Uşaqlıqda yaxın bir qonşumuz var idi- Lala xala... Bir dəfə 7 yaşım olardı, Lala xalam yay tətilində məni özü ilə bir həftəlik Bakıya, bacısıgilə apardı. İndi istəməsin, məni çox istəyərdi qadıncığaz. İbtidai sinifdə bütün iclaslarıma da valideyn əvəzi o gedərdi. Bir dəfə baxçada Yeni il şənliyində "Kalinka" rəqsim var idi. Çıxışımın əvvəlindən sonuna qədər ayaq üstə tək başına alqışlamışdı məni. Bu məni o zamanlar pərt eləyib, qəzəbləndirsə də, çox sonralar bunun da istəkdən olduğunu anlamışdım. Nə isə, gəlim 1 həftəlik Bakı "gəzintisinə"...
Biz ora getdiyimizin ilk günündən, ev sahibləri tez-tez savaşırdılar. Bu savaşlardan elə qorxurdum ki, evdə olduğum zamanlarda bir küncdə sakitcə otururdum. Zatən sakit uşaq idim, bura gələndən heç ağzımı açıb bir kəlmə də danışmamışdim. Ev yiyələri əvvəl lal olub -olmadığımı soruşdular. Lala xala danışa bildiyimi, lakin çəkingən olduğumu da demişdi. Amma şübhəli baxışları hələ də gözlərimin önündədir.
Lala xala hər səhər mənimlə çıxar əldən düşənə qədər gəzdirərdi. Heç doğrusu onun mənə gəzdirdiyi məkanlara zərrə qədər həvəsim qalmamışdı. "Bax bura Funikulyordu", "bura Lenin sarayıdı", "hə bura Azadlıq meydanıdır. Bütün paradlar burda keçirilir" ....gözümün ucuyla baxmırdım. İstədiyim tək şey evimizə getmək idi. Hər gecə yuxuda evimizdə olduğumu görürdüm, hər dəfə gözümü açanda görməyi adət elədiyim, cızıqlı təmirli divarımızı görməyəndə ağlamışdım. Amma darıxdığımı deyə bilmirdim. Həyatımın ən ağır "bir həftəsi" olmuşdu . Evə dönərkən də bir neçə saat danışmadığımı xatırlayıram...
Şəhər adamları çox soyuq, qonaq sevməyən olurlar. Ümumi, demək istədiyim fikrim budur.