Ön söz.
Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam. Kitabda real həyatda müşahidə etdiyim talelərdən, gördüyüm hadisələrdən bəhs etmişəm. İlk qələmə aldığım əsər “Görünməyən həqiqət” dedektiv povestidir. Bu əsər eyni zamanda dedektiv janrında yazdığım ilk əsərdir. Əsəri 2007-2010-cu illərdə yazmışam. Həmin illərdə eyni zamanda “Açılmayan düyünlər” , “Sevgi zərbəsi”, “Zamanın öz məlhəmi” əsərlərini yazdım. Ən son yazdığm isə “Xoşbəxtlik həsrəti” romanıdır. Bütün əsərlərimdə hadisələrin axarında sevgi macəraları ilə yanaşı, qətl hadisələrinə, uğursuz sevgi acılarına da yer ayırmışam. Sizə təqdim etdiyim bu kitaba bu əsərlərin hamsı daxildir. Kitabda tanış olacağınız bütün obrazlar (“Xoşbəxtlik həsrəti”ndəki Tərlandan başqa) real həyatda yaşayırlar, yəni xəyalımın məhsulu deyil. Obrazların adı şərti olaraq dəyişdirilib. Buradakı hadisələr Azərbaycanın ucqar kənd və rayonlarında cərəyan edir. “Zamanın öz məlhəmi” povestində isə hadisələr Türkiyənin ücqar kəndlərindən birində baş verir.
Hər bir əsərin məzmunu və ümumilikdə aşıladığı fikirlərin cövhərində mənim könül çrpıntılarım, həyat-ölüm, sevgi-nifrət, insanlıq-rəzalət, xoşbəxtlik-bədbəxtlik haqqında düşüncələrim əks olunub. Hansılar ki, biz həmişə bu əksliklərin arasındayıq, onların mübarizəsində üstün çıxanın gətirdiyi, bəxş etdiyi həyatı yaşayırıq.
Bu sayta gəldiyim ilk andan yazılarımı Gülşən xanımla müzakirə etdim, fikir mübadiləsi apardıq, məsləhətlər aldım və onun məsləhəti ilə yazmaqda davam etdim, bu yazılarım ərsəyə gəldi. İndiyə kimi bu yazdıqlarımı ancaq ailəmizdə, qohumlarımızda oxuyurdularsa, artıq Qadın.net saytı öz səhifələrində paylaşıb, hissə-hissə dərc olunub. İndi isə onlar sayt layihəsinə əsasən vahid kitab halında sizlərə təqdim olunur. Bilirəm ki, mənim əsərlərimi sevərək izləyən yüzlərlə oxucum var. Bunu mənə gələn məktublar sübut edir. Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir. Bu hədiyyə üçün Selcan (Ceylan Mumoğlu) xanıma öz dərin minnətdarlığımı bildirirəm. Əziz oxucular, ümid edirəm ki, əsərin əsas maziyyətlərini siz qiymətləndirəcəksiniz. Hər bir irad və təkliflərinizi ehtiramla qəbul edəcəyəm. Bu təklif və iradlar mənim gələcək yaradıcılıq yoluma işıq tutacaqdır.
Hörmətlə: Xəyalə Murad
"Görünməyən həqiqət" kitabına müəllifin aşağıdakı əsərləri daxildir.
1.“Sevgi zərbəsi” roman
2.“Açılmayan düyünlər” (dedektiv-povest)
3"Xoşbəxtlik həsrəti" roman
4."Zamanın öz məlhəmi" povest
5."Görünməyən həqiqət" (dedektiv- povest)