"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"İnanmayacaqsız, amma bəzən yorğunluqdan ağlayıram. Bel ağrısı, ayaq damarlarımın ağrıdı, baş ağrısı... ağrılar bitmək bilmir. Evdar xanımam nə olsun? Bir saat oturduğumuzu xatırlamıram. Üç uşaq anasıyam. Birinin tökdüyünü digəri yığmaz. Heç nəyi bölüşə bilmirlər. Bir yerə qonaq gedəndə quzu balası olurlar. Hamı deyir nə tərbiyəlidilər. Di gəl ki, evdə... Gün ərzində qonaq otağını ən azı qırx dəfə yığışdırıram. Oyuncaqların tam yığıldığı gün nədir, heç dəqiqə belə yoxdu. Qonaq gələndə utanıb xəcalət çəkirəm.
Axı necə izah edim ki, yığsam da, yığmamış kimi görünür. Axı necə izah edim ki, uşaqlarım dağıdıb tökməyin kralıdırlar. Yoldaşım da ki... Təmizliyin kralı. O qədər təmizlik xəstəsidir ki, hətta qapını nəm salfetlə tutub açır. Hətta həkimə gedib bu qədər təmizlik tələb etməsinin səbəbini öyrəndik. Psixoloji problem çıxdı. Başını buraxdı. Mikrobdan qorxur. Yanında asqırmaq olmaz. Öskürmək olmaz. Diş pastasının qapağının içini belə təmizləməmiş yerinə qoymur. Sabun qabını gündə otuz dəfə yumaqdan bezdiyimdən süngər üstünə qoydum. Onun gəlişinə beş dəqiqə qalmış dəhlizi, qonaq otağını gül kimi edirəm ki, qanı qaralmasın. Amma bütün bu rahatlıq onun uşaqların yataq otağına keçməsinə kimidir.
Oyuncaqları atmağımı, yenisini almamağımı təkid etsə də, ana ürəyim dözmür. Uşaqlarımı oyuncaqsız təsəvvür etmirəm. Bir oyuncaqdan üç ədəd alırıq. Etiraf edirəm ki, çox xərc edirik. Yorğunluqdan inildəyirəm. Yatağa uzanıb dərin yuxu yata bilmirəm. Bütün bədənim ağrıyır. Ağrıdan kim yata bilər? Tək əlacım oyuncaqları evdən xaric etməkdir. Qonşuya, ya uşaq bağçası var ora verərəm. Bəs sonra? Sonra uşaqlarımın ən amansız düşməni mən olmaram? Onlar mənə nifrət etməzlər? Nə edim? Çarə deyin. Uşaqlarım 3-8-10 yaşlarındadırlar.
Məni dinlədiyiniz üçün sizə minnətdaram, Xəyalə xanım".