Qadin.NET / Vladimir Domaşeviç “İlk məyusluq”

Vladimir Domaşeviç “İlk məyusluq”

 

Vladimir Domaşeviç “İlk məyusluq”

 

Kitabsevərlər Hərəkatı Belorus yazıçısı Vladimir Domaşeviçin “İlk məyusluq” hekayəsini oxuculara təqdim edir.

Tərcümə edən: Ağarza Həsənov

İon Anisiya oğlu Nutsi ilə gedirdi, oğlan belə rəngarəng, səs-küylü, qəribə mühitə ilk dəfə düşmüşdü. Uşaq elə hey ətrafa boylanır, gördüklərinə heyran qalırdı.

Budur, rastlarına bir adam çıxdı, sanki başqaları kimi adı bir adamdı. O, qoynundan bir ilan çıxartdı, gömgöy, uzun, gözləri vahıməli bir ilan. Qəribədir, bu əcaib heyvan ona heç dəymirdi, gah qıvrıla-qıvrıla qoluna sarılır, gah da şərf kimi boynuna dolanırdı, o isə qorxmurdu, gülürdü. Nə qədər qəribə, həm də dəhşətli işdir. Atası dedi: “Hamısı fırıldaqdır. O, ovsunçu deyil, ilanı da əməlli-başlı ilan deyil, zəhəri yoxdur, dişini çıxarıblar, qorxusu yoxdur”.

Uşaq pəncəsi üstə qalxıb diqqətlə baxdı: doğrudan da, elə idi, ilan o saat ona əsgidən düzəldilmiş kimi göründü, yiyəsi isə yalandan gülürdü, deyəsən, atası haqlı idi, axı o hər şeyi bilirdi!

Atasının damarlı, sanki möhkəm bir şeydən düzəldilmiş əlindən yapışmış Nutsu özünü təhlükədən uzaq hiss edirdi, bu hiss o qədər dərindi ki, bir an özü-özünə böyük göründü. Bəli, bəli, elədir ki, var, o, indi xeyli boy atmışdı.

Lakin əyninə gen qırmızı şalvar geymışŞ göy qurşaq bağlamış nataraz kişini görəndə Nutsu yenə heyrətə gəldi. Nataraz adam dəstəsi sarı qotazlı, parıldayan siyirmə qılıncı əlinə aldı. Qəddini düzəldib, ayaqlarını gen qoydu, cəld qılıncı başının üstündə hərlədi, sonra birdən başını dala əyib, qılıncın iti ucunu dodaqları ilə tutdu və onu udmağa başladı. Nə qədər istəsən baxa bilərsən, inanmaya da bilərsən, amma düzü belədir: o, dəstəyinədək yavaş-yavaş uddu, yalnız qotazı çənəsinə,qulağının yanına tökülmüşdü. Sonra o, qılıncı ağzından çıxartdı. Bir damcı da qan görünmədi. Özü də gülürdü.

Uşaq quruyub qalmışdı, atası ona dedi: “ Yamanca fırıldaqçıdır. Gör necə kələk gəlir. Axı onun qılıncı əməlli-başlı qılınc deyil, saxta şeydir, bir bax”… Sonra fırıldaqçı gözünü yumub açmağa macal tapmamış dartıb qılıncı onun əlindən aldı.

Atası qılıncın iti ucunu ovcuna dirəyib, obiri əli ilə dəstəyi basdı. Əlləri bir-birinə yaxınlaşdı, qılıncın uzun tiyəsi yığıldı, qısaldı, yalnız sarı qotazlı dəstəsi qaldı.

Camaat gülüşdü. Möcüzə boşa çıxdı. Əlində qılınc əvəzinə tiyə qırığı olan fokusçu uşağın gözündən düşsü.

Səs-küy idi: sarı xalatlı əcaib cırtdanlar qaçışır, şən hoqqabazlar min oyundan çıxır, alabəzək papaqlarından dovşan, gah da göyərçin çıxardırdılar: bir yanda yapışqan kimi yasəməni şərbət axır, bir yanda pivə köpüklənə-köpüklənə badələrə tökülürdü. Yarmarkanın nəhəng yelləncəyi havada hey hərlənir,xanımları da, onların kişilərini də, yelləncəyin yanlarına çəkilmiş yaşıl, sarı, qırmızı, narıncı çobanları da özü ilə hərlədirdi. Burada hər şey aramsız hərəkətdə idi, hər şeyin özünəməxsus gözəlliyi vardı. Amma hamısı bircə anda öz sehrini itirə bilərdi, atası əlini qaldıran kimi yelləncək dayanacaqdı.

Nutsu elə bil bu mənzərəni, bu matı-qutu qurumuş camaatı görürdü: biri üz-gözünü turşutmuşdu, birinin əli, digərinin ayağı havada quruyub qalmışdı-elə bil ki, hamısını buz kimi külək dondurmuşdu. O sanki atasının səsini eşidirdi: “Ay kələkbazlar! Bunların hamısı fırıldaqçıdır, özün bax da…”

Uşağın həyəcanı getdikcə artırdı. Onu yarmarkada gördüklərindən daha çox atasının qüdrəti mat qoymuşdu.

Onlar yanaşı gedirdilər: ata böyük, sərt və cəsarətli idi, oğul isə hələ balaca, arıq, çəlimsiz idi, atası ilə güclə ayaqlaşırdı. Uşaq birdən atasının əlini buraxıb kənara çəkildi. Atasının ciddi, sərt üzünə baxanda Nutsu hiss etdi ki, bu, yad və uzaq, az qala ona düşmən adamdır.

Nutsu az qala ağlayacaqdı, amma bu an İon Anisiya mehribancasına dedi: “ Nə olub, oğlum? Darıxma, bir az səbr elə, qoy Like ilə danışım, sonra gedərik yelləncəyə tamaşa eləməyə, oradan da sirkə gedərik, vəhşi heyvanlara baxarsan”.

Atasının mehribanlığı uşağı bir qədər sakitləşdirdi.

İon Anisiya güzəranından razı idi: İl yaxşı gəlmişdi, məhsul gözlənildiyindən bol olmuşdu. Bazarda da işi yaxşı gətirmişdi, ona görə kefi kök idi.

Onlar, yemişlə, üzümlə, dolu çoxlu yük maşınlarının, arabaların dayandığı meydançaya yaxınlaşdılar. Havadan quru ot, peyin, benzin və işlənmiş maşın yağı iyi gəlirdi, ata kooperativin sürücüsü Ligeni səsləyib dedi: “Biz Nutsu ilə ləngiyəcəyik. Sən, Like, tərpən. Arvada deyəərsən ki, biz qaldıq, axı uşaq buralara birinci dəfə gəlib, qoy baxsın, görsün. Gəl adama bir qədəh vuraq, sonra yola düş”. Onlar içdilər, sürücü özünü maşına yetirəndə İon Anisiya ona dedi: “Müxtəsəri, mən razıyam, Like. Bildin də, bax, belə”.

Nutsu bunu eşidəndə ürəyi açıldı, sevinc əndişəni üstələdi.

Uşaq uzun müddət xəstə olmuşdu, ona kömək eləyən dərmanlardan biri də atasının sağalanda onu özü ilə yarmarkaya aparacağına söz verməsi idi. İndi atası vədini yerinə yetirirdi.

Ailədə Nutsu ortancıl oğlan idi, o, quraqlıq ildə dünyaya gəlmişdi. Taxıl yanmışdı, torpaq elə qurumuşdu ki, sanki tamam gücdən düşmüşdü. İon Anisiya taxıl tapmaq üçün arana getdi. Elə bil uşaq anadan bədbəxt doğulmuşdu. Amma o özü bundan xəbərsiz böyüyürdü. Keçən il o, məktəbə getməli idi, lakin xəstələndiyindən gedə bilmədi.

– Atası dedi:

– Hə, işimizi qurtarqıq. İndi gedək sirkə, heyvanlara baxaq.

– Doğrudan, əsil heyvanlardır?-deyə Nutsu soruşdu və birdən nədənsə heyifsləndi ki, nahaq Lige ilə geri qayıtmadılar.

– Əlbəttə, əsil heyvanlardır, belələrini sən hələ görməmisən, şirləri, pələngləri və başqa çox-çox heyvanları əcnəbi ölkələrdən gətiriblər.

Lakin lap yaxında onlar attraksion gördülər, qəribə adı vardı: “Uyuğu vur”. Ata və oğul dayandılar.

Attraksion iplə və bəzi yerləri qarmaqla bağlanmış bir çirkli çadırda idi. Çadırın dib tərəfində, tirin üstündə uyuq-köhnə, paslı, al-əlvan kağızlı konserv qablarından düzəldilmiş piramida vardı. Çadırın girəcəyində, surahının üstündə səkkiz balaca top qoyulmuşdu, bunları müştərilər hədəfə atmalı, uyuğu vurmalı idilər.

Bir ley ver və topları bir-birinin dalınca at. Əgər bankaların hamısını salsan, deməli, udmuş olursan, sənə gildən düzəldilmiş pəri verirlər. Söz yox, burada tamaşa etməli bir şey vardı. Bunun sahibəsi-kirli döşlük taxmış gombul arvad çadırın girəcəyində dayanıb, müştəri çağırırdı.

 

Vladimir Domaşeviç “İlk məyusluq”

 

 

– Bura, bura gəlin! Buyurun bura!.. – Arvadın yoğun boynuna, iri gövdəsinə yaraşmayan cır səsi vardı.

Həvəskar çox idi. Ancaq çox sərrast atanlar da bankaların hamısını vurab sala bilmirdilər, heç olmasa biri qalırdı, yaman uyuq idi, öhdəsindən hələ-hələ gəlmək olmurdu, elə bil ki, adamı ələ salırdı.

Oğlan yazıq-yazıq atasının üzünə baxdı, ata başını tərpətdi. Uşaq iki top götürdü. Birini sol əlində bərk sıxaraq, o birisini boş bankalara atdı. Cındırdan düzəldilmiş top piramidanın yanından keçib çadırın dal divarına dəydi. Atası surahıya dirsəklənib gülümsünür, oğluna göz yetirirdi.

İkinci çox zəif getdi, hədəfə çatmadı.

Atanın qaşqabağı tutuldu; uşaq çox zəifləmişdi, taqətdən düşmüşdü…üçüncü top hədəfdən xeyli aralı, yan divara dəydi. Uyuq elə bil uşağa acıq verirdi. Nutsu az qala ağlasın, onun əli dördüncü topa tərəf uzandı, cəmi dördcə top qalmışdı. Gombul arvad qaya kimi hərəkətsiz oturmuşdu. İon Anisiya qəddini düzəltdi. Uşaq çox zəif, sısqa idi, çöhrəsi solğun, əlləri taqətsiz; sarı uzunsaçlı başı da elə bil, nazik boynunun üstə güclə dururdu. Atasının saçı qara, cod, sümükləri bərkdi, anası da qarasaç, gərdənli, sağlam kənd arvadı idi.

İşıq şüası uşağın azca dik burnuna düşdü, sonra möhkəm sıxılmış dodağını, şəffaf dərili çənəsini oxşadı. Ata uşağa diqqətlə baxır, oğlunda öz nişanələrini axtarırdı, lakin tapa bilmirdi. Nutsi bir də qolaylandı. Ata tutuldu. Bayaqçı kədəri təsəlliyə çevrildi, uşağın acizliyinə gülümsündü: sısqa, quş kimi cuppulu, nərmənazik.

Ata istədi ki, oğlunun acizliyinə daha yaxından nəzər salsın. O, uşağa yaxınlaşdı. Burada hamı- gombul arvad da, tamaşaçılar da, elə Nutsunun özü də gördü ki, çox ehtiyatla uşağın əlini tutdu və topu onun ovcundan götürdü.

Uyuq elə bil titrədi. Ata hədəfi nişan aldı və dedi:

– Nutsu, bax, indi atacağam, fikir ver, gör necə tullamaq lazımdır.

Piramidanın ortasındakı banka düşdü, onun ardınca da üstdəki bankalar töküldü. Atanın gözləri həris-həris parıldadı, o çox mülayim, çox sakit bir tərzdə dedi:

– Oğlum, bax, gör haranı nişan almaq lazımdır.

Bu dəfə top uyuğa yan tərəfdən dəydi və kənara sıçrayıb çadırın yuxarı küncündəki qarmağı sındırdı.

– Öyrən, oğlum, axı sən kişisən, atana bax və yadında saxla ki, nəyi nə təhər…

Səkkizinci top qalan bankaları da aşırdı. Başqa cür ola da bilməzdi.

Uyuğu vurandan sonra İon Anisiya dedi:

– Nutsu, bax belə eləmək lazımdır, əvvəlcə ortasını, gövdəsini nişan al, baş özü diyirlənib düşəcək. Sonra çiyinlərinə vur. Axıra yaxın yerdə qalanını vur.

Atanın gözləri gülürdü.

Gombul arvad dedi:

– Zirək, güclü kişisən, ancaq pərini sənə verməyəcəyəm. Qarmağı sındırmısan, axı onun bahasına pul verilib!

– Yox, pərini mənə verəcəksən, o məənimdir, udmuşam. Qarmağın haqqını isə verərəm, neçə olsa verərəm. Sən haqqımızı ver, bu saat ver, mənim və oğlumun haqqını.

Gombul arvad gözəl pərini gildən olsa da, uzun ləbbadəli, qəşəng gözlü, qara qaşlı pərini onlara verdi.

6 dekabr 2015
GO BACK