Kaş atamla mən də öləydim...
Atam tez-tez yadıma düşür. Çoxdan itirmişəm onu. O qədər cizgiləri yadımdadır ki, elə bilirəm yanımdadır, əlimi uzatsam ona dəyər.
Əvvəl anam öldü, sonra atam.
Anam öləndə o qədər ağlamadıq, bəlkə də ata təskinliyi buna imkan vermədi. Anamdan 10 il sonra atam dünyasını dəyişdi. İki qat ağladıq. Sən demə atam həm də anamızı əvəz edirmiş. Atam öləndə anam ikinci dəfə öldü.
Atam çoban idi. Ömür boyu qoyun otarmışdı. Çölün dilini bilirdi. Həyatı, insanları yaxşı tanıyırdı.
Biz uşaq olanda axşam onun yolunu həsrətlə gözləyərdik. Hər axşam ciblərindən çöldən yığdığı göbələkləri boşaldardı. Ciblərini bölüşmüşdük. Ailədə böyük uşaq olduğuma görə iri cibi mənə düşmüşdü. Anam göbələkləri həmin axşam ocaqda bişirib bizə yedirdərdi. Hərdən barmağını yalayardı ki, guya o da yedi.
Atam süd dişlərimizə sap dolayıb çəkərdi. Deyərdi, apar bu dişi at yükün dalına. Bizi öyrədərdi ki, belə deyək: “Ay siçan, mən balta dişimi verim sənə, sən inci dişini ver mənə”.
Axşam yeməyində yanında oturmaq üstündə bacı, qardaşlarımla davamız düşərdi. Əlimizlə onun üstünü, xüsusən şalvarının dizlərini yağ eləyərdik, sonra başımızı dizinə qoyub yatardıq.
Bir də görürdün atam sağın vaxtı arxacda durub əllərini uzadaraq, alaçığın qabağında dayanmış anamdan nəsə soruşur. Əvəzində anam da: – “Nədi eeey, Lenin kimi əlini uzadıbsan, sözünü de görüm…” – deyərdi.
Bir dəfə anam təzə çay dəmləyir, stəkana süzür, sonra çayniki də qoyur atamın yanına, gedir yaxınlıqdakı sahədən pambıq yığmağa.Atam stəkandakı çayı içəndən sonra durub gəlir tarlanın o başına – anamın yanına, deyir, gəl, gedək mənə çay süz. Anam uzun yol gəlib atama çay süzür. Halbuki süfrədə çayniklə stəkanın arası bir qarışmış. Demək atam anamdan ötrü bərk darıxırmış…
Atam qonaqlarımıza həmişə qoyun kəsərdi. Dünən kəsilən qoyunun ətini bu gün gələn qonağa bişirtdirməzdi. Deyərdi, daha bu qoyun deyil, ətdir. Qonaq razı olmayanda atam deyərdi: “Qoyundu dana, onsuz da itəcək”. Ya da deyərdi, dəlicədir. Anam hirslə “Qoyunu onsuz da kəsirsən, daha niyə urvatdan salırsan” - deyib üzünü çevirərdi. Təkcə mən bilirdim ki, atam qonağı razı salmaqdan ötrü belə deyir.
Özəlləşdirmə başlayanda ondan kolxozun sağmal sürüsünü aldılar. Atamı götürüb icra başçının yanına gəldim. Atam icra başçısına “Katib” deyirdi. Atamın ilk sözü bu oldu:
“Yoldaş katib, sürünü niyə əlimdən alırsan? Bakıdan gəlib aparıb kəsirlər. Bəs bu çöllər nejə olajax?”
İcra başçısı dedi:
“Mirzə kişi, bu özəlləşdirmə qanunudur. Kimin pulu var gəlib alır.
Atam:
“Yoldaş katib, bu “özgələşdirmə” qanunu olanda sürü kimə qalmalıdır?”
Əslində düz deyirdi atam.
Atam qoyunun nəslini, cinsini yaxşı tanıyırdı. Bu, onilliklərə gedib çıxırdı. Bıçaqla qoyunların dırnağını yonub təmizləyirdi ki, dırnaqları qırılıb heyvanı incitməsin.
Qoyun burtax (xəstə) olanda gözünün didəsindən qan alardı. Əgər qoyun qanını yaladısa sağalacaq, yalamadısa yox. Atam belə qoyunlara “Qana düşüb” deyirdi.
Qoyun şehli yoncadan yeyib köpəndə atam qoyunun belini gərməşov ağacla döyəcləyirdi.
Atam deyirdi ki, qoyun həmişə canavarı yadında saxlayır, təkcə qırxılanda canavarı unudur.
Atam danışırdı ki, qoyunun sağ böyrü ona görə çökək qalır ki, ora Həzrət Abbasın ağacının yeridi.
Anam öləndən sonra atamı evləndirdim. Bacılarım mənimlə əl-ələ qalxdılar ki, niyə belə etdin? O qadına mən “ana” dedim ki, atam aldansın, onu sevsin. “Ana” deməsəydim o saat o qadını boşayardı atam. O qadın anamın səliqə-sahmanını pozdu, evimizi tamam dəyişdirdi.
Hamımız olacağa razılaşdıq. Təkcə ala inəyimiz o qadını qəbul etmədi – sağanda qoymadı! İnək etibarlıydı. Atam inəyi ağacla vurdu.
Anam öləndən sonra atam nəvələri ilə domino oynayırdı. Nəvələri əl çalırdı babalarının uduzmağına. Anam sağ olsaydı, atam domino oynamazdı, oynasa da uduzmazdı. Gəlinlər nahara çağırırdı atamı, atam tələsirdi. Anam sağ olsaydı tələsməzdi, deyərdi, bura gətir.
Atam heç kəslə dalaşmamışdı. Amma yumruqları iriydi. Düşünürəm ki, yumruğu böyüyün dərdi də böyük olurmuş…
Atama “Qağa” deyirdim.
Həmişə deyirdi, “Qağan ölsün ki, qağan sənə maşın alacaq”
Ölümündən 15 dəqiqə əvvəl Bakıya – mənə zəng elədi. Axşam saat 22 olardı. Demə, fermada möhkəm azarlayıbmış… Mənə son sözü belə oldu: “Qəşəm, qağan ölsün ki, qağan ölür”.
Bacım ağlaya-ağlaya deyirdi ki, Qəşəm, qağam çətin öldü, həkimsiz öldü. Həkimi fermaya gətirə bilmədik, yağış yağmışdı, yollar palçıq idi. Amma qonşumuz - atamın çoban dostu Əlimərdan dayı çox yaxşı öldü, rahat. Yağış yağmadı, yollar quru oldu. Həkim gəlib ağ xalatinı geyindi, təzyiqini ölçdü. Sonra da stolu qoyub oturdu başının üstə. Kaş qağam da belə öləydi.
Bacım danışırdı ki, fermada atam keçinəndə toyuqlar qaqqıldaşdı, itlər hürüşdü, qoyunlar mələşdi, atlar kişnədi.
Qəşəm Nəcəfzadə