Əziz Qadın.Netlilər. Mən bir dəfə saytımızda anamın şeirlərini paylasmışdım. ALLAH analarımıza can sağlıgı versin. Haqq dünyasına köçənlərə rəhm etsin .Mənim də rəhmətlik anam poeziya həvəskarı idi. Bir gün onun yazdığı şeirlər dəftəri əlimə keçdi. Orada şeirlərdən əlavə ana haqqında bir yazı məni çox kövrəltdi. Bəlkə də o ərəfədə anam sağ olsaydı, mənə bu qədər toxunmazdı. Indi sizinlə də bu yazını bölüşmək istəyirəm. Öncə onu deyim ki, anam da öz anasını erkən yaşlarında itirdiyi üçün təqdim edəcəyim yazı onu cox kövrəltmişdi.
Yuxusuz gecələrini, yorğun gözlərinin işığını mənə bağışladın, ana. Gecələr başımın üstündə çıraq kimi yandın. Indi o işığı itirmişəm. Işıqlı dünyanın əzabını sənsizlikdə görmüşəm. Qədrini gec bilmişəm, ana.
Həmişə görüşümə tələsdin. Qəmimi, sevincimi özünlə gəzdirdin. Məhəbbətini, sədaqətini borc vermədin, qurban verdin. Əvəz istəmədin. Əvəzsizdir sənin çəkdiyin əziyyətin. Səməndər quşu tək nələr çəkdin...
Hər yerdə, hər şeyə sənsiz tələsdim. Boş şeylərin üstündə niyə əsdim? Səni qəlbincə sevib oxşamağa gecikdim. Ayrılıqlar yolumuzda çəpər olmadı.Təkcə sən yolumu səbrlə gözlədin. Incimədin. Qapımı açanda gileylənmədin. "Nigaran idim, gəldim səni görüm"dedin.Tükənməzmiş sənin səbrin. Indi qapını tez-tez açıram. Səni görməyəndə çaşıram... Arzum qəlbimdə qalır, gözlərim həsrətlə səni axtarır. Otaq sənsiz qaranlıqdır, dünya sənsiz yalandır..
Gülüşlərin daşa dəyib, dodaqların daşa dönüb. Bu dünyanın əzabından üzün dönüb. Gecə-gündüz daşlarına yalvarsam da qayıt isti ocağına. Susacaqsan. Susmağınla məni məyus-məğlub yola salacaqsan. O dünyanın əbədidir sükutu, o dünyanın pozulmayan qanunu...
Illər bizdən güclüdür. Qapımızı döyə-döyə bir əliylə verə-verə, bir əliylə ala-ala qanadına anamı alıb uçdu illər. Qoruya bilmədim səni, qorumadım ana...
Səninlə sevindiyim günlər sənsiz kədərlidir, sənsiz qəmlidir. Qəm, qəm çəkənin həmdəmidir. Sənsiz açılan səhərlərim sənsizlikdən xəbər verir.
Ömrünü yarı edib bizə ömür bağışladın. Bu dünyayla o dünyanın əzabına qatlaşdın. Borclu qaldım, mehriban əllərinə. Borclu qaldım ağarmış saçlarına. Onların ətrinə necə həsrətəm...
Saçlarının sayı qədər biz səninlə yaşamadıq. Ayrılığın acısını biz erkən daddıq. Ayrılığı necə qıydın, ürəyimi daşmı sandın? Torpağını göz yaşımla suvardım. Bu dünyanın gedər-gəlməz yollarına inandım. Dözməyə alışdım, ayrılığa alışmadım...
Bu dünyada gözəl-göyçək nəvələrin toyu qaldı. Ağbirçək nənədə nəvələrin gözü qaldı .Kaş belə olmayaydı...
Bir gün qapımızda çalınan "Vağzalı"da, ana, gəlin ruhun qayıdır, gözəl-göyçək nəvələrə xeyir-dua oxuyar...
Sevincimdə, qəmimdə sənin özgə yerin var ürəyimin başında, gözlərimin yaşında. Sənsiz ana, ağbirçək olmuşam cavan yaşımda. Ağ saçlar utanır cavan yaşımdan...
Sənsiz, ana, xörəyimin duzu yox, sənsiz açan güllərimin ətri yox. Analar içində sənin kimi ana yox. Uşaqlığımı şirin nağıl kimi dönə-dönə mənə danışdın. Bu nağılın sehrli güzgüsündə mən özümü tanıdım. Indi bu nağılı deyənim yox. Uşaqlıq dünyasına bələdçim yox...
Küsəyən uşaqlığım indi özümdən küsür: "Ana, niyə səni incitdim?" Bu etirafa niyə gecikdim?..