K.-ya elə gəldi ki, iclas zalına girdi. Çox da böyük olmayan ikipəncərəli otaqda hər cür adam vardı, basabas salmışdılar, içəri girənə fikir vermirdilər və otağın az qala tavana dəyən qalereyası vardı. Ora da adamla dolu idi və hamısı da ikiqat əyilmişdi, çiyinləri, kürəkləri tavana dəyirdi. İçəridə boğulan K. bayıra çıxdı, bəlkə də onu düz başa düşməyən gənc qadına dedi:
– Mən sizdən dülgər soruşdum... Lants adlı dülgəri...
– Elədir, – dedi qadın, – buyurun, içəri keçin.
Əgər qadın ona tərəf gəlib qapının dəstəyini burmasaydı, K. bəlkə də ona qulaq asmazdı.
– Arxanızca qapını bağlamalıyam... Daha heç kəs ora girə bilməz.
– Əcəb işdir! İçəridə heç yer yoxdur, – deyən K. buna baxmayaraq, təzədən otağa girdi.
Düz qapının ağzında dayanıb söhbət edən iki kişinin arasından – onlardan biri əllərini elə oynadırdı ki, deyərdin pul sayır, ikincisi də onun gözlərinin içinə baxırdı – bir əl uzanıb K.-dan yapışdı. Balaca, qırmızıyanaq bir oğlan idi və:
-Gəlin, gəlin! – dedi.
K. onun ardınca getdi. Məlum oldu ki, basabas salan bu adamların arasında dar bir yol var və həmin yol da yəqin onları iki dəstəyə bölürdü. K. oradan keçərkən həm sağdakı, həm də soldakı adamların üzlərini deyil, yalnız kürəklərini görməsi də bunu təsdiqləyirdi. Həmin adamlar üzlərini öz dətəsinə tərəf çevirib nəsə deyirdilər. Çoxu qara geyinmişdi, əyinlərində uzun, gen sürtuk var idi. Belə sürtukları, adətən bayram günləri geyərdilər. K.-nı çaşdıran da elə bu geyim oldu, yoxsa elə bilərdi ki, siyasi iclasa gəlib çıxıb.
Zalın digər qurtaracağında – oğlanın K.-nı gətirdiyi yerdə adamla dolu alçaq bir səhnə vardı və həmin səhnəyə də balaca bir stol çəpinə qoyulmuşdu. Stolun arxasında, səhnənin qurtacağına yaxın yerdə kök, tövşük bir kişi oturmuş, qollarını kreslonun qoltuqaltısına söykəmiş, ayaqlarını da bir-birinin üstünə aşırmışdı və arxasında dayanıb gülüşən adamlarla nə barədəsə söhbət edirdi. Bəzən də əli havada qövs cızırdı, sanki kiminsə karikaturasını çəkirdi. K.-nı buraya gətirən oğlan ona çox çətinliklə məlumat verə bildi. İki dəfə barmaqlarının ucuna qalxıb nəsə demək istədi, ancaq kişi ona fikir vermədi. Yalnız səhnədəki adamlardan biri onun diqqətini oğlana yönəldəndən sonra kişi ona tərəf döndü, əyilərək alçaqdan verilən məlumatı dinlədi. Sonra saatını çıxarıb baxdı və tələsik K.-ya tərəf döndü:
– Siz bir saat beş dəqiqə bundan əvvəl gəlməli idiniz, – dedi.
K. nəsə demək istədi, ancaq çatdıra bilmədi, çünki kişi sözünü qurtarar-qurtarmaz zalın sağ tərəfindəki dəstədən uğultu qopdu.
– Siz bir saat beş dəqiqə bundan əvvəl gəlməli idiniz! – kişi səsini qaldırdı və zala baxdı. Yenə də uğultu eşidildi və kişi susduğu üçün tədricən itib getdi. İndi zalda bayaqkına nisbətən sakitlik idi. Yalnız qalereyadakı adamlar susmaq bilmir, söz atırdılar. Yuxarı yarıqaranlıq, tüstü-dumanlı olduğu üçün həmin adamların aşağıdakılara nisbətən kasıb geyindikləri güclə seçilirdi. Bəziləri hətta özləri ilə döşəkçə gətirib başları ilə tavanın arasına qoymuşdular ki, yaralanmasın.
K. qərara almışdı ki, danışmaqdan çox buranı müşahidə etsin və elə buna görə də gecikdiyinə bəraət qazandırmaq əvəzinə dedi:
– Gecikmiş olsam da, hər halda, gəlmişəm, burdayam.
Yenə də zalın sağ tərəfində əl çaldılar. “Bunları öz tərəfimə çəkmək asandır,” – deyə ürəyindən keçirən K.-nın sol tərəfdəkilərdən nəsə xoşu gəlmədi: onlar düz K.-nın arxasında dayanmışdılar və bir neçəsi də əl çaldı. Fikirləşdi ki, nəsə tapıb desin, soldakıları bu dəfə, buna imkan olmasa, gələcəkdə tədricən öz tərəfinə çəksin.
– Elədir, – dedi kişi, – ancaq mən sizi indi istintaq etməyə məcbur deyiləm... – yenə uğultu eşidildi, ancaq bu dəfə səbəbi bilinmədi, çünki kişi əlinin işarəsi ilə onları susdurdu və sözünə davam etdi: – Buna baxmayaraq, müstəsna hal kimi, mən bu işi indi görərəm. Ancaq belə gecikmək bir daha təkrar olunmamalıdır! Yaxşı, irəli durun!
Kimsə səhnədən tullandı ki, orda K.-ya yer olsun və o, yuxarı qalxdı. Stola lap yaxın dayanmışdı, arxasında isə elə basabas düşmüşdü ki, müstəntiqi stolqarışıq itələyib səhnədən salmasınlar deyə, müqavimət göstərməli oldu. Ancaq bu, müstəntiqin vecinə deyildi, kresloda rahatca oturmuşdu və arxasında dayanan kişiyə son sözünü deyəndən sonra stolun üstündəki yeganə əşyanı – balaca qeyd dəftərçəsini əlinə götürdü. Bu dəftərçə köhnə idi, şagird dəftərinə oxşayırdı və çox işləndiyindən, didik-didik olmuşdu.
– Beləliklə, – deyə müstəntiq dəftərçəni vərəqlədi və nədəsə yəqinlik hasil etmiş adam kimi sözə başladı, – siz rəngsazsınız.
– Xeyr, böyük bir bankın birinci prokuristiyəm.
Bu cavab aşağıda – zalın sağ tərəfində gülüş doğurdu. Ancaq bu gülüş o qədər səmimi idi ki, K. özü də onlara qoşuldu. Adamlar əllərini dizlərinə dayamışdılar, sanki onları öskürək tutmuşdu, əyilib-qalxırdılar. Hətta qalereyadakılardan da gülən oldu. Bərk əsəbiləşmiş müstəntiq, bəlkə də aşağıdakılara gücü çatmadığından, onların hayıfını qalereyadakılardan almaq istədi, ayağa qalxaraq onları hədələdi, başqa vaxtlar diqqəti cəlb etməyən qara, qalın qaşları gözlərinin üstündə dartılmağa başladı.
Zalın sol tərəfi hələ də sakit idi, hamısı cərgə ilə düzülmüşdü, nəzərləri səhnəyə dikilmişdi və dinməzcə yuxarıda danışanlara, o biri dəstənin səs-küyünə qulaq asırdılar, hətta hərdən öz dəstələrindən kimlərinsə o biri dəstədəkilərin hərəkətlərini təkrar etdiklərinə də fikir vermirdilər. Sol tərəfdəkilərin sayı az idi və əslində, sağdakılar kimi elə böyük rol oynamasalar da, sakit dayanmaqları zala nəsə bir məna verirdi. K. da danışmağa başlayanda əmin idi ki, dedikləri onların xoşuna gələcək.
– Canab müstəntiq, mənim rəngsaz olmağım barədə verdiyiniz sual – daha doğrusu, soruşduğunuz yox, boynuma qoyduğunuz – əslində, haqqımda qaldırılan iddiaya çox uyğundur. Etiraz edə bilərsiniz ki, bu hələ istintaq deyil, çox düz deyirsiniz, çünki o vaxt istintaq ola bilər ki, mən onu qəbul edəm. Ancaq mən onu indiki an üçün qəbul edirəm. Özü də yalnız sizə, müəyyən mənada, yazığım gəldiyi üçün... Adamın da o vaxt yazığı gələr ki, burda baş verənləri nəzərə alsın. Mən demirəm ki, bu çox mənasız bir istintaqdır, ancaq istəyirəm ki, bunu özünüz başa düşəsiniz.
K. sözünə ara verib zala göz gəzdirdi. Dedikləri kəskin oldu, bəlkə istədiyindən də kəskin alındı, ancaq hamısı həqiqət idi.
Ara-sıra əlçalanlar nəzərə alınmasa, tam sakitlik idi, yəqin hamı gərginlik içində cavabın necə olacağını gözləyirdi. Bəlkə də bu sükut içində hər seyə son qoyacaq bir partlayış hazırlanırdı. Zalın sonunda qapının açılması hamının diqqətini yayındırdı: gələn gənc paltaryuyan qadın idi. Yəqin işini qurtarmışdı, ancaq nə qədər ehtiyatla tərpənsə də, bəziləri dönüb ona baxdı. Gözü müstəntiqdə olan K. sevindi: deyəsən, bu sözlər onu elə həmin dəqiqə tutmuşdu. Bu vaxtda qədər K.-nın dediklərinə ayaq üstə qulaq asmışdı, ancaq əslində zalı sakitləşdirmək üçün ayağa qalxmışdı, K.-nın bu nitqinə elə təəccüblənmişdi ki, hələ oturmamışdı. İndi fasilə yaranan kimi asta-asta yerinə oturdu, sanki heç kəsin diqqətini cəlb etmək istəmədi. Bəlkə də həyəcanını gizlətmək üçün dəftərçəni təzədən əlinə götürdü.
– Bir şey çıxmayacaq, cənab müstəntiq, – K.sözünə davam etdi, – dəftərçəniz də mənim haqlı olduğumu sübut edəcək.
Bu qəribə iclasın sakitliyində yalnız öz səsini eşitdiyindən razı qalan K. hətta cəsarətlənib barmaqlarının ucu ilə müstəntiqin dəftərçəsini elə götürdü ki, sanki bircə vərəqinin əlinə gələcəyindən, sıx-sıx yazılmış, ləkə-ləkə olmuş, sarı rənglə haşiyələnmiş digər vərəqlərin yerə səpələnəcəyindən qorxdu.
– Bu da müstəntiqin istintaq sənədləri! – deyə dəftərçəni stolun üstünə tulladı. – Nə qədər istəyirsiniz, ordakıları oxuyun, cənab müstəntiq, mən, doğrudan da, bu “günahlar kitabı”ndan qorxmuram. Halbuki, orda nə yazıldığını oxuya da bilmirəm, çünki barmaqlarımın ucu ilə onlara toxunuram, hec vaxt da əlimə götürmərəm.
Müstəntiq əməlli-başlı pərt oldu – ən azı, belə düşünmək olardı – dəfərçə stolun üstünə düşən kimi onu əlinə götürdü, ora– burasını düzəltdi və yenidən oxumağa başladı.
Birinci cərgədəki adamlar K.-ya elə diqqətlə baxırdılar ki, o da bir anlığa nəzərlərini onlara dikdi. Yaşlı adamlar idi, bəzilərinin saçı-saqqalı ağarmışdı. Bəlkə hər şeyi həll edən elə bunlar idi? K.danışmağa başlayan andan qımıldanmayan, hətta müstəntiqin pərt olduğuna belə fikir verməyən adamlara təsir edə bilərdimi?
– Mənim başıma gələn iş.... – K. əvvəlkindən də asta səslə sözünə davam etdi və birinci cərgədəki adamların üzünə baxdı, nitqi bir az da rəvanlaşdı, – ... mənim başıma gələn iş nadir hadisələrdəndir, ona görə də elə vacib deyil, heç ürəyimə də salmıram. Ancaq bu hadisə göstərir ki, çoxlarını beləcə istintaqa cəkirlər. Mən də özümə görə deyil, elə buna görə belə danışıram.
Qeyri– ixtiyari səsini ucaltmışdı. Kimsə bərkdən əl çalaraq dedi:
– Əhsən! Niyə də danışmayasan?! Əhsən!
Birinci cərgədəki adamlardan bir neçəsi saqqalını sığalladı, ancaq heç biri bu çağırışa qoşulmadı. Heç K.-nın ozü də buna fikir vermədi, ancaq bununla belə, həvəsləndi: ona elə gəlirdi ki, indi hamının əl çalması o qədər də vacib deyil, əslində, hamının artıq bu barədə düşünməyə başlaması, hərdən kiminsə fikrini dəyişərək onun tərəfinə keçməsi kifayət edir.
– Mən burda natiqlik qabiliyyətimi göstərmək istəmirəm, – K. elə bu baxımdan da sözünə davam etdi, – bunu hec bacarmaram da... Yəqin cənab müstəntiq məndən də yaxşı danışır, çünki sənəti bunu tələb edir. Mən, sadəcə olaraq, ictimai bir olayın ictimai müzakirəsini istəyirəm. Qulaq asın: təxminən on gün bundan əvvəl məni həbs etdilər. Həbsin səbəbi özümə də gülünc gəlir. Ancaq indi bunun yeri deyil. Səhər-səhər yatarkən mənə hücum etdilər. Bəlkə də, müstəntiqin dediyi kimi, hələ hər şey tam araşdırılmayıb – onlara mənim kimi günahsız olan bir rəngsazı tutmaq tapşırılıbmış, ancaq seçim mənə düşüb. Qonşu otağı iki kobud keşikçi “zəbt etmişdi”. Əgər mən təhlükəli bir cani olsaydım, bunu çox yaxşı təhlükəsizlik tədbiri hesab etmək mümkün idi. Bundan əlavə, həmin keşikçilər tərbiyəsiz fırıldaqçılar idi, rüşvət tələb etdilər, başımı yozub pal-paltarımı elə keçirmək istədilər, dedilər ki, pul ver, sənə səhər yeməyi alaq, halbuki özləri utanıb-qızarmadan mənim səhər yeməyimi gözümün qabağında aşırdılar. Bu, bəs eləmədi, məni ayrı bir otağa – inspektorun yanına apardılar. Bura çox böyük hörmət bəslədiyim bir xanımın otağı idi və onlar, heç bir günahın sahibi olmasam da, mənə görə bu otağın səliqə-sahmanını pozdular. Sakit dayanıb baxmaq olmurdu, ancaq mən dözdüm, sonra tamamilə sakit tərzdə inspektordan – özü burda olsa, dediklərimi təsdiq edərdi – nə üçün həbs olunduğumu soruşdum. Bəs inspektor nə cavab verdi? Bayaq dediyim xanımın kreslosuna necə mənasız bir təkəbbürlə yayxandığı hələ də gözlərim önündən getmir... Bəli, cənablar o, əslində, səbəb göstərmədi, bəlkə heç özü də onu bilmirdi, məni həbs etmişdi və buna görə də sevinirdi. Hələ başqa bir iş də görmüş, işlədiyim bankın üç aşağı vəzifəli məmurunu da özü ilə gətirmişdi və onlar da qadına məxsus olan fotoşəkilləri qurdalayır, otağın səliqəsini pozurdular. Əlbəttə, məmurları buraya başqa məqsədlə gətirmişdi: onlar da ev sahibəsi, qulluqçu qız kimi həbs olunduğumu camaata yaymalı, məni ictimaiyyət arasında hörmətdən salmalı və ən çox da bankdakı mövqeyimi laxlatmalı idilər. Ancaq bundan bir şey çıxmadı, zərrə qədər də xeyri olmadı, hətta sadə bir insan olan sahibə – onun adını burda böyük hörmətlə cəkirəm: frau Qrubax – bəli, frau Qrubax da ağıllı olduğu üçün, başa düşdü ki, bu həbs küçə uşaqlarının tində dalaşması kimi bir şeydir. Təkrar edirəm: bütün bunlar mənim üçün xoşagəlməz bir hadisədən, ötəri qəzəbdən başqa bir şey olmadı, ancaq nəticəsi daha ağır ola bilməzdimi?!
K. sözünə ara verib sakitcə oturmuş müstəntiqə nəzər yetirəndə ona elə gəldi ki, kişi baxışları ilə zaldakılardan kiməsə nəsə işarə etdi. K. gülümsəyib sözünə davam etdi:
– İndi yanımda oturan müstəntiq sizlərdən kiməsə gizli işarə göndərdi. Deməli, aranızda elələri var ki, buradan, yəni yuxarıdan idarə olunur. Bilmirəm, bu işarə bəlkə də fitə basmaq, ya da əl çalmaq üçün idi. Ancaq işin üstünü vaxtından əvvəl açdığım üçün bilə-bilə həmin işarənin mənasına varmayacam. Mənim üçün elə bir fərqi yoxdur və cənab müstəntiqə də açıq şəkildə icazə verirəm ki, aşağıdakı muzdlu işçilərinə gizli işarələr göndərməkdənsə, ucadan əmrlər versin. Məsələn, belə desin: “İndi fitə basın! İndi isə əl çalın!”
Ya pərt olduğundan, ya da səbri tükəndiyindən, müstəntiq kresloda qurcuxdu. Arxasında dayanıb bayaq onunla sohbət edən kişi yenə də əyildi, sanki ona ürək-dirək, ya da tutarlı bir məsləhət vermək istədi. Aşağıdakı adamlar alçaqdan, ancaq qızğın sohbət edirdilər. Əvvəlcə sanki başqa-başqa fikirlərdə olan dəstələrin adamları indi birləşmişdilər, bəziləri barmaqla K.-nı, bəziləri də müstəntiqi göstərirdi. İcəridəki tüstü– duman dözülməz idi. Hətta azacıq aralıda dayananları belə düz– əməlli görmək olmurdu. Ən çox da qalereyada dayananların vəziyyəti cətin idi. Məcbur olub qorxa-qorxa müstəntiqə baxır, məsələdən halı olmaq üçün astadan aşağıdakılara suallar verirdilər. Cavab verənlər də əllərini ağızlarına tutub yavaşcadan danışırdılar.
– Bu dəqiqə qurtarıram, – deyən K. zəng olmadığından əlini stola döydü və həmin anda müstəntiqlə məsləhətçisinin başları təlaş içində bir-birindən aralandı, – bu işin mənə heç bir dəxli yoxdur, ona görə də belə sakit danışıram və sizin bu mənasız məhkəmədə nəsə bir marağınız varsa, məndən eşitdiklərinizin xeyri çox olacaq. Xahiş edirəm, bu dediklərimi aranızda müzakirə etməyi sonraya saxlayasınız, çünki indi vaxtım yoxdur, çıxıb gedirəm.
O dəqiqə ətrafa sükut çökdü. K. artıq zalı ələ almışdı. Daha əvvəlki kimi qışqıran yox idi, heç əl də çalmırdılar, sanki eşitdiklərinə inanmışdılar və ya inanmağa başlayırdılar.
– Şübhə yoxdur ki, – K. alçaqdan danışırdı, çünki gərgin zalı ələ ala bildiyinə sevinirdi və bu sakitliyin özündə də elə bir uğultu vardı ki, ən coşqun alqışdan da ləzzətli idi, – ...şübhə yoxdur ki, bu məhkəmə prosesinin, mənim həbs olunmağımın, indiki istintaqın arxasında böyük bir təşkilat dayanır. Elə bir təşkilat ki, yalnız rüşvətxor keşikçilərdən, lazım gələndə özlərini təvazökar aparmağı bacaran səfeh inspektorlardan, müstəntiqlərdən ibarət deyil, onun, hər halda, yüksək, çox yüksək səviyyəli hakimləri, buna uyğun da xidmətçiləri, katibləri, jandarmları, digər köməkçi heyəti, hətta bəlkə – mən bu sözü çəkinmədən deyirəm – cəlladları da var. Bəs bu böyük təşkilat nədən ötrüdür, cənablar? Ondan ötrü ki, günahsız adamlar həbs olunsun, mənasız, elə mənimlə olduğu kimi, nəticəsiz bir istintaqa cəlb edilsin! Belə bir mənasızlıqda məmurların dəhşətli rüşvətxorluğundan qaçmaq olarmı? Bu mümkün deyil və ən yüksək səviyyəli hakim də burda təmiz qala bilməz. Buna görə də keşikçilər az qalır həbs etdikləri adamın paltarını əynindən çıxarsın, buna görə də inspektorlar tanımadıqları evlərə soxulurlar, buna görə də günahsızlar dindirilmək əvəzinə dəstə-dəstə adamların qarşısında alçaldılırlar. Keşikçilər mənə həbs olunanların əşyalarının saxlandığı kameralardan danışdılar – ah, kaş oğru məmurlar çırpışdırmamış həbs olunan həmin insanların alın təri ilə qazandıqları əşyaların orda necə kif atdığını görə biləydim!
Zalın o biri başından gələn qışqırtı səsi K.-nın sözünü ağzında qoydu. İçəri düşən ölgün günəş işığı tüstü-dumanı ağ rəngə boyamışdı və gözləri qamaşan K. əlini qaşlarının üstünə qoyub o tərəfə baxdı. Paltaryuyan qadın idi, içəri girən kimi mane oldu. Ancaq indi onun günahkar olub-olmadığını demək çətin idi. K.yalnız onu gördü ki, kişilərdən biri onu küncə cəkib özünə sıxmışdı. Ancaq qışqıran qadın deyil, kişi idi, ağzını ayırıb tavana baxırdı. Onların ətrafına bir neçə adam yığışmışdı və qalereyadakılara ləzzət elədi ki, K.-nın yaratdığı ciddilik bu yolla pozuldu. K.tələsik həmin yerə qaçmaq istədi, ona elə gəldi ki, hamı orda qayda-qanun yaradılmasını istəyir, ən azı, onların ikisini də bayıra çıxarmaq lazımdır, ancaq ilk cərgədəki adamlar yerlərində mohkəm dayanmışdılar, heç biri tərpənmədi, K.-ya yol verən olmadı, əksinə, maneçilik törətdilər, yaşlı kişilər əlləri ilə yolunu kəsdilər, hətta kimsə yaxalığından yapışdı, vaxt olmadığından K. geri dönüb onun kim olduğunu görə bilmədi. K. artıq kişi ilə qadın barədə düşünmürdü, ona elə gəlirdi ki, azadlığı əlindən alınıb, həbs olunması ciddiləşir və heç nəyə fikir verməyib səhnədən tullandı. İndi basabas salan adamlarla göz-gözə dayanmışdı. Bu adamları düzgünmü qiymətləndirmişdi? Yoxsa əbəs yerə dediklərinin onlara təsir etdiyinə çox inanmışdı? Yoxsa o danışanda hamısı özünü başqa cür aparmış, ancaq axırda dediklərinə dözə bilməmişdilər? Ətrafındakı sifətlərə bir bax! Balaca, qara gözlər onu çalın-çarpaz doğrayır, yanaqları içkili adamlar kimi sallanıb, uzun seyrək saqqalları biz kimidir. Adama elə gəlirdi ki, onlara əl uzatsan, saqqaldan yox, lələkdən yapışarsan. Ancaq bu saqqallar qurtaran yerdə, adamların yaxasında – bu, əslində, K.-nın kəşfi idi – müxtəlif ölçülü, müxtəlif rəngli nişanlar parıldayırdı. Görə bildiyi adamların hamısının döşündə bu nişandan var idi. İlk baxışdan sağ-sol dəstələrə bölünmüş bu adamlar əslində bir imişlər və K. qəflətən dönəndə gördü ki, əllərini qoynuna qoyub sakitcə aşağı baxan müstəntiqin döşündə həmin nişandan var.
– Belə de...! – K. qışqıraraq əlini qaldırdı, çünki bu qəfil kəşfdən sonra əli yanında dayana bilməzdi. – Görürəm ki, hamınız məmursunuz, indicə əleyhinə danışdığım rüşvətxor dəstəsiniz. Burda basabas saldınız, guya qulaq asdınız... Yalandan iki dəstəyə bölünübsünüz... Bir dəstə məni alqışladı, imtahana çəkdi... Hamınız günahı olmayan bir adamı necə çaşdırmağın yolunu öyrənmək istəyirdiniz. Ümid edirəm ki, burda boş yerə dayanmadınız, ya həvəslə günahsız bir adamın sizdən kömək diləyəcəyini gözlədiniz, ya da... Yol ver, yoxsa vuraram, – deyə K.ona lap yaxın dayanaraq titrəyən qocaya acıqlandı, – ... ya da doğrudan da, nəsə öyrəndiniz. Beləliklə, bu işinizdə sizə uğurlar diləyirəm.
O, tələsik stolun bir küncünə qoyduğu şlyapasını götürdü, bəlkə də heyrətdən sükuta qərq olmuş adamları yara-yara qapıya tərəf getdi. Deyəsən, müstəntiq K.-dan cəld tərpənmişdi, qapının ağzında dayanıb onu gözləyirdi və dedi:
– Bircə dəqiqə...
K.dayansa da müstəntiqə tərəf deyil, artıq dəstəyindən yapışdığı qapıya baxırdı.
-Yanız bunu diqqətinizə catdırmaq istəyirdim ki, – müstəntiq sözünə davam etdi, – siz bu gün özünüz də bilmədən özünüzü istintaqın müttəhimə verdiyi üstünlükdən məhrum etdiniz.
K. hələ də qapıya baxa-baxa güldü:
– Səfehlər! Bütün istintaqları sizə bağışladım! – deyə qapını açdı, tələsik aşağı düşdü. Arxasınca yenidən canlanmış insanların səs-küyü eşidildi. Yəqin ki olub-keçənləri tələbələrsayağı müzakirə edirdilər...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Paytaxtda iri marketlər bağlanır
Maneə yaradan hislər
3 sayta xəbərdarlıq edildi
Maraqlı adət-ənənələr
"Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Cəlilabadda möhtəşəm Alov festivalı
Putin Mehriban Əliyevanı təbrik etdi
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Evdəki vasitələrin möcüzəvi təsiri
Dadlı piroq (foto resept)
Brabus-dan kabriolet Mercedes
Millimiz İsraili darmadağın etdi
"Binada yanğın yalnız bir nöqtədə başlayıb"
Arıqlamağa kömək edən limon və istiot
90 yaşlı rəssam nənə
Kivili, bananlı dondurma (foto resept)
Məşhur bədən boyama festivalı
Mehmet Ali Erbil əməliyyat olundu
Bu körpəni görənlər gözlərinə inanmır
Gicitikanın faydası və çayı
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
İnternetdə əsas problem nədir?
Ən gözəl afrikalılar
Dünyanın ən qəribə və mehriban üçlüyü
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
Koronavirus hava ilə yoluxur? - ÜST-dən açıqlama
Gələcəyin şəhər bağları - FOTOSESSİYA
TQDK imtahan keçirəcək
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ
Dünyanın ən böyük avto şousu başladı
Şəkidə şirniyyat festivalı olacaq
Dilqəm Əsgərovun oğlu danışdı
3 addımda həyat sevincim, dəyərli yaşlanma
İnsanlarda qorxu yaradan dərmanla bağlı rəsmi açıqlama
Şəkər uşaqların hisləri ilə oynayır
Fındıq əzməli peçenye (foto resept)
Arı beyninin üstünlüyü
Lox-Ness bədheybəti yenidən peyda oldu?-FOTO
102 yaşında doktor oldu
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Yeyə biləcəyiniz buketlər
Buz heykəllər şəhəri
Ölən qardaşına mesaj yazan bacı cavab aldı
Noxud salatı (foto resept)
Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”
Ali Məhkəmədən dollarla krediti olanlara İZAHAT: Krediti hansı kursla qaytarmalı?
İlin adamı bəlli oldu
Yaşı çatmayanlar 1-ci sinifə necə gedəcək?
- ŞƏRHLƏR