Qadin.NET / İşiquronun məğlub qəhrəmanları

İşiquronun məğlub qəhrəmanları

 

İşiquronun məğlub qəhrəmanları

Bioloqlara görə, Yer kürəsində fiziki və əqli cəhətdən ən yüksək inkişaf edən canlı insandır. Bu, üstünlük kimi qiymətləndirilsə də, bəzən insanlıq üçün ən böyük təhdid, təhlükə ola bilir.

Nobel mükafatı laureatı, yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro “Məni heç vaxt tərk etmə” romanını məhz bu təhdid və təhlükənin tükürpərdici detalları üzərində qurğulayıb, nəfis təhkiyəylə nəql edib. Əsər Heyşelm adlı internat məktəbində üç dostun (Rut, Tomi, Keti) uşaqlıq xatirələrilə başlayır. Hadisələr irəlilədikcə həmin qorxunc təhdidin fərqinə varırıq. Aydın olur ki, buradakı şagirdlər donor kimi yetişdirilir. "Sizin həyatınız öz ixtiyarınızda deyil. Siz böyüyəndən sonra qocalmağa, hətta orta yaşa çatmağa macal tapmamış həyati orqanlarınızı başqalarına verməyə başlayacaqsınız. Hər biriniz bu məqsədlə yaradılmısınız. Siz videolarda gördüyünüz aktyorlar kimi deyilsiniz, heç mənim kimi də deyilsiniz. Siz bu dünyaya müəyyən məqsədə görə gəlmisiniz və sizin gələcəyiniz, bununla bağlı hər şeydən əvvəlcədən qərarlaşdırılıb".

Onlar gələcəkdə orqan transplantasiyası üçün nəzərdə tutulmuş klonlardan fərqsizdirlər. Məhz bundakı incə fərq, yazıçının usta qələmi, yalın, sadə, amma çox təsirli dililə özünü birüzə verir. Romanın diqqət çəkən tərəflərindən biri də odur ki, İşiquro obrazlarının hissi yönlərini xüsusilə gizlətməyə çalışır. Fikir və düşüncələri, psixoloji və ruhi sarsıntıları, dilə gətirmədikləri əzabları azacıq aralı qalmış pərdə arxasından sızan günəş işığını xatırladır. O pəncərinin arxasında qızmar, parlaq günəşin varlığını hiss edirik, amma heç vaxt görə bilmirik. 347 səhifəlik kitabda o şagirdlərin hislərini, həyəcanlarını tam anlamıyla aydınlaşdıra bilmirik. Və burada kitabın ötürməyə çalışdığı bəşəri mesaj gün üzünə çıxır.

İşiquronun məğlub qəhrəmanları

İnsan hər hansı məqsəd üçün dibçəkdə böyüyən bitki kimi yetişdirilə bilərmi?
Həyatdakı yeganə misiyası başqa insanların xilasedicisi olmaq, ən başlıca vəzifəsi bədənini, fiziki sağlamlığını qorumaq olan şagirdlər bütün dünyadan təcrid edilməklə düşünməkdən, xəyal etməkdən, taleyini dəyişməyə can atmaqdan xali ola bilərmi? Bunları həyata keçirə biləcək sistem mövcuddurmu? Daxili dünyamız, ruhumuz, mənəviyyatımız olmasa, neçə faizimiz insan sayılır?
Olduqca həssas nüanslara toxunan əsər ilk səhifədən sonadək sorğulamağa davam edir. Bəzən bu davamlı sorğu oxucunu yorur. Lakin hər dəfəsində daha qarmaşıq dilemanın astanasında tapırsan özünü. Fərqində olmadan heç vaxt düşünmədiyin bəşəri sualları cavablayırsan.
Kitabın maraqlı tərəflərindən biri də bu oldu ki, üç dost arasındakı ciddi mübahisələrdən sonra bir-birlərindən uzaqlaşıb, üz döndərmirdilər. İlk baxışda bu, sədaqətli, möhkəm dostluqdan xəbər verirmiş kimi görünür. Lakin eyni halın dəfələrlə təkrarlanması (xüsusilə də Rutun etdiyi haqsızlıqlar) və Ketin bir səhnədə “Onlar mənim ailəmdirlər” deməsi pazlın əskik hissəsini tamamladı sanki. Həqiqətdə onlar bir-birlərindən başqa heç kəsləri olmadığı üçün çox şeyi bilərəkdən görməzdən gəlirdilər. Qohumluq əlaqələri olmasa da, onları birləşdirən yaşanmışlıqların sarsılmaz gücüydü. Buna görə bir-birlərindən keçmirdilər.
Ket və Tominin Madamla və Miss Emili ilə görüşündə həyəcanımı boğmaqda çətinlik çəkirdim. Tominin nəzəriyyəsinə o qədər ürəkdən inanmışdım ki, yaşadığım xəyal qırıqlığı ən az onunku qədər üzücü idi. Bitkiyə su, gübrə, istilik, işıq verib, böyütmək, sonra da yarpağını, ləçəyini, budağını qoparıb götürmək, yaşadığı torpağını əlindən almaq və ona əslində heç vaxt köklərinin olmadığını, heç bir yerə aid olmadığını, “Vəzifən bitdi, artıq heç nəyə gərək deyilsən, ölümünü gözlə” demək. Heyşelmli şagirdlərin taleyi bundan ibarət idi. Həyatlarının hərəkət trayektoriyaları cızılmışdı. Tərbiyəçilər şagirdlərin bu alın yazısına qarşı çıxacaqlarını belə gözləmirdilər. Məhv etdikləri həyatların fərqində olmadan müqəddəs hesab etdikləri işlərinə soyuqanlıqla davam edirdilər.
Sevindirici haldır ki, belə əhəmiyyətli mövzunu dilimizdə oxumaq şansımız var. 2005-ci ildə nəşr olunan bu əsər bestsellerlər arasında ilk onluqda qərarlaşıb.
Orijinaldan tərcüməni son zamanlarda keyfiyyətli işləri ilə tanınan "TEAS Press" Nəşriyyatı həyata keçirib. Gözəl tərcüməyə görə İlahə Əkbərə minnətdaram. Belə həssas mövzulu əsərlərin nəşri cəmiyyətimizin fərqindəliyinin inkişafına xidmət edir.

Distopiya, dram, elmi-qurğu, azca romantika-nə axtarsanız, var bu kitabda. Kitab bitdikdən sonra Heyşelm kimi yerin mövcud olub-olmadığını araşdırdım və heç nə tapa bilmədim. Buna görə də çox sevindim...

30 iyun 2018
GO BACK