"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Xəyalə xanım, sizə çarəsiz ana kimi yazıram. Anonim etiraf kimi paylaşsanız yarama məlhəm olarsız. Bəlkə xanımlar məsləhət verib, çıxış yolu deyələr.
Dörd yaşında qızım var. Çox nadincdir. Heç təsəvvür edə bilməyəcəyiniz qədər nadincdir. Enerjisi bitib-tükənmir. Bu günə kimi yorulduğunu görməmişəm. Uşaq daim "civə kimi" qaynıyır. Normal oturub şəkil çəksin, yemək yesin yoxdur. Ayaq üstə, hoppana-hoppana, nəyisə eşə-eşə, qaça-qaça edir. İşləyən anayam. Onu bağçaya qoyub işə qaçıram. Axşam çağı götürəndə isə müəllimlərin şikayətindən bilmirəm hansı deşiyə girim. Xəcalət çəkirəm. Tərbiyə verirəm, ancaq bu tərbiyəyə aid deyil. Qız bir yerdə oturmur.
Bağçada müəllimlər yalnız ondan şikayət edirlər. Başqa uşaqların analarına bir dəfə də şikayət etməyiblər. Nə olursa qızım günahkardır. Onu müdafiə etmirəm, əsla! Lakin anayam. Qəlbim qırılır. Küçəyə ata bilmərəm, yada satmaram. Doğma balamdır. Canımdan çox sevirəm. Ancaq bu qədər nadincliyinə səbəb nədir bilmirəm. Bununla necə mübarizə aparım onu da bilmirəm. Evdə atasından çəkinir. Bir kəlmə sərt söz bəs edir. Ancaq şənbə-bazar leş kimi yoruluram. Heç işləyəndə bu qədər yorulmuram.
Qızım bütün günü dağıdıb, tökür. Oyuncaq yığmaq kimi vərdişi qətiyyən yoxdur. Nevropatologa apardım, dedi sağlamdır. Sadəcə hiperaktivdir. Psixoloqa apar dedi. Ancaq mən psixoloqa aparıb dillərə düşmək istəmirəm. Uşağım hələ dörd yaşındadır, psixoloq ona nə deyəcək, necə izah edəcək. Hətta düşündüm ki, bağçada qrup dəyişdirim. Alınmasa lap bağçasını dəyişdirim. Ancaq bunun qızımın dəcəlliyinə bir faydası olacağından əmin deyiləm. Siz analar, mən çarəsizə bir çarə deyin. Xahiş edirəm, biganə qalmayın. Çox çarəsizəm..."