Annotasiya
“Mən necə idiot oldum” (fransızca “Comment je suis devenu stupide”) Martin Pajın debüt romanıdır. “Axmaqlığa səyahət” “düzgün” həyata uyğunlaşa bilməyən gənc intellektuallar üçün ümumi problemləri qaldırır.
Əsərdən seçilmiş hissələr
O artıq dəfələrlə əmin olmuşdu ki, “intellekt” sözü daim tam cəfəngiyyatı gözəl və dürüst ifadə edib inandırıcı şəkildə təqdim etmək bacarığıdır, insan ağlı isə öz yolunu o qədər azıb ki, bəzən qatı intellektual olmaqdansa, debil olmaq yaxşıdır. Ağıl öz sahibini bədbəxt, tənha və yoxsul edir.
***
Mən idiotluğa səyahətin mütləq ağlın himninə çevriləcəyini çox gözəl bilirəm. Bu mənim balaca şəxsi odisseyam olacaq: saysız sınaqlardan və təhlükəli macəralardan sonra mən yenə “Beləliklə”-yə qayıdacağam.
***
“Ağıl yaxşıdır, amma xoşbəxtlik daha yaxşıdır”. Nə deməyinizdən və etməyinizdən asılı olmayaraq əxlaq həmişə hardasa bizim tərcümeyi-halımızın çəmənliyində otlayır.
***
Uşaqkən Baqz Banni olmağı arzulayırdı, bir az böyüdükdən sonra isə Vasko de Qama olmaq istədi. Lakin peşə yönümü üzrə məsləhətçi ona Təhsil Nazirliyinin siyahısındakı ixtisaslardan birini seçməyi təklif etdi.
***
İctimai rəyin “hə”, “yox” və “cavab verməyə çətinlik çəkirəm” arasında seçim təklif edən anket sorğuları çərçivəsinə sıxışdırıldığı dünyada Antuan qrafalardan birinin qarşısına quş qoymaq istəmirdi. “Lehinə” və ya “əleyhinə” rəy bildirmək, onun fikrincə, mürəkkəb problemləri yolverilməz şəkildə bəsitləşmək olardı.
***
Bəzən sənin ağıllı olacağından qorxurdum.
***
Ağlın müalicəsi yoxdur.
Gör sənə nə deyirəm: kimin əyyaş olub-olmamasını içki özü seçir.
***
- İnsan ona sırınan həyatın eybəcər və səfeh boşluğundan içkiyə qurşanır.
- Bu sitatdır?
- Hə, Malkolm Lauridəndir.
- Bura bax, oğlan, sən çörək alanda satıcıya Şekspiri deklamasiya edirsən? “Kruassanlar, yoxsa şokoladlı bulkalar: budur məsələ!” İstərdim ki, avtoritetlərdən sitat gətirməkdənsə, öz sözlərini deyəsən, qoy cəhənnəm olsunlar. Əgər mənim fikrimi bilmək istəyirsənsə, sitatlar yağdırmaq çox asan məsələdir, çünki dünyada o qədər böyük yazıçı var, o qədər ağıllı sözlər deyiblər ki, özümüzü çətinliyə salmağa belə dəyməz.
***
Əvvəllər özümü ümidsizlikdən öldürmək istəyirdim, amma indi bu prinsipə çevrilib.
***
İnsanlarla ünsiyyət qurmağa, “Clash” qrupunun albomunu dinləməyə, aşiq olmağa çalışın…
***
Ancaq düşünmürəm ki, xərçəng xəstəliyindən ölsəniz, bu, statistik məlumatlarda intihar kimi qələmə verilsin, onlar motivasiyanı nəzərə almırlar.
***
Ən yaxşı şəraitdə yaşadıqları halda uğursuzluğa düçar olmuş bəxtsiz insanlar var. Onlara kəşmirdən kostyum geyindirsən də, bomja oxşayacaqlar; milyonları olsa da, borca girəcək, iki metr boyları ilə pis basketbolçu olacaqlar.
***
Çox şeylə maraqlanan insanlar – hətta prinsipcə onları maraqlandırmayan şeylərin də səbəbini bilmək istəyirlər – bunun bədəlini yalqız qalmaqla ödəyirlər.
***
Bədbəxtliklərimlə düşüncələrimi cilovlaya bilməməyim arasında şəksiz əlaqə aşkar etmişəm.
***
Biz, demək olar ki, öyrəndiyimiz hər şeyi öldürürük, ona görə ki, həyatda da, tibbdə olduğu kimi yarmadan və açmadan həqiqi bilgi əldə etmək mümkün deyil.
***
İnsan əzab çəkmək qabiliyyətini çox tez mənimsəyir.
***
Misal üçün, qarışqa yuvasındakı daxili nizam-intizam bizim cəmiyyətindəkindən qat-qat səmərəlidir, ancaq heç bir qarışqa Sorbonnoda kafedra müdiri deyil.
***
Doğruluq və dəqiqlik ritorikaya mane olur, onlar debat üçün yaramırlar.
Belə bir çin məsəli var, mahiyyəti təxminən ondan ibarətdir ki, balıq işədiyini hiss edə bilməz. Bunu əqli əməklə məşğul olduğu üçün özünü intellektual hesab edənlərə də aid etmək olar. Bənna əlləri ilə işləyir, ancaq ona da “bu divar əyri çıxdı, həm də sementini az etmisən” deyən ağlı var. Onun başıyla əlləri arasında daim qarşılıqlı əlaqə var. Ancaq intellektual yalnız bir şeylə qarşılıqlı əlaqədə olmayan başıyla işləyir, əlləri ona “Ey, oğlan, yaddan çıxarma! Yer kürə şəklindədir!” demir. İntellektuallarda belə daxili dialoq olmur, ona görə də hesab edir ki, dünyadakı hər şey barədə mühakimə yürüdə bilər.
***
Axmaqlıq ağlın deyil, cəsarətin çatışmazlığıdır.
***
Böyük müəllifləri oxumaq, beyni zorlamaq, dahi alimlərin əsərlərini öyrənmək insanı mütləq ağıllı etmir, ancaq risk olduqca böyükdür.
***
Onun ağlı həmişə itigöz, iticaynaq və itidimdik qartal olmuşdu. İndisə göylərdə əzəmətlə uçan, küləyin iradəsinə tabe olan, günəşin istiliyini və torpağın gözəlliyini dəyərləndirən durna olmaq istəyirdi.
***
Həqiqət ikiüzlü adam kimidir. Ay kimi iki tərəfi var və mən hələ də qaranlıq tərəfdə yaşayıram.
***
İnflyasiya insani münasibətlərə toxunmamalıdır.
***
Bəşəriyyətin siniflərə bölünməsinin meyarlarını axtaran Antuan zənginlik səviyyəsini təyin edən vahid şkala müəyyənləşdirmiş və göstərici olaraq corabları seçmişdi. Birinci kateqoriya, ümumiyyətlə, corabları olmayan ən yoxsullar, ikincilər corabları cırıq olan orta yoxsullar, üçüncülər isə cırıq corab geyməyənlər idi.
***
Bu dünyada yaşamaq üçün içindəki eqoizmi inkişaf etdirməlidir.
***
Hamının ağıldankəm olduğu bir yerdə bir neçə axmağı barmaqla göstərmək çətin deyil.
***
Axmaqlığın kökləri şeylərin özündə deyil, onlara münasibətdədir.
***
Həyat çeklər və kredit kartları ilə qidalanan vəhşi heyvandır.
- Sizin sürücülük vəsiqəniz var?
- Yox.
- Sürücülük vəsiqəniz yoxdur? Bu, əsl fantastikadır!
- Bilirsiniz, araşdırmalar göstərir ki, qırx ildən sonra dünyadakı neft ehtiyatları tükənəcək. Ona görə də pullarımı havaya sovurmamağa qərar verdim.
***
Onun sürüşkən ağlının kələ-kötür reallıqdan yapışmaq və yaralar almaq kimi kədərli xoşbəxtliyi yox idi.
***
Nə deyəcəyini əvvəlcədən bildiyin həmsöhbətə qulaq asmaq elə də vacib deyil.
***
Bəzən mənəvi dəyərlərə önəm verən az qala tək insan olduğunu görəndə onlara tüpürmək istəyirsən, ona görə yox ki, əqidən belədir, ya da bunu ləzzət almaq üçün edirsən, sadəcə, ona görə ki, iblisin hər yerdə özünü evindəki kimi hiss etdiyi cəhənnəmdə mələk olmaq adama ağır gəlir.
***
Vicdanını satanda hər şey olar və hər şeyə bəraət var.
***
Prezident Klinton sözəbaxan mətbuatın onu Uilyam deyil, Bill adlandırmasını istəyir; bu daha simpatikdir, dost, yaxın insan obrazı yaradır, onu bağışlamaq asandır, başlıcası isə vəzifəylə bağlı mənfi assosiasiyaları neytrallaşdırır.
Tərcümə: Nadir Qocabəyli
KKO