asandır, ancaq dünən ilə bu gün arasında baş vermiş dəyişiklikləri tutmaq qeyri-mümkündür. Yox olmaq illər uzunu baş verirsə, insanın nə vaxt var olduğunu, nə vaxt olmadığını sezməyə heç imkan olmur, axı bir neçə baxış bundan əvvəl elə bil kölgə burda idi.

***

Kişiyə görə narahat olmaq insani ləyaqətdən aşağıdır. Axı həqiqətən əbədi dəyərlər var, özünə hörmət, azadlıq, yaxşı hava kimi.

***

“Harda idin?”
“Bütün günü nə etmisən?”
“Telefonla kimlə danışırdın?”
“Yalan danışma!”
(İlahi, axı niyə “yalan danışma”… Yalan danışmağı dayandırsaq, nəyimiz qalar?)

***

Hərdən evdən qaçırıq, qatara otururuq, pasportlarımızın arxasında gizlənərək, özümüzü böyük kimi göstərərək elə yerə gedirik ki, orda bizim kimin uşağı olduğumuzu bilmirlər.

***

“Sevirəm”–bu cavab deyil.

***

Növbəti səhər oyandığında daha dünya yox idi və onu uydurmaq lazım idi.

***

Yalandan qorxmaq zəiflərin, ruhlarının zülmətdə itəcəyindən narahat olanların nəsibidir. Güclülərin nəsibi isə qurmaq və qorumaqdır.

***

Belə bir axşamda evə gələr, sifəti olmaz və susar. Bir saat susar, iki saat susar, sonra fındıq kimi bütün həqiqəti stolun üstünə tökər. Bir qalaq fındığı, yumru və möhkəm fındığı: sındırmaq istəsən–dişini xarab edəcəksən, ortalıqdan yığmaq istəsən–səpələyəcəksən. Diyirlənəcəklər, döşəmənin üstünə elə dağılacaqlar ki, addım ata bilməyəcəksən, ayağının altında qalacaq. Bir ildən sonra ayaqyalın gəzəndə birdən ayağının altına batacaq. Bir şey deyil, amma ağrıdır. Onun da yalanı bu cür bütün həyatına yayılacaq və unudulacaq, sanki heç nə olmayıb, ancaq sonra bir gün müdafiəsiz üstünə bassan–özünü xatırladar, ağrısı böyrəklərinə kimi işləyər.
Yalançı–o isə konfetlərlə ortalığa çıxacaq, güləcək və bir yığın qoyacaq… Şokolad konfetə ayağını basmısan? Yapışqandır, sürüşkəndir və dəhşət balacadır, amma belə əhəmiyyətsizdir. Şirindir, ... deyil, yaşamaq olar.

KKO

 Yüklə 

15 noyabr 2014
GO BACK