Qadin.NET / Qatil olmaq istəyirsinizmi?

Qatil olmaq istəyirsinizmi?

Son günlərdə şahidi olduğum bir hadisəni sizlərlə paylaşmaq qərarına gəldim. Qonşuluqda bir gəlin var. Həyatı alt-üst olub, yenidən həyata bağlanan bir gəlin. O, gəlin ki, başı daşdan-daşa dəyərək 30 yaşına çatıb. 2 dəfə ailəli olub. Birinci ailəsindən körpəsi yoxdur, lakin Allah (c.c) 2-ci qismətini çox gözəl yazıb. Onu başa düşən bir yoldaşı, dünyalar gözəli bir qızı var. 2-ci uşağına hamilə idi, ancaq bu gün o körpənin canına qıymağa gedib. Uşaq artıq 3 ay 15 günlükdür. Yəni artıq əli, ayağı, gözü, qulağı olan formalaşan bir insandır. Bilirəm, indi oxuduqca bəziləri artıq səbirsizlənir ki, səbəb nədir bu gəlinin övladını məhv etməsinə. Səbəb heç nə, qarnında daşıdığı varlığın qız olmasıdır. Elə ailələr var ki, bir övlad üçün illərlə göz yaşı tökür, gecə-gündüz bala deyə ciyəri parçalanır. Amma bu gəlin bunların heç birini düşünmədən gedib o körpə cana qıymağa, o günahsız varlığı məhv etməyə. Bəlkə də, düşünürsünüz ki, bu körpəni atası istəmir. Xeyr, atası ömrünü belə verər o körpəni həyatda saxlamaq üçün. Amma nə fayda ... 

Qatil olmaq istəyirsinizmi?
Yəqin ki, hər birinizə çox gözəl məlumdur ki, keçmiş dövrdə qız uşaqlarını diri-diri torpağa basdırırlarmış. İnsan bunu düşündükcə "nə böyük vəhşilikdir bu İlahi" deyə düşünür elə deyilmi? 
Nəhl surəsi 58,59: "Halbuki onlardan birinə qız müjdəsi verildikdə hirsindən üzü qapqara kəsilir. Verilən müjdənin pis təsiriylə qövmündən gizlənir. Onu, təhqirə dözüb sağmı buraxacaq, yoxsa torpağamı basdıracaq? "
Bəs onda abort nədir? O da körpələrinizi diri-diri torpağa basdırmaq deyilmi? Bəli, düz deyirsiniz deyil. Torpağa basdırmaqdan da böyük vəhşilikdir. Cəhalətdir. Gözün görə-görə bətnindəki bir canın necə kəsilb doğranmasını izləmək, canı canından, qanı-qanından olan övladını doğratdırmaq ən böyük vəhşilikdir. 
Qatil olmaq istəyirsinizmi?
Biz də anamızın bətnində olduğumuz zaman əgər anamız bizi də abort elətdirmiş olsaydı biz də bu dünaya gələ bilməzdik. Biz də bu gün yaşadığımız həyatı yaşaya bilməzdik! Anamız bizə dünyanın gözəlliklərini görüb yaşamaq şansını veribsə biz niyə öz övladlarımızı bundan məhrum edək? Biz niyə övlad qatili olaq? Əgər övladınız varsa bir anlıq düşünün onu nə qədər çox sevirsiniz? Onu gözünüz görə-görə ölümə yollayarsınız? İndi hər kəs düşünür ki, "əlbəttə göndərmərəm" elə deyilmi? Bəs indi həyatda olan uşağınızda bir zamanlar sizin bətninizdə idi, bunu niyə düşünmürsünüz? Onu da o vaxt abort elətdirsəydiniz indi o da həyatda olmazdı. Bunu düşünürsünüzmü heç? 
Qatil olmaq istəyirsinizmi?
Ənam surəsi 151: "De ki:" Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum! Ona heç bir şeyi şərik qoşmayın. Atanıza, ananıza yaxşılıqdan ayrılmayın. Yoxsulluq səbəbindən uşaqlarınızı öldürməyin, çünki sizin də, onların da, ruzisini Biz veririk ... "
Ənam surəsi 140: "Məlumatsızlıq və düşüncəsizliklə uşaqlarını öldürən və Allahın onlara ruzi olaraq verdiyi nemətləri, Allaha iftira edərək yasaqlayanlar, qətiliklə zərər etdilər." 
Ey analar, əziz bacılar, niyə günah edirsiniz? Niyə gözünüz görə-görə övladlarınız arasında oğlan-qız fərqi qoyursunuz? Allah verən cana niyə qıyırsınız? O, canına qıydığınız körpənin ahından heçmi qorxmursunuz? Ümid edirəm ki, yazımdan kimsə nəticə çıxarar. Ümid edirəm ki, kimsə bu yolundan bu fikrindən vaz keçəcək ...  Allah böyük və rəhimlidir.  Günahlarınızı bağışlasın İnşAllah. İndi siz mənə deyin övlad qatili olmaq istəyirsinizmi?
10 avqust 2014
GO BACK