Qadin.NET / Ziyanın yaırısından qayıtmaq

Ziyanın yaırısından qayıtmaq

Ziyanın yaırısından qayıtmaq

Sizlərə bu etirafı etməyimin səbəbi mənə əziz bir olan insana yardım etməkdir. Əvvəlcə çox xırdalıqlara getmədən əhvalatı danışım:

Dinə bağlı bir ailənin 26 yaşlı hicablı qızıdır bu insan. Temperamentli, nahaqqı götürməyən, həm də səbirsiz biri. Bir gün qızın şagird olduğu qadın salonuna qadın gəlir, qızı sorğu-suala tutur, kimlərdən olduğunu filan soruşur. Hətta, "Birdən nişanlın hicabını açdırmaq istəsə açarsanmı?" -  deyə soruşur. Qız da : "Ölərəm, amma açmaram!" cavabını verir. Sən demə bu qadın, uzaq, adını belə eşitmədikləri qohumları imiş. Bir müddət sonra elçi gəlirlər. Guya (niyə "guya" dediyimi sonra anlayacaqsınız) oğlan iki ildir izləyirmiş qızı, amma addım atmağa cəsarət etmirmiş. Tanımadıqları uzaq qohumları barəsində qızın atası onları tanıyanlardan sorğu-sual edir. Hər kəs də bir ağızdan "Əla!" deyir. Atanın oğlanla əvvəldən bir neçə dəfə söhbəti olmuşdur və hamı kimi çox sakit, əsəbləri olmayan, qanacaqlı, tərbiyəli biri kimi tanıdığı üçün qızını verməkdə tərəddüd etmir. Fəqət, qızın bu tezliklə tanımadığı biri ilə nişanlanmaq fikri yoxdur.  Oğlanın ailəsi, daha doğrusu ailədə başçı rolunu oynayan ana, hər şeyin tez-bazar olmasını israr edir. "Bizdə xeyir iş yubadılmır, gənclərin yaşları da az deyil, üstəlik anam da ağır xəstədir, başına bir iş gəlsə toy bir il yubanacaq." - deyə bəhanələr sıralayır. Qızın ailəsi çox çətinliklə qızı dilə tutur...

Qızı nişan bazarlığına aparırlar ki, ürəyin istəyəni alaq. Amma özləri də məəttəl qalırlar ki, belə də insan olar, nə dedik dedi özünüz bilin, hər şeyin ucuzunu istədi (gözütox ailənin qızı necə olmalı idi ki). Nişan olur, ay yarım sonra da toyun olmasını tələb edirlər. Qızın evdə hansı əsəb krizləri keçirdiyini sözlərlə anlada bilmərəm... Üç ay tanıdığı insanlarla bir dam altında yaşamaq istəməyən qız, üstəlik oğlanın da qəribə xasiyyəti ucbatından toyun tez olmasına qətiyyən etiraz edir. Heç nişanlılıq dövrünü də yaşaya bilməmişdi, cəmi iki-üç dəfə görüşə bilmişdilər. Oğlanın vaxtı yox imiş. Nişanda taxdıqları kilo ilə qızılın, onlarla xonçaların (bunları qız evinin istəyi ilə yox, ətrafın gözünə xoş gəlmək üçün etmişdilər) pulunu ödəmək üçün gecə-gündüz işləyirmiş oğlan.  Ged-gedə qızın da valideynləri ailələr arasındakı fərqi görməyə başlayır: Allaha bağlı, maddiyata önəm verməyən qızın ailəsi və Allahla əlaqələri yalnız " Allaha qurban olum" kəlməsiylə sərhədlənən, maddiyatçı, "varsa-yoxsa ətraf varlı olduğumuzu görsün" düşüncəli oğlanın ailəsi. Hətta nişan üzüyünün belə neçə brilliyantlı olmasını sifariş edərək bəyəndiyi üzüyü videoya çəkib göndərməyə də ərinmir bu oğlan... Ata dəyir anaya, ana balaya - uzun mübahisələrdən sonra qızı yenə razı edirlər. Ailələr arası fərqliliklərin yaratdığı problemlər daha da qabarır. Mebel seçimində oğlan öz istəklərini, daha doğrusu tələblərini  çəkinmədən dilə gətirir. "Sabah qızımın gününü qara etməsinlər" deyən valideynlər susaraq əlindən gələni etməyə çalışır (burda çox problem olur, peşmanlıq hissi yaranır və s. uzatmaq istəmirəm). Qızın toyu olur, iki həftə sonra da oğlanın toyu olmalı idi. Bundan bir ay əvvəl isə qızın atası utansa da yada salır ki, gəncləri göndərin zaqs idarəsinə ərizə versinlər, sonra gec olacaq. Evin kişisi olan oğlan anası isə, "narahat olmayın, o asan işdir, iki saata həll edəcəyəm bu məsələni" deyir. Uzun sözün qısası qızın atası onları xəbərdar edir ki, zaqs olmadan qızımı apara bilməyəcəksiziniz... Vaxt keçir, oğlanın toyuna üç-dörd gün qalmış zaqsa getməyə qərar verirlər. Oğlanın anası zəng vurur ki, qız hazılraşsın. Bir gün əvvəl gənclər arasında növbəti inciklik olur. Zaqsa getməyə hazılaşan qız alışqanlıq kimi telefona göz atır. Nişanlısının whatsappda yenicə qoyduğu avatarı görüb şok olur: maşının baqajında çoxlu biyabırçı qızlar. Həyatının önəmli bir addımını atdığı anda gül-çiçək görmək əvəzinə gördükləri qarşısında yalnız ağlayaraq "Mən zaqsa filana getmirəm, bu oğlan məni istəmir..." deyə bilir. Bu məqamda aləm daha da dəyir bir-birinə. Qızın atası qızına çox düşgündür, bircə göz yaşına dünyanı yıxar. Böyüklər qarışır məsələyə, söz-söhbət böyüyür. Oğlanın anası oğlum deyil, qohum qoyub o şəkli deyir (növbəti yalan!)... Nə isə, ara bir babat sakitləşir, sabahı gün yenidən gedirlər zaqsa ərizə verməyə. Oğlanın "kişi anası" qızın atasından xahiş edir ki, əgər sizin zaqsı tez edə biləcək tanışınız varsa danışın gedək. Çünki bilirlər ki, artıq zaqsı özləri edə bilməyəcəklər...  

Ziyanın yaırısından qayıtmaq

Maşında da oğlan ona əvvəl edilən təriflərin tam əksini nümayiş etdirir. Oğlanın qıza olan münasibəti qızı düşündürür: "Görəsən doğurdanmı mən üç gün sonra bu insanla bir yastığa baş qoyacağam? Bu ki, heç mənim üzümə baxmır... Üstəlik atamı,ailəmi alçaldır... " Zaqs idarəsində məlum olur ki, zaqs yalnız bir ay sonra olacaq. Bu dəm qızın atası zəng vurur ki, bir-neçə adama ağız açıb tanış tapmışam, sizi gözləyir, yolunuz da yaxındır, gedin, iyirmi dəqiqəyə həll edəcək. Maşında sanki bomba atılır, biz artıq danışmışıq, bir ay sonra edəcəyik, onsuz da iş-işdən keçib, artıq toy etmisiniz, xınayaxdı mərasimi olub, nə edə biləcəksiz ki? Qızın atası nə qədər desə də bizim nəsilə nə zaqssız gəlin gəlib, nə də gedib - oğlan evi anlamır ki anlamır. Bundan sonra baş verənləri istəsəm də yaza bilmərəm, aləm o qədər dəyir ki, bir-birinə... Səssiz sakit qız evində bir şivənlər qopur ki, gəl görəsən. Sanki dörd aydır gələn həmin mədənı insanlar deyildilər oğlan evi. Artıq qız da, valideynləri də çox peşmandılar, nə edəcəklərini bilmirlər. Ata düşünür ki, yaxşı, zaqssız verməyə razı olardım, amma bu qədər hörmətsizlik, tərbiyəsizlik, əsəbilik -  sabah qızımın günü necə olacaq orda?.. Oğlanın toyuna bir gün qalmış oğlan evi razı olur ki, qızın atasının tapdığı tanışın yanında zaqs etsinlər. Amma indi də qız deyir ki, mən toydan sizə gəlin köçə bilmərəm, bu qədər hadisə oldu - gərək daş olam ki, heç nə olmamış kimi gedib oturum orda. Ən yaxşısı toydan sonra bir müddət keçər, birdəfəlik zaqs da olar, gəlinköçdü mərasimi edib apararsız məni. "Nə danışırsız? Camaat bizə nə deyər?! Olmaz!" deyə ultimatum verir oğlan evi. Əsas ətraf nə dedi yox, gənclərin xoşbəxtliyidir, bu qədər söz-söhbətdən sonra onlar necə ailə təməlini qurarlar - bunu oğlanın ailəsinə (Ailə dediyim oğlan, anası və bacısından ibarətdir. Çünki ata yox kimi bir şeydir, heç bir sözə qarışmaq ixtiyarı yoxdur, başqa qohumlarından da heç kimi bildirmirlər ki, ailəmizdə belə pronblem var, "bizim evdən söz çıxmır" prinsipi) anlatmaq olmur... Nə başınızı ağrıdım, beləcə gündə bir-neçə dəfə gəlib gedirlər, hətta qızın ayaqlarına belə düşürlər - qız isə şokdan sadəcə bir söz deyir: "Mən toy günü sizə köçə bilmərəm..." Vəssəlam... Doğurdan da vəssəlam. Sabahı gün olacaq toy mərasimindən restoranda imtina edirlər, bunula da hər şey bitir.  Ay yarıma yaxındır, amma heç nə olmamış kimi bircə səs də çıxmır oğlan evindən, nə də oğlandan. Qız bu cür səssizliyi qəbul edə bilmir, "heç olmasa acılasın məni, amma bir reaksiya versin oğlan" deyir. Bir-neçə dəfə oğlana ismarıc yazmasının nəticəsi o olur ki, oğlan whatsappda qızı blok edir, üstəlik anası xəbər də göndərir ki, qızınız oğlumuzdan niyə əl çəkmir?!

Ziyanın yaırısından qayıtmaq

Qızın ailəsi əslində sıradan bir səbəblə onların iç üzlərinin tanıdıqları üçün şükür edirlər. Qızları gəlin köçəndən sonra tanısaydılar nə olacaqdı? Atası qızının göz yaşını görsəydi qızı geri gətirəcəkdi, uşaqları olsaydı belə, belə Atadır o. Amma heyf ki, qızları bunu anlaya bilmir, şükür edə bilmir. Həyat görmüş qohumlar nə qədər desə də "bax, filankəs gör necə bədbəxtdir, Allah vaxtında ziyanın yarısından qaytardı səni" - qız hələ bunları anlaya bilmir.

Hər şərdə bir xeyir vardır mütləq. Allah buyurur ki, elə hadisələr var ki, xeyrinizə olduğunu düşünərsiniz, əslində isə ziyanınızadır. Elə də hadisələr var ki, ziyan olduğunu düşünərsiniz, əslində isə xeyrinizədir. Bu hadisədən ağlı olanlar dərs götürün nəticə çıxardılar, amma ən çox itirən oğlanın ailəsi oldu məncə. Çünki Allah onların qarşısına elə ailə çıxarmışdı ki, onlara Allaha yaxın olmaq şansı idi. İstifadə etməkdənsə əksinə hicabını belə çıxarmaq fikrindəymişlər.

Bax belə, əziz Qadın.Netlilər. Sizdən istəyim, xahişim budur: bu qız indi çox stress vəziyyətindədir. Ən çox həzm edə bilmədiyi heç nə olmamış kimi səssiz qalmalarıdır. Özünüzdə və yaxınlarınızın həyatlarında ziyanın yarısından qayıtmadıqları üçün peşman olanlar varsa, paylaşın şərhlərdə. Həmin qız saytımızın passiv istifadəçilərindəndir, oxuyacaq. Bəlkə sizin dedikırinizlə bir az təskilnlik tapar, canının nədən qurtardığını anlayar.

4 avqust 2014
GO BACK