Ana olacaqdım... Hər gün özümü daha dəyərli, daha müqəddəs, daha sevimli hiss edirdim. Amma çox çətin dövr keçirirdim. Hər gün ağrılar, sancılar içində qıvranırdım. Halım tez-tez pisləşirdi. Elə bil ürəyimə dammışdı onu itirəcəyim, çox qorxurdum... Heç istəmirdim məndən getməsini, dua edirdim ki, canım balam məni tərk etməsin. Hamı da mənə deyirdi ki, Niyə narahatsan ki? Hələ cavansan, buna bir şey olsa da daha sonra yenisi olar. Doğrudur, hələ bir neçə ay idi ki, toyumuz olmuşdu. Çox yeni ola bilərdi, amma ondan ola bilməzdi ki... Anlamırdım ondan bir cansız kimi danışmaqlarına. O cansız deyildi axı... Canımda olan can necə bir heç ola bilərdi ki? Sevdiyimlə ikimizin bir bütün olması idi o... Doğulmağına bir neçə ay qalmış itirdim onu. Canım çox yandı, amma məni ən çox yandıran da bəzilərinin sanki bir qrip keçirmiş kimi “keçmiş olsun” demələri idi. Mən balamı yaxşı qoruya bilmədim deyə bu qədər vicdan əzabı çəkərkən öz düşüncə seçimlərinə görə bir neçə ay gözlədikdən sonra övladlarını qəsdən yox edən anaların və ya bunu etməyə məcbur edən ataların necə yaşadığını düşündükcə dəhşətlənirəm...
Hamı qəzetlərdə, jurnallarda, efirdə, internetdə axtardığı nələrinsə işarələrini söyləyir, görən, eşidən, bilən olandan xəbər gözləyir, bəlkə kimsə onu sevindirər deyə..
Mən görə bilmədiyim balamı Axtarıram. Bəlkə yuxuma gələr deyə dualar edirəm... Tanrının məsləhəti ilə məndən alınana üsyan etmirəm, cənnətdə mənə bir qapı açdı balam deyə təsəlli edirəm özüm-özümü. Amma “Görən olsa mənə desin” deyə bilmirəm...