Qadin.NET / ETİRAFLAR:"Kimdən əskiyəm?!"

ETİRAFLAR:"Kimdən əskiyəm?!"

 

ETİRAFLAR:"Kimdən əskiyəm?!"

 

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

 

"Əvvəla onu deyim ki, sizə etiraf etmək gözlədiyimdən asanmış. Sən demə bir şəxsi mesaj hər şeyi həll edə bilir. Dəyərli dostlarıma hər şeyi açıq-aydın danışa bilərdim, lakin onların səhvlərimi üzümə deməyəcəklərinə, hər məsələdə məni haqlı görəcəklərinə əmin olduğumdan, tanımadığım şəxs kimi sizə yazmaq qərarına gəldim. Ümid edirəm ki, düzgün məsləhəti məhz Qadin.Netli xanımlar verə bilərlər. 

Biz dörd gəlinik. Ailənin ilk gəlini mən olduğumdan həmişə diqqət mərkəzində olmuşam. Di gəl ki, ikinci, üçüncü və nəhayət dördüncü gəlinlər ailəyə daxil olandan sonra həyatım dəyişdi. Paxıl insan deyiləm. İkinci gəlinlə mehribanıq. Ancaq qaynanam üçüncü və dördüncü gəlinləri məndən və ikinci eltimdən xeyrli fərqli sevir. Buna ayrıseçkilik deyirəm. Böyük gəlinəm bəli, ancaq bütün diqqəti öz üzərimə çəkmək niyyətim də yoxdur. Sadəcə kiçik gəlin gələndən eltimlə mən qaynanamın bizə qarşı bir qədər aqressiv olduğunu hiss edirik. Sanki kiçik gəlinin etdiyi hər şey ideal, bizim etdiklərimiz və bu günədək qayanamın bəyəndiyi hər şey səhvmiş. Balacamı həyətə çıxardanda hər dəfə qonşu gəlinlər mənə bəxtəvərlik yağdırırlar. "Mən evin tək gəliniyəm, qaynanam aldığım nəfəsi də güdür. Nə geyindim, nə aldım, nə qoydum-hamsının haqq hesabını çürüdür. Bəxtindən eltilərin var, qulağın dinc olar". -kimi sözlər deyirlər. Üzlərinə gülümsünürəm. Bəlkə də, haqlıdırlar-deyə düşünürəm. Ancaq qaynanamın kiçik gəlini biz iki böyük gəlindən üstün görməsini həzm edə bilmirəm. Dediyim kimi paxıl deyiləm. Bu hiss mənə yaddır. Özünüzü yerimə qoyun və vicdanla deyin. Kiçik gəlinin bişirdiyi çiy yumurtanı belə bəh-bəhlə yeyir, ancaq mənim adicə xiyar doğramağımı söz edər, "xiyar acıdır" deyib dilinə vurmaz. Onunla bir evdə yaşadığımız illərdə belə problemlərimiz olmayıb. Heç ikinci gəlin ailəyə gələndə belə onunla mənim aramda bu cür fərq qoymazdı. Bir yaylıq alanda ikisini alardı ki, cüt olsun. İnciməyək. Amma bu üçüncü gəlin gəldi, verən əli də qurudu. Dördüncü gəlin gələndə isə üçlə-dörd oldular baş tacı, mən və ikinci gəlin olduq üz qarası. Kiçik gəlinlə birlikdə yaşayırlar. Bir yerə gedəndə kiçik gəlinin adı qaynanamın dilindən düşmür.  Çatana onun adıyla müraciət edir, sonra deyir dilim dolaşdı. 

 

ETİRAFLAR:"Kimdən əskiyəm?!"

 

Görəsən, bütün qaynanalar kiçik gəlini üstün görürlər? Yoxsa təkcə mənim bəxtimdəndir? Söz-söhbətimiz heç olmayıb. Həmişə onun hörmətini saxlamışam. Dalınca danışmaq kimi vərdişim yoxdur. Amma bu ayrıseçkilik əsələsi məni çilədən çıxardır. Dözə bilmirəm. Axı o gəlindən nəyim əskikdir? Saat 10-a kimi yatır, evin işləri tökülüb qalır. Naharı saat 3-də bişirir. Evinə qonaq gedəndə sir-sifət edir. Nə bilim. Yoldaşıma bu barədə bir dəfə dedim, normal qarşıladı. Sanki qayınanamın kiçik gəlini bizdən üstün görməsi çox normal davranışdır. Qayınanam məni sevmək məcburiyyətində deyil. Ondan bunu istəyən yoxdur. Sadəcə onu sevməsini bizə hiss etdirməməsini istəyərdim. Belə davam etsə səbrimin daşacağından, eltimlə, qayınanamla söz-söhbətimiz olacağından qorxuram. Sizin məsləhətiniz nədir? Belə vəziyyətdə nə edə bilərəm? Xəyalə xanım, mümkünsə anonim paylaşın. Ehtiyac görsəm şərhlərdə kimliyimi açıqlayaram."  


8 iyun 2018
GO BACK