Siz kimsiniz-əşya yoxsa şəxsiyyət?
Bilirsiniz, qadın həm əşya, həm də şəxsiyyət ola bilər. Qadın şəxsiyyətdir. Əgər o, sevdiyi kişidən öz müstəqilliyini qoruyursa, əgər öz baxışlarında və planlarını qurmaqda tam sərbəstdirsə və əgər öz bədəninin ağası, öz düşüncələrinin sahibidirsə. Qadın əşyadır. Əgər özüylə əşya kimi davranmağa icazə verirsə, lap ən gözəl və qiymətli bir əşya olsa da, şəxsi iradədən məhrumdursa, öz sahibinin istək
və şıltaqlıqlarına itaətkarcasına tabedirsə və yalnız iştaha gələndə ortaya gətirilən dadlı bir yeməyə bənzəyirsə.
Uzun müddət ərzində qadın yalnız əşya olaraq qalıb. Qədim əyyamlarda qadın hərbi qənimətin bir hissəsini təşkil edirdi. Qalib gələn döyüşçünün ələ keçirdiyi silaha, qızıl-gümüş borucuqlara, həmçinin əsir düşmüş qadına sahib olmaq hüququ vardı. Bütün bunlar qənimət sayılırdı. Lap bu yaxınlaracan bizim paytaxtımızda mövcud olan Parisin mərkəzi bazarında meyvə aldığın kimi qul bazarında qadını rahatca satın almaq mümkün idi. Şəxsiyyət olmaq və öz hüquqlarını uğurla müdafiə etmək üçün qadına öz iqtisadi azadlığını əldə etmək lazım idi.
Fikir verin ki, bir çox kişilər qadının əşyalıqdan çıxmasına bərk heyifsilənirlər. Axı bu çox əlverişli idi! Qadın həzz mənbəyi idi, uşaq doğurdu, ona tərbiyə verirdi, ev təsərrüfatını idarə edirdi. Əvəzində o yalnız yemək, başı üstündə tavan və bir azacıq da diqqət tələb edirdi. Amma yazıq heç tələb edirdimi? İzdivacdan bir müddət sonra ər başqa qadınlara göz qoymağa başlayırdı: oynaş-ər heç bir çətinlik çəkmədən evdən sakitcə, hay-küysüz uzaqlaşa bilirdi.
Həmin vaxtlar şəxsiyyət olmağı arzu edən qadın, əlbəttə ki, kişini qıcıqlandırırdı. Jorj Sandın bədbəxtliyi də elə bu səbəbdən idi. O, hər şeydən öncə insan idi və tələb edirdi ki, onunla insan kimi davransınlar. Onu əhatə eləmiş kişilərin əksəriyyətindən ağıllı və dərrakəli olduğu üçün Jorj Sand kişilərə heç nədə güzəştə getmirdi. Onun öz baxışları vardı. Sevgi əlaqəsindən təngə gəlib o, bundan əl çəkdi-necə ki bunu kişilər edirlər. Gündəlik yaşayış üçün pulu o özü qazanırdı və öz mülkünü, öz sərvətini özü idarə etmək istəyirdi. Onun çaşbaş qalmış və bütün bu şeylərdən baş çıxarmayan bədxah əri şikayətlənirdi.
– Mən qadınla yox, deyəsən, kişiylə evlənmişəm,-deyirdi.
Təkcə əri deyil, Jorj Sandı, az qala, bütün cəmiyyət qınayırdı. Onda isə, əksinə, əsl qadınlıq vardı. Jorj Sand həm zahirən, həm davranış baxımından, həm öz hisslərinin ifadəsinə görə, həm də əqli cəhətdən xalis qadın idi. Ancaq o, qadın-şəxsiyyət idi, daha qadın-əşya deyildi. Bax bütün məsələ də bunda idi.
Bu yaxınlarda mən Fransanın iri şəhərlərinin birində bu mövzuda mühazirə oxumuşdum və sonda bildirmişdim ki, şəxsən mənim özümün qadın-şəxsiyyətlər daha çox ürəyimcədir, nəinki qadın-əşyalar.
Bu vaxt onu da etiraf etmişdim ki, cavanlıqda əşya sırasından olan gözəl qadınların məni eynən cins itlər kimi dörd tərəfdən əhatə etməsi xoşuma gəlirdi; lakin mən razılaşmışdım ki, bu yalnız keçmişin dəhşətli qalığıdır. Mühazirə başa çatarkən yekun qənaətimi söylədim ki, öz kişi-qardaşlarımda olduğu kimi, qadın-bacılarımda da insani ləyaqətə hörmətlə yanaşıram.
Mühazirədən sonra yaxşı bir şam yeməyi təşkil edilmişdi və orada iştirak edən gözəl qadınlar yemək masası arxasında öz ərləri ilə şəxsi vəziyyətlərinə dair ciddi mübahisələr apardılar. Qadınların bir çoxu hətta bizim dövrümüzdə də onlara əşya kimi münasibət göstərildiyindən şikayət edirdi. Lakin bir qadın bu vəziyyətdən çox razı idi.
– Bəli, bahalı, zəngin əşya olmaq mənim xoşuma gəlir,-o, aşkarca bildirdi.
– Sənsən əşya?! –qadının əri ucadan dilləndi,– Sən mənim tanıdığım qadınların arasında ən ağayana şəxsiyyətsən.
Bəs siz necə, querida? Siz kimsiniz-şəxsiyyət, yoxsa əşya? Mənə düzünü söyləyin. Əlvida.
Qadın və peşə
Birinci məktub
Lap bu yaxın zamanlara qədər qadınların əksəriyyəti ev işlərindən başqa bir iş, uşaqların və ailə ocağının qayğısından başqa ayrı bir qayğı bilmirdilər və heç bilmək də istəmirdilər. Düzdür, bəzi qadınlar bu və ya digər iş növləri ilə də məşğul olurdular; bu vaxt onlar daha çox ağır və ədalətsiz şəraitlərdə əziyyət çəkirdilər, çünki onda çəkilən eyni zəhmətə görə qadına kişidən daha az haqq ödənilirdi. Ancaq hətta yalnız ev sahibəsi, sadəcə evdar olmaq istəyən qadınlar da ərlərinin peşələrindən kənarda qala bilmirdilər. Onların qisməti əri həvəsləndirməkya ona kömək etmək, ya da əksinə, mane olmaq idi.
Bu gün ailə həyatında peşə xüsusi əhəmiyyət kəsb etməyə başlayıb, belə ki, qadınların əksəriyyəti işləyir. Həyat bahalaşır; vərəsəlik yolu ilə keçən sərvət tək-tük hallarda olur və çox da böyük deyil; tələbat isə artır. Kasıb yaşamaq istəmirsənsə, onda ailə büdcəsinə ikinci məvacibin də gəlməsi əsla artıqlıq eləməzdi. Təzə qaydalar təzə problemlər doğurur. Ərlə arvadın ikisinin də eyni peşəsi, eyni ixtisası olması arzuediləndirmi? Əgər arzuediləndirsə, onda onların bir yerdə işləməsinə mümkünat varmı və onların bir yerdə çalışması lazımdırmı, buna dəyərmi? Əgər dəyməzsə, onda onların fərqli həyat tərzini bir-biri ilə necə uzlaşdırmalı?
İşlərin (son vaxtlar tez-tez rast gəlmədiyimiz) ən qədim vəziyyətini müzakirə edək: ailədə yalnız kişi işləyir. Arvadı ona hansı köməyi göstərmək imkanındadır? Bir çox hallarda qadının şəxsi öhdəlikləri ilə ərinin məşğuliyyəti arasında sərhəd cızmaq çətindir. Mülkədarın arvadı öz əri ilə çiyin-çiyinə işləyir. Fermer qadın ferma işlərinin təşkilində və idarə olunmasında vacib rol oynayır. Xırda ticarətlə məşğul olan tacirin dükanında arvad həm satıcıdır, həm vitrinin tərtibatçısı, həm də hesabdar. Əgər dükan, kafe, yaxud hotel mənzilə bitişikdirsə, onda aydındır ki, ev sahibəsi bütün gün ikisinin arasında qalacaq, uşaqlarıyla ərinin müştəriləri arasında yarıya bölünəcək. Əri olmadığı vaxtlarda arvad bu işlərin öhdəsindən bəzən ərindən daha yaxşı gəlir.
Hətta əgər ərinin kontoru, yaxud emalatxanası evlə əlaqəli deyilsə də, ona bitişik olmadıqda da yenə arvadın təsiri böyük ola bilər. Əgər arvad iltifatlı və xoşsimadırsa, o zaman ərinin rəislərlə və həmkarlarıyla xoş münasibətlərinin yaranmasında əlahiddə rol oynayır. Ərini ev işlərindən, məişət qayğılarından azad etməklə qadın ona bütün diqqətini xidmət pillələrində irəliləməsi üçün sərf etməyə imkan yaradır. Əksinə, əgər arvadın xasiyyəti tünddürsə, əgər o, başısoyuqluğa və qeyri-ciddiliyə meyillidirsə, onda ərinin ən yaxşı imkanlarını da puça çıxartmağa qabildir. Xoşxasiyyət qadın ərinin ən ağır günündə ona bir sığınacaqdır; daim narazı qadın isə "daim daman tavan" kimidir. Qıcıqlandırmağına qıcıqlandırır, amma müdafiə etmir.
Çox mühümdür (xüsusən də Fransada) ki, ciddi təhlükə törədə biləcək təsadüflərdən başqa, arvad yüyən rolunda olmasın. Başqa xalqların nümayəndələrindən fərqli olaraq fransız riskə xüsusi meyil duymur. Əgər onun beynində uğur qazanmağa kifayət qədər vəd verən qaba niyyət varsa, arvadı kişini dəstəkləyərək onu cəsarətli və inadkar olmağa səsləyəcək, eyni zamanda da həmin niyyəti həm ailəyə, həm də ölkəyə xidmət üçün yönəldəcək. Əgər qarşısında dayanan problemlərdən başı çıxırsa, onda arvadın məsləhətləri daha təsirli və daha inandırıcı olacaq. Bizim dövrümüzdə qızlar müxtəlif elmlərin əsaslarını mənimsəyirlər. Onlar buna ehtiyac duyurlar, bir tərəfdən ona görə ki, müxtəlif məişət texnikasından daha yaxşı baş çıxartsınlar, digər tərəfdən isə ona görə ki, nüvə fiziki, neyrocərrah,
yaxud atom-elektrik stansiyasında mühəndis işləyən ərlərinin necə yaşadığını, nə ilə nəfəs aldığını daha yaxşı dərk etsinlər. Bu cür məsələlərdə qadının məlumatlılığı ailə ittifaqının, nikah birliyinin düyünlərini daha da möhkəmlətmiş olur.
Ərlə arvadın peşəsinin eyni olması arzuediləndirmi? Yuxarıda biz söylədik ki, söhbət fermer təsərrüfatından, xırda ticarətdən yaxud mehmanxana saxlamaqdan gedəndə bu, demək olar ki, qaçılmazdır. Amma daha mürəkkəb peşələr də var axı. Yazıçı, həkim, dövlət xadimi, mühəndis, kinorejissor, yaxud jurnalist kişi istəyərmi ki, arvadı onun iş yoldaşı, yaxud köməkçisi olsun? Düşünmürəm. Aydındır ki, ərlə arvadın eyni sahədə işlədiyini, necə deyərlər, paralel şəkildə çalışdıqlarını təsəvvürə gətirmək mümkündür. Əgər onlar ikisi də, həqiqətən, ləyaqətli adamdırsa, onda işgüzar rəqabətləri də ər-arvad bağlılıqlarına təzad təşkil eləmir. Amma əgər onlardan biri paxıllığa, yaxud şöhrətpərəstliyə meyillidirsə, ya da sadəcə, ruhdan tez düşürsə, onda eyni ixtisaslı olmaq şəxsi həyatda ciddi çətinliklərə səbəb ola bilər.
Bu halda, yəni arvad daha talantlı, yaxud daha səriştəli və məharətlidirsə, onda ərin, bəlkə, heç özü də bilmədən çox tez-tez paxıllıq hissi keçirəcəyi mümkün və gözləniləndir. Bu, haqsızlıq və səfehlikdir; lakin neçə əsrlər uzunu ailədə başçılıq etmiş kişi indi öz şəxsi sahəsindəcə üstələndiyini görəndə onun ləyaqəti bundan əzab çəkməyə bilmir. Mən qarşılıqlı sevgi əsasında nikaha girən ər-arvad aktyor cütlüyü tanıyırdım; onlar izdivacın ilk vaxtlarında tamamilə xoşbəxt yaşayırdılar. Vaxt ötdükcə arvad gözəl bir aktrisaya çevrildi, teatrların direktorları və dramaturqlar ona baş rolları həvalə edirdilər, halbuki, gözə çarpmayan adi aktyor ər heç cür qabağa gedə bilmirdi və bu sarıdan özünü bədbəxt sayırdı. Arvadı ona rəhm etməyə çalışır, əlindən gələni edirdi ki, kişinin heysiyyətinə toxunmasın,
amma əfsuslar ki, faktlar hər şeyi aydın söyləyirdi. Axırda onların nikahı pozuldu. Kişilər belədir, mənim əzizim. Əlvida.
Qadın və peşə
İkinci məktub
Bizim barəsində danışdığımız çətinliklər çıxılmaz deyil; bu dərdlərin dərmanı var. Birinci: arvad əri ilə bir yerdə işləyir və onun ən yaxşı, ən etibarlı köməkçisidir. Əgər tibb bacısı, yaxud həkim qadın doktora ərə gedibsə və onun sağ əlinə çevrilibsə, bununla o, nikahın, ailə həyatının möhkəmliyini təmin etmiş olur-hətta onun bir mütəxəssis kimi rolu o qədər də gözə çarpmasa da. Eyni sözləri stenoqrafiyanı, yaxud makinada yazmağı öyrənmiş və öz jurnalist ərinin, yaxud yazıçı və ssenaristin katibi olan qadın barəsində də söyləmək olar. İzdivacı birgə əmək kimi möhkəmləndirən ikinci bir şey yoxdur. Bu halda qəlblərin ittifaqı peşəkar əməkdaşlıqla tamamlanmış olur. Ərlə arvadın maraqları sıx şəkildə çulğaşır və onların arasında təsir sahəsinin bölünməsi məsələsi ortaya çıxmır. Bundan isə nikah daha da harmonik və səbatlı olur.
Öhdəliklərin bu cür bölünməsi tez-tez qadından fədakarlıq tələb edir. Bu, təqdirəlayiqdir. Vaxtilə mən ər-arvad həkim cütlüyü ilə tanış idim: onlar ikisi də gözəl təhsil almışdı, klinikada çox yaxşı təcrübə keçmişdilər və hər ikisini parlaq gələcək gözləyirdi. Lakin arvad öz ərinin yalnız assistenti kimi qalmağa qərar verdi. Bütün mühüm kəşflər, əslində, onların ikisinə məxsus olsa da, yalnız kişinin imzası ilə dərc edilirdi. Bir dəfə mən qadını bu təvazökarlığa görə tərifləyəndə o, mənə belə cavab vermişdi: "Burada mənim heç bir xidmətim yoxdur və mən heç nəyə görə peşmançılıq hissi keçirmirəm. Əksinə, mən əminəm ki, mehriban ailədə tək bir adamın, ərlə arvaddan tək hansı birininsə xidməti olmur-necə ki ərin, yaxud arvadın adı ayrı-ayrılıqda çəkilmir. İki nəfərin ittifaqı hər şeydə vahid və bölünməzdir. Ərimin uğurları həm də mənim uğurlarımdır, bu uğurlara görə sevinci mən də hiss edirəm". Həyat onun haqlı olduğunu təsdiq etdi, çünki onların ailə birliyi illər ötdükcə daha da möhkəmləndi.
Ərlə arvad ayrı-ayrı sahələrdə çalışarkən tamamilə başqa problemlər ortaya çıxır. Əgər qadın şirkət direktorudursa, kino ulduzudursa, yaxud siyasi xadimdirsə,ərinin cüzi uğurları, yaxud ümumiyyətlə, uğursuzluğu müqabilində böyük nailiyyətlər qazanıbsa, onda qadından böyük mərifət və sonsuz nəzakət tələb olunur ki, əri işlərin bu cür vəziyyətini qəbul edə bilsin; unutmayaq ki, bizim əxlaqımızın hazırkı durumunda bu şərait kişilərə hələ də anormal görünür. Bu cür hallarda ən yaxşı qərar kişini qadının bu qədər uğurlar əldə etdiyi fəaliyyət sahəsinə yaxınlaşdırmaqdır, amma bunu o formada etmək lazımdır ki, kişinin heysiyyətinə, qüruruna toxunmayasan. Kişi uğur qazanmış arvadının işlərini idarə etməyi öz əlinə ala bilər. Tutaq ki, qadın modelyerdir və qeyri-adi geyim növləri yaradır. Bu vaxt kişinin şirkətin maliyyə işləri ilə məşğul olması mümkündür. Yaxud qadın kino ulduzu kimi məşhuri-cahandır və bütün ekranları zəbt edib, eləmi? Belədə qoy kişi də onun prodüseri olsun. Bir qədər təvazökarlıq, bir-birini qarşılıqlı olaraq daha çox təqdir etmək və səmimi duyğular-onda nikah da salamat qalar.
Ərdə olan qadın başqa kişilərlə böyür-böyürə işləyirsə, yaxud sahibkarın rəhbərliyi altında çalışırsa, onda qısqanclıq probleminin baş qaldırması mümkündür. Eyni işlə məşğul olan kişilərin və qadınların gündəlik ünsiyyəti onların arasında müəyyən intim münasibətin yaranmasına, yaxud təklifsizliyə gətirib çıxara bilər. Qadın birdən-birə hiss edir ki, gündəlik qayğılarını bölüşdüyü və işin öhdəsindən
gəlməkdə daim ona kömək edən, yardımçı olan həmkarları, əslində ona yalnız axşamdan-axşama gördüyü, işdən yorğun qayıtmış ərindən daha çox yaxındır.
Belə vəziyyətdə ailəni saxlamaq üçün qadına öz rəisləri və həmkarları ilə münasibətdə xüsusi ehtiyatkarlıq, əri ilə münasibətdə isə tam aşkarlıq zəruridir. Ərlə arvadın öz ixtisasları ucbatından münaqişəyə girmələri də son dərəcə təhlükəli haldır. Məzuniyyət üçün onlardan birinə uyğun olan fəsil digəri üçün üyğun gəlməyə bilər. Ya da ərlə arvaddan hansısa xidməti işlə əlaqədar tez-tez səfərlərə çıxmalı, ezamiyyətdə olmalıdır; halbuki, digəri-zərurət üzündən, ya da öz xarakteri etibarilə-oturaqlığa meyillidir və rahat ev şəraitinə üstünlük verir. Bax bütün bunlar – yəni ruhi tarazlığın evdən çox iş yerində daha asanlıqla əldə edilməsi bizim müasir dövrümüzə xas olan münaqişələrdir.
Qadının borcu işlə şəxsi həyatı uzlaşdırmaqdır. Gənc qızın müasir cəmiyyətdə vəziyyəti əvvəlki ilə müqayisə olunmayacaq dərəcədə yaxşılaşıb. İxtisasa malik olmaq onunçün çox sərfəlidir. İndi artıq yaşayış üçün gündəlik ruzisini cavan qız özü qazanır; bu azmış kimi, ailə dairəsindən kənara çıxmaqla onun həyatı həm də maraq və məzmun kəsb etməyə başlayıb. Balzakın gənc qadın qəhrəmanına valideynlərinin seçdiyi adama ərə getmək lazım gəlirdi, belə ki, gələcək adaxlısı ilə rastlaşmağa onun yeri yox idi. Bizim dövrümüzdə isə cavan qız iş yerində neçə-neçə kişiylə rastlaşır və birgə iş həmin kişiləri daha yaxşı tanımaqda ona kömək edir.
Keçmişdə təntənəli şəraitdə tanış olduğu adaxlısı cavan qız üçün heç cür aydın deyildi. Zavodun, laboratoriyanın, yaxud xəstəxananın gündəlik həyatı isə kişilərin bütün yaxşı və pis tərəflərini, məziyyət və nöqsanlarını üzə çıxarır. Bundan başqa, özünün maddi yaşayışını təmin etməyə qabil olan qız zərurət ucbatından deyil, azad seçim əsasında ərə gedir. Peşə onu müdafiə edir, onu qoruyur və
onun xeyirxah məsləhətçisi rolunda çıxış edir.
Hər şeyi yaxşı-yaxşı götür-qoy edib mən bu qənaətə gəlmişəm ki, özünə peşəkar maraqlarına biganə olmadığı adamdan ər seçən qız öz gələcək xoşbəxtliyinin etibarlı təməlini qoyur. Dünyada sevginin, mənəvi maraqların, qələbə və məğlubiyyətlərin, bir sözlə, həm işin, həm də duyğuların ümumi olduğu, qarşılıqlı olduğu nikahdan, ailə birliyindən yaxşı heç bir şey yoxdur. Əlvida.
Ardı var...
XƏBƏR LENTİ
Uşaq ensiklopediyası(2)
Filip Kirkorov Bakıda solo konsert verəcək-FOTO
Meksika naxışları tortlarda
Hərəsi bir rəngdə bacılar doğuldu
Hansı meyvənın şirəsi nəyə xeyirlidir?
“Xaç atası” filmindəki ev satılır-FOTO
Təəccübləndirən məlumatlar
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
1 həftəyə saç uzadan üsul
Dünyanın ən görməmiş boksçusu
Nazirlik isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ etdi
"Formula 1"ə görə Bakıda bu yollar bağlanır
Yuxunun dini izahı
İsrail və Qəzza atəşkəsi beş gün müddətinə uzatdılar
İstirahət günü hava qovuracaq
Aktyor 45 kq arıqladı, kimsə tanımadı-FOTO
Ermənistan işğalından azad edilən ərazilər açıqlandı
Günün ulduz falı
Sabah bağlı olacaq yollar məlum oldu
Dəniz qaraçıları: suda yaşayan xalq
Qohumla ailə qurmaq düzgündürmü?
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Ətraf mühiti çirkləndirən vərdişlər
Arıqladan ballı alma sirkəsi
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Avropa benzinə əlvida deyir
Siqaretin qiyməti bahalaşacaq
Maskadan istifadə üçün minimal yaş həddi AÇIQLANDI
Susamasaydınız, nə baş verərdi?
Yataq otağı dizaynı
Hava dəyişir - XƏBƏRDARLIQ
Saçları sürətli uzadan 3 üsul
Güllərim
Uşaqlara hər gün süd içirək
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Məşhur reper 4-cü dəfə ata olacaq
Yeni il üçün quzu piroqu(foto resept)
Pişiklər haqda bilmədiklərimiz
Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir
Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq
Zahanın Qətərdə stadionu
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Kim Çen In həyat yoldaşını edam edib?
I Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq
Həyatı səhv düşən adamın faciəsi
Cəbhədə gərgin gecə
Məryəm Uzərli uşaqlıq şəklini paylaşdı - FOTO
Musiqi işçilərin məhsuldarlığını artırırmı?
Facebook videoreklamlara başlayır
- ŞƏRHLƏR