Cavab tapa bilmədiyim suallar çoxdur. Bilmirəm hardan başlayım. Gələcəyimiz, dediyimiz uşaqların tərbiyəsindən, yoxsa insanların spirtli içkidən istifadə etməsindən. Hər ikisindən danışacağam. Hərdən gördüklərim, eşitdiklərim məni heyrətə gətirir.
Bir oğlan uşağı var, yaşı 10-14 arası olar. Əvvəl elə bildim çox tərbiyəli uşaqdır, sonra yanıldığımı anladım. İlk dəfə məni gördüyü andan "sən" deyə müraciət etməsi xoşuma gəlmirdi (Tanımadığım insanların mənə sən deməsini sevmirəm). Uşaq olduğunu hesab edərək susurdum. Ancaq bir gün artıq susmadım. Mənə sən yox siz deməyi xahiş etdim. Səbəbini soruşdu. Cavabım isə belə oldu: "Biz tanış deyilik və ən əsası mən səndən yaşca böyüyəm." O isə bizim tanış və hətta qohum olduğumuzu qeyd etdi. Gülümsündüm. "Biz qohumuq? Mən səni ilk dəfədir görürəm", dedim. Uşaq susdu. Sonra isə kobudcasına üzündə gülümsəmə ilə mənə “Uç burdan", deyərək qapını örtdü və yoluna davam etdi. Yerimdə donub qalmışdım. Eşitdiyimə inana bilmədim. Hər dəfə məni görəndə üzündə heç sevimli olmayan gülümsəmə olur. Bu da bizim gələcəyimiz.
Məhərrəm ayıdır. Düşünürdüm ki, bu ayda insanlar spirtli içkilərdən istifadə etməzlər. Sonradan isə gördüm ki, əksinə spirtli içkidən istifadə edənlərin sayı gündən-günə artır. Hər dəfə gəlib mənə "dərmanımı ver" deyəndə başa düşmürdüm. Sonra bu dərmanın spirtli içki və ya siqaret olduğunu anladım. Bir əmi həmişə gəlib bu "dərmandan" alır. Çox gümrah, ürəyə yatımlı bir insandır. Bir gün mağazaya gözünə qara eynək taxan, axsayan biri daxil olur. İlk baxışdan tanımadım. Danışanda isə həmin insanın "gümrah əmi" olduğunu anladım. O gümrahlıqdan, ürəyə yatımlıqdan bir şey qalmamışdı. Axsayırdı, çətinliklə yeriyirdi, əlləri də əsirdi. Yenə "dərman" dediyi spirtli içki aldı və çox çətinliklə mağazanı tərk etdi. Düşündüm ki, görəsən, bu halı ilə belə spirtli içki istifadə etməyə məcburdurmu? Əllərinin əsdiyini görəndə gözlərim doldu. Özümü çox çətinliklə saxladım. İndi hər dəfə həmin əmini görəndə çox pis oluram. Yenə də çətinliklə yeriyir, gözlərinin altında torbacıqlar əmələ gəlib.
Bilmirəm, insanlar Allahdan heç qorxmurlarmı? Gördüklərimi, yaşadıqlarımı sizinlə bölüşmək istədim. Allah günahlarımızı bağışlasın!