Qadin.NET / Georg Belitze “Yağış”

Georg Belitze “Yağış”

Kitabsevərlər Hərəkatı almanyalı yazıçı Corc Belitsenin “Yağış” hekayəsini təqdim edir.

 

 

Tərcümə edən: Əlfi Qasımov

Bir dəfə körpə uşaq evdə tək olanda yağış başladı.

Yağış qapını, pəncərəni döyəcləyir, elə bil mıx çalırdı.

Ancaq körpə yağışa qətiyyən əhəmiyyət vermir, divar saatının yorulmadan, elə hey o tərəf bu tərəfə gedib gələn kəfkirindən gözlərini çəkmirdi. Saat körpənin gözlərini çoxdan cəlb etmişdi. İndi o əlini girdə, parıldayan kəfkirə uzatdı ki, (axı bu məxluq hər şeyi bilmək istəyirdi) tutub onu saxlasın, tərpənməyə qoymasın. Ancaq onun əli soyuq, sürüşkən şüşəyə toxundu, şüşə qoymadı uşağın əli kəfkirə dəysin.

Körpə uşaq üçün başa düşmək çox çətin idi ki, necə ola bilər, lap yaxınlıqda olan bir şeyi tuta bilməyəsən. Doğurdan da bu bir möcüzə idi!

Körpə parlaq kəfkirə xeyli baxdı; o haradan biləydi ki, bu saatdır, vaxtı hesablayır. Nəhayət, bu balaca məxluq başa düşmədiyi şeylər barədə fikirləşməkdən əl çəkdi, şən, qayğısız halda güldü…

O, saatın kəfkirini bir anda unutdu, ehtiyatla, yanını basa-basa (hələ xəbəri olmasa da, axı yumru yerin üstündə yerimək çətindir) otağın bu başından o başına getdi. Körpə hələ sərrast yeriyə bilmirdi. Axı, o, ömründə cəmi ikicə qış görmüşdü.

Evdəki bütün əşyalar ondan hündür idi, ən alçağına belə əl vurmaq istəsəydi, gərək pəncələri üstə qalxaydı.

Axı nə qədər belə eləmək olar, bir dəfə olar, iki dəfə olar, axırda acığından qəhərlənərsən, hirslənərsən, ona görə ki, hər addımda qabağını nə isə bir şey kəsir. Düzdür, stulun üstünə qalxsan, o saat ucalacaqsan, əgər çarpayının üstünə çıxsan, daha hündür olacaqsan, amma əlin yenə səqfə çatmayacaq, ona görə ki, ağ səqf odur ey, qalxıb dayanıb göyün yeddinci qatında, yaxşısı budur, heç o barədə düşünməyəsən.

Körpə akvariumun yanında dayandı, akvariumu yaxşı tanıdığından indi ona baxmaq maraqlı deyildi. Akvariuun yaşıla çalan suyunda iki balıq yaşayır, iki səssiz-səmirsiz kölgə bir yerdə dayanmadan hərəkət edirdi. Balıqlar birlikdə akvariumun qırağına qədər kor kimi üzüb gəlir, şüşəyə toxunub yenə geri qayıdırdılar, axı bu, onların yeganə yolu idi.

Başqa işləri olduğundan körpə balıqlardan əl çəkdi. Körpənin qulağına haradansa musiqi səsi gəlirdi. Gərək o, otaqda hər yeri axtaraydı, hər küncə baş vuraydı, stolun, çarpayının altına baxaydı ki, görsün bu səs harada gizlənib. Bu sirli, həzin səs, körpənin bu vaxta qədər eşitdiyi səslərin heç birinə bənzəmirdi.

Musiqi nə otaqda idi, nə də küçədə, onun ürəyində çalınırdı, bütün varlığına hakim kəsilmişdi. Balaca bunu haradan biləydi?

Körpə tapılması mümükün olmayan bir şeyi axtarır, ele hey axtarırdı. Axırda zinhara gəldi və yenə güldü. Axı o görmədiyi, bilmədiyi şey üçün dərdə-qəmə batmayacaqdı ki…

Yağış güclənmişdi, daha bərk şırıldayırdı. Uşağın diqqətini pəncərədən süzülən yağış cəlb etdi. Uşaq ona daha yaxından baxmaq istədi.

Körpə qapıya tərəf qaçdı. Böyük otaq arxada qaldı. Otaqdakı bütün bu iri, səssiz-səmirsiz şeylər arasında o özünü yalqız hiss elədi. Uşağa belə gəldi ki, bütün bu şeylər onun qapı ilə mübarizəsinə istehza ilə tamaşa eləyir. Yaxşı, indi görərlər ki, o neyləyəcək. Qapının pəzəsi yuxarıdaydı, deməli, stul gətirmək lazımdır. O, stulun üstünə qalxdı. Əvvəlcə dizlərini stulun üstünə qoydu, sonra ayağa qalxdı. Hə, bax indi başqa məsələ: soyuq, dəmir pəzə asanlıqla açıldı. Artıq körpə özü özünün böyüyü, ağası idi.

O, dəhlizə çıxdı və ilk dəfə yağışın altına düşdü, isti, mülayim yay yağışının.

Yağış ele bil canlı idi, uşağın çox xoşuna gəldi. Yağış onun əlinə, boynuna, başına, ətrafına tökülürdü. Bu, uşağın xoşuna gəldi.

O, heyran-heyran yağış selini yararaq sevinclə gölməçələri şappıldada-şappıldada irəlilədi.

O, başını yuxarı qaldırdı ki, bu yağışın haradan gəldiyini görsün, ancaq heç nə görə bilmədi.

Ağacların işıldayan yarpaqları yağış damlaları altında sevinclə pıçıldaşırdı. Yağış damlaları daşlara dəyib fəvvarə kimi ətrafa səpələnirdi, elə bil daşlar canlanmışdı. Çiçəklər ona baş əyirdilər; qara, islanmış çəpərin fonunda xüsusilə al-əlvan görünən çiçəklər.

***

Ana həyətə girdi. Yay yağışının bu qədər uzanmasından dilxor olan ana evə tələsirdi.

Ana indicə evinə girəcəkdi. İsti otaqda hər şey öz yerindədir – hər şey yağışlı havanın gətirdiyi həzin kədər və mürgü içərisində uyuyur; çarpayı üstündəki tül sürüşüb düşməyib, stolüstü örtük və ağır pəncərə pərdələri tərpənməyib, ətraf toranlıq və sükutdur. Bəli, rahat dincəlmək olar.

Ana körpəsini dəhlizə çathaçatda gördü. Körpə ayaqyalın, gölməçələri şappıldada-şappıldada inamla yeriyirdi, yağış onun saçlarını pırtlaşdırmış, telini alnına yapışdırmışdı. Ancaq yerişi elə dəyişmişdi ki, az qala ana öz körpəsini tanımayacaqdı.

Ana qorxu içərisində bağırdı və özünü uşağın üstünə atdı. Körpəyə tanış olan, hərarətli, qayğılı ana əlləri onu qupquru, təmiz yatağa saldı.

Ana həyəcanla oğluna baxırdı ki, görsün onda soyuqdəymə əlamətləri yoxdur ki. Körpənin çarpayısı başında dayanan ana dəhşətlə oğlunun xəstələnə biləcəyi barədə düşünürdü.

Körpə isə əvvəlcə dizlərini və əllərini çarpayıya dirəyərək qalxdı, sonra da tamam ayağa durub, pəncərədən baxmağa başladı. Bayaqkı kimi yağış tökürdü.

O hər iki əlini yağışa tərəf uzatdı, amma əlləri pəncərəyə çatmadı.

Anası onun ürəyində idi, ondan ayrılmaz bir varlıq idi. Bununla belə indi o, anasına tərəf dönüb baxmadan yağışa can atırdı. Birdən uşaq ağlamağa başladı, hıçqıra-hıçqıra ağladı, elə bil ən əziz adamından ayrılmışdı.

Ananın narahatlığı daha da artdı. O, körpəsini bürüdü, üstünü isti tük yorğanla basdırdı. Uşaq isə kirimək bilmir, hönkürürdü. Ana bütün bunların səbəbini yağışda görür, yağışa lənət yağdırırdı. Yağış kəsəndə ananın sevincinin hədd-hüdudu yox idi.

Ancaq bir müddət keçəndən sonra yağış yenə yağmağa başladı.

7 dekabr 2015
GO BACK