"Səhifələrdən birində Xəyalə Muadın etiraf layihəsi" haqqında oxudum. Əvvəlcə kimin nəyinə lazımdır- deyə düşündüm. Ancaq sonra özümün bu anonim etirafa ehtiyacım olduğunu başa düşdüm.
Cəmi 25 yaşım var, ancaq özümü 55 yaşında hiss edirəm. Buna səbəb gəncliyimi fərq etməyənlərdir. Mənə baxan hər kəs ilk olaraq artıq çəkilərimi görür. Daxilən necə biri olduğumla maraqlanmırlar. "Çox köksən, bir az arıqlasan yaxşı olar", "Əslində üzün gözəldir, bədənin kök olmasa oğlanlar dəli divanə olar" deyən rəfiqələrim, "Vaxtında dedik qız uşağı az yeyər", "Bəlkə hormonal prozuntuların var, yoxsa niyə kökələsən ki?", "Səni alan gərək kor olsun" deyən qohumlarım, doğmalarım var.
Elə bilirsiniz heç arıqlamağa cəht etmədim? Çox etdim. Hər pəhrizdə ac qaldım, aclığa dözmək kinayəli baxışlara, atmacalı sözlərə dözməkdən yaxşıdır. Ancaq motivasiyamı qısa zamanda pozan rəfiqələrim var. İki günlük aclıq təzyiqimi salır, qanım düşür. Baş hərlənir, göz qaralır. Amma mən hamı yediyi kimi yeyirəm. Onlar qaşıqla yeyirsə, mən hər halda çömçəylə yemirəm. Onlar dayaz qabda yemək çəkirsə, mən də dayaz qabda yeyirəm. Eyni həcmdə qəbul etdiyimiz qida niyə hamının gözünə artıq çəkim kimi görünür, anlaya bilmirəm.
Boyum 170, çəkim 110 dur. Ancaq o qədər sıxıntı, depressiya, xəyal qırıqlığı yaşadıqdan sonra daha heç bir pəhriz tutmaq istəmədiyimi etiraf etmək istəyirəm. Əgər bu etirafımı qadınlar oxuyursa anonim olsun. Kənardan gülünc hədəfi olmaq istəmirəm. İnanın ki, buna mənəvi olaraq dözə bilmərəm.
Etiraf edirəm ki, özümü olduğum kimi bəyənirəm. Kimlərəsə görə arıqlamaq istəmirəm. Əynimin ölçüsündə paltar tapmaq çətindir, olsun... Mənə qəbuldur. O paltarı axtaran mənəm, siz yox! Məni sevən bu halımla sevər. Məgər çəkim 200 kq-dır? Boyuma görə bir az artıqdır. Nə olsun ki? Axı mən öz güvənimi sizin kinayəli məsləhətlərinizə görə sarsıda bilmərəm. Siz özünüzü sevdiyiniz kimi mən də özümü sevirəm. Niyə bədənimə nifrət etməyimi gözləyirsiz? Niyə aynadakı əksimə düşmən kəsilməyimi tələb edirsiz? Axı mən buyam, olduğum kimiyəm. Həyatımı, işimi sevirəm. Mən özümü bu cür bəyənir və sevirəm.
Burdan bütün çəkili xanımlara, bacılara müraciət edirəm:- Biz özümüzü olduğumuz kimi qəbul ediriksə, başqalarının bizi qəbul edib etməmələri nəyimizə lazımdır?"