Biz kimik? Niyə varıq? Hardan gəlib hara gedirik? Bu həyatın mənası nədir? Ölüm nədir? Bu həyatın, kainatın qanunları nələrdir? Reallıq və illüziya nədir? Gələcək və keçmiş nədir? Dostluq nədir?
İnternetdə diqqətimi cəlb edən "İllusions" tam səmimi və inamla deyirəm, oxuduğum ən gözəl kitablardan oldu. Mövzusu, üslubu etibarıyla Paulo Ceolhonun "Kimyagər" əsəri ilə müqayisə etmək olar. Fərqli cəhətləri odur ki, "İllusions" daha maraqlı, canlı, mistik, müəyyən qədər "Kimyagər"-dən daha anlaşıqlı və ondan daha qəlizdir. Mistika, fəlsəfə, fantastika, drama və aviassiya. Bu dörd mövzu ideal proporsiyada qarışdırılmışdır.
Kitabı oxuduqdan sonra, öz dəyərlər sistemimi gözdən keçirdim, indiyə qədər necə davranış göstərdiyim haqqında düşünüb, dünyaya daha fərqli gözlərlə baxmağa başladım. Kitabda mənəvi motivasiyaya ehtiyacı olanlar üçün xüsusi faydalı olacağını rahatlıqla deyə bilərəm.
Əsər iki nəfərin münasibətindən bəhs edir. Belə ki, əsər özü iki nəfərdən ibarətdir. Bir tərəfdə Məsih, digər tərəfdə də Məsih olduğundan bixəbər, müəyyən mənada fərqli müəyyən mənada da eyni iki şəxs: Riçard və Donald Şmoda. Bu iki insanın arasında baş verən söhbətlərdə bax belə gözəl bir kitaba çevrilib (kitab tamamilə yazıçının təxəyyülünün məhsuludur). Donald Şmoda və Riçard adları bundan sonra mənə tamamilə fərqli mənaları verəcək və bir çox xatirələri xatırladacaq...
Sonda qəribə hisslər keçirdim. Biraz kədər, bir az razılıq, bir az optimizm, bir az da sevinc və s. Amma ən çox nədənsə kədərləndim. Nə isə qazanmış, əldə etmiş kimi hiss edirəm özümü. Bəli, həqiqətən də, qazandım. Çox qarışıq hisslər keçirdim. İstədiyim kimi bir kitab oldu. Buna ehtiyacım vardı. Ən azı 3 dəfə böyük həvəs, gözlənti və inamla bu kitabı yenə oxuyacağam. Belə mistik mühiti olan kitabı oxuduğuma çox məmnun oldum.
İbrahim