Bu gün Qadin.Net istifadəçilərinə tarixçi alim, publisist Nəsiman Yaqublunun «Xocalı qırğını» kitabını təqdim edirəm.
Müəllif kitabın giriş hissəsində qeyd edir ki, mənbələrdə Xocalı ərazisi “Müqəddəs yurd” adlandırılır və müqəddəslərin uyuduğu diyar, müqəddəs məkan, yer mənasını verir: “Xoca” türk sözü olub, türkdilli xalqların dilində hörmətli, müqəddəs şəxslərə deyilir. Buradakı “lı” şəkilçisi “el”, “oba”, “yer-yurd”, “məkan” ifadə edən mənsubiyyəti bildirir".
Xocalı soyqırımına qədər Xocalıda 7 min nəfərdən çox əhali yaşayıb. Dağlıq Qarabağ Muxtar Vilayətində Şuşadan sonra azərbaycanlılar yaşayan ən böyük yaşayış məskəni olub. 1978-ci ilə qədər Xocalı Xankəndi rayonunun, 1978-ci ildən 1991-ci ilə qədər Əsgəran rayonunun Xocalı kəndi adlanıb.
1991-ci ildə noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib, Xocalıya rayon statusu verilib. Keçmiş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilib”.
Kitabda Xocalıdan olan Milli Qəhrəmanlar Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Hikmət Nəzərəli, Tabil Həsənov, Natiq Əhmədov, Şakir Salahov, İnqilab İsmayılov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov (həlak olublar) və Mövsüm Məmmədov haqda (sağdır) məlumatlar yer alır.