"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Xahiş edirəm, anonim paylaşın. Artıq günlər aylar keçir. Nişanlımla mən çox yaxşı yola gedirik. Geriyə baxanda deyirik ki, illər necə keçib... Bəzən gülüb, bəzən ağladıq. Bəzən ayırmaq istədilər. Bu illərdə çox şey itirsək də insanları daha yaxşı tanıdıq, xüsusilə yaxın bildiklərimizi. Və artıq çox yoruldum. Hətta o həddə çatdım ki, nişanı pozmaq barədə nişanlımla danışdım. O da təbii ki, "Mümkün deyil. Nə edirlər, etsinlər bizi ayıra bilməzlər"-dedi. Bu günə düşməyimizin səbəbi bunlardır. İnanın elə yorulmuşam ki, həyatımda heç nəyin marağı, mənası qalmayıb. Qaynanam oğluna ilk gündən mən onu öyrədirəmmiş kimi baxırdı. Bu bir yana qalsın, mənə işdən çıx deyirdi. Mən də, nişanlım da bu fikrinə etiraz etdik. O isə aləmi bir-birinə qatdı. Hamıya da danışdı. Başa düşə bilmirəm ki, ailə məsələlərindən başqalarına nə aidiyyatı var?! Hərə bir tərəfdən barmaq buladı, söz-söhbət yarandı. Göz yaşlarım dayanmadan axdı və beləliklə, qaynanamın əsl üzünü görmüş olduq. Qaynanam dedi ki, oğlumu mənə qarşı öyrədirsən. Dedi hər gün gecələr nə danışdığınıza qulaq asıram. Oğlumu öyrədirsən səhərə kimi. İndiyə kimi deməmişəm, ancaq indi deyirəm. Qızıma bu sözü, oğluma bu sözü demisən və s... Qarışqanı fil ediblər. Heç onlara aidiyyatı olmayan sözlərdir. Hər şeyə qarışırlar. Vatsapdan tutmuş, ağzımdan çıxan hər sözə kimi... Bir şey olan kimi qaynanam hamı deyir ki, bu pisdi. Hamı bilir ki, filan şey olub və ya olmasını istəyirik, arzularımız, gələcəyə dair planlarımız. Eşidəndə ki, bizi dinləyir onun yerinə mən utandım.
İki gənc nişanlı cütlük nə danışar? Maraq, arzu, xəyallar... Ancaq biz danışanda paroblem, gündəlik qayğılar... Çox incidim. Siz olsanız nə edərdiniz? O mənim xətrimə dəydiyi davranışlarını unudur, saymır. Ancaq mənim hər sözümü söz edir. Kartof nədir ki, onun qabığını soymağıma danışır. Halbuki, hələ öz atamın evindəyəm.
Mən ona bu illərdə yaxın olmaq istədim. Anam kimi sevmək, qayğısına qalmaq istəmişəm. Bir almanı sanki iki yerə bölmüşəm. Nişanlı olsam da, o mənə etməli olduğu halda, mən ona etmişəm. Nə yesəm onun payı ayrı olub. İstər şirniyyatı, istər paltarı, istər qışa bağlaması və s. Özüm evdarlığı bacarıram. Hər şey edirəm. Onun payını da içimdən gəlib deyə hər dəfə yollamışam. Ancaq o məni indidən pisləyir. Oğlunu da o qədər yorur ki, hərdən deyir oğlum ayrılsa ayıraram.
Çox şeyə göz yummuşam. Hətta ailəmə kimi təhqir etdi, sadəcə səhv dediyini bildirdim və son dəfə böyük söz-söhbət oldu. Yenə bizi ayıra bilmədi. Bu dəfə dedi bir də qarışmayacam. Ancaq heç inanmıram. Hər şeyi də məhz onda etiraf etdi, yəni zənglərimizə, mesajlarımıza qulaq asmağını və s. O evdə necə gəlin olacam, bilmirəm. Mən onunla dil tapmaq, mehriban olmaq istəyirəm. Sözdə yox, ürəkdən istəyirəm. Arada ona bağlanmağa çalışdım, bacardığım qədər xətrini çox istəməyə çalışdım. İstədim ki, gəlin köçəndə qaynanama "Ana" deyə müraciət edim. Lakin indi bizi elə incitdi ki... Nə səsini eşitmək, nə üzünü görmək istəmirəm. Hər kəs onun əsl üzünü gördü, tanıdı deyə mənə səbr diləyir, bir -iki il yaşayın birlikdə düzələcək deyirlər. Gəlin-qaynana mehriban deyilik. Son dəfə mən ona zəng etmişdim. Sonra belə mübahisələr, söz-söhbətlər oldu. Mən də daha zəng etmirəm. Bütün bunlardan sonra onun zəng etməsini gözləyirəm.
Çox xahiş edirəm, fikrinizi bildirin. Mən onun ürəyinə necə yol tapa bilərəm? "