Elif Şafakın oxuduğum dördüncü romanı. Ümumiyyətlə, Elif Şafakın kitablarının satılması “Aşk” romanının sayəsindədir. O romanı oxuduqdan sonra “görəsən, o birilərində nə var” deyə bir maraq hissi oyanır adamda və fikirləşmədən alırsan. Aldığıma peşman deyiləm əsla. Çünki bu roman da mənə müəyyən şeyləri öyrətdi və göstərdi.
Roman nə haqqındadır? Roman gənclik, özgələşmə, özünü axtarma, şəxsiyyət, populyar mədəniyyət, incəsənət və suallar haqqındadır. Quruluş etibarıyla rahat və axıcıdır. Yazarın ingilis dilində yazdığı ilk romandır, amma yazar ingilis dilində yazdığına baxmayaraq eyni zamanda paralel olaraq türk dilində də yazır. Bir romanı iki dəfə yazmaq kimi. Kitabın sonunda yazarla olan müsahibədə yazıldığı kimi, yazar feminizmin güclü olduğu universitet şəhərciyində bir müddət yaşamıdır. Romanda yazarın 2001-ci ildə Bostonda keçən həyatının izlərini və feminizm izlərini görmək mümkündür. Prinsip etibarıyla isə roman özgələşmək və yalnızlaşmaq haqqındadır. Elif Şafakın hansısa konkret süjet xətti olan hekayə danışmaq kimi bir məqsədi olmayıb. Onsuz da hekayə ortaya çıxır. Əsas məsələ, fərdin özünə özgə bir cəmiyyət və mədəniyyətin içində, düşdüyü qarışıq hissi və fikri vəziyyətləri müxtəlif obrazlara yayaraq izah etməkdir. Burada sadəcə xarici ölkələrdən gəlib Amerikada yaşayanların yadlaşması deyil (Ömər, Piyu, Abed) eyni zamanda bu cəmiyyətdə yaşayan amma bu cəmiyyətə yad olan insanlar da var. (Gail, Debra Ellen Thompson). Bir obrazdan digərinə keçid rahatdır və qeyri-müəyyənlik yaratmır.
Digər romanlarla müqayisə: Elif Şafaq üslubu bu romanda da özünü göstərir. Belə ki, İstanbulun yüksək səviyyəli təsviri (Demək olar ki, əksər romsanlarında bu belədir), yemək mədəniyyəti (bişirmək bacarığı olan obrazlar), musiqi mədəniyyəti və müəyyən qədər feminizm. Quruluş etibarıyla rahat və axıcıdır. "Aşk" romanını oxuyandan sonra bir çox insanlar digər romanlarını darıxdırıcı hesab edirlər. "Bit Palas" və "Araf" romanlarını oxuduqda məndə də müəyyən qədər dalğalanmalar oldu.
Ümumi qənaətim: Elif Şafakın "Araf" romanını bəyəndim. 10 ballıq sistemlə 7 ilə qiymətləndirə bilərəm. Obrazlar (Ömər, Alegre, Gail) sanki bir-birinə bənzəyir. Uzun-uzadı yazıb izah etmək istəmirəm, amma onu deyə bilərəm ki, istər bizim cəmiyyət olsun, istərsə də Türkiyə və ya Amerika cəmiyyəti olsun, romanda təsvir olunan gənclik məni müəyyən qədər təəsüfləndirir. Psixoloji cəhətdən bir qeyri-sağlamlıq gördüm. Kitab bitdikdən sonra adamın “ağzında” sanki acı-şirin bir dad qalır. Sonluqdan olsa gərək.
İbrahim