"Cinayət və Cəza” Fyodor Dostoyevskinin ən gözəl romanlarından biridir, şah əsəridir. İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu roman Dostoyevskinin katorqadan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab edirlər.
Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır. O, hesab edir ki, var-dövlətin pulla nələr etmək gərəkdiyini bilməyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində olması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa, maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə Raskolnikov sonsuz iztirablara düçar olur. O artıq insanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Sonyaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.
“Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” - romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.