Qadin.NET / Gələcəyimiz hara gedir?

Gələcəyimiz hara gedir?

Çox uzun zamandır ki, bu barədə xəbər hazırlayıb sizlərlə paylaşmaq istəyirəm ki, görüm hər kəs mənim kimi düşünürmü? 
Yaxın zaman ərzində 17-18 yaşlı qızlardan ismarıclar alıram. Bir az danışıb tanış olduqdan sonra onlara "Nə üçün belə dərdlisən" sualını verirəm (bu qızlar elə sözlər yazırlar ki, elə bil 7 yetimlə düzdə qalıblar), amma aldığım cavab heç də ürəkaçan olmur. Həmin yazışmalardan birini sizlərlə paylaşmaq istəyirəm, xahiş edirəm, oxuyun və fikir bildirin. Bildirin ki, gənclər daha çox çirkaba batmasın, bu yoldan əl çəkib elmin, təhsilin yolunu tutsun... Fikir bildirin mən də bilim, görüm ki, günah bu qızlara tərbiyə verən valideynlərdədir, yoxsa kor olan cəmiyyətdə? Kimdədir axı günah? 
Mən: "Məktəbə gedirsənmi?" 
O: "Bəli, əlbəttə, gedirəm".
Mən: "Bu il neçənci sinifdə oxuyursan? Hazırlığa gedirsənmi? Ali məktəb üçün imtahan verəcəksən?" 
O: "9 (10-11)-cu sinifdə, hə, hazırlığa gedirəm bütün fənnlərdən. Amma, bacı, heç nə istəmirəm, ölmək istəyirəm".
Mən: "Başa düşmədim? Neçə yaşın var? Niyə ölmək istəyirsən?"
O: "15 (16 və ya 17) yaşım var, sevgilim var idi, ayrılmışam. Bacı, çox pisəm, köməyə ehtiyacım var. Onu unuda bilmirəm".
Mən nə deyim belə zamana, belə dünyaya? Mən nə deyim belə övlada? Valideyn əziyyətlə, zülmlə qazandığı pulları müəllimlərə verərək onları hazırlığa göndərir ki, oxuyub cəmiyyətə faydalı bir insan olsun, onlar isə dərsdən başqa hər şey fikirləşirlər, deyəsən, MaşAllah. Onların yerində olmaq istəyib ancaq ola bilməyən yüzlərlə, minlərlə uşaq var. Görəsən, onlar bu qədər kordur ki, həmin uşaqları görmür? Görəsən, onların geri zəkası bunu dərk etmir? Görəsən, evdə valideynin zülm, zillətə qazanıb evə gətirdiyi bir tikə çörəyə əl uzadanda belə qızlar heç utanıb xəcalət çəkmir? Atalarının, analarının, bəzilərinin qardaşlarının onları heç kimdən əksik etməmək üçün çalışıb-vuruşduğunu görmür? Nə üçün axı bu gənclərin fikri ancaq sevgidə, məhəbbətdədir? Nə üçün onlar dərslərinə, kitablarına sevgiylə bağlanmır? Sizcə də hər şeyin öz vaxtı yoxdurmu? İnanın, elə qızlar tanıyıram ki, gecə-gündüz göz yaşı tökür oxumaq üçün, təhsil üçün, yanlarında kimsə oxumaqdan, universitetdən danışanda gözləri dolub ağlayır. Arzuları ürəyində qaldığı üçün, onların valideynlərinin onlara yaratmadığı şərait üçün Allahdan ölüm diləyir. Azad olmadığı üçün (oxumaq azadlığını nəzərdə tuturam) göz yaşı tökür... Yoxsa bəziləri kimi hansısa bir oğlan üçün göz yaşı tökmür o qızlar. Elə qızlar da var ki, valideyn 12 yaşında uşaq üçün kompüter, planşet, telefon alıb uşağı nəzarətsiz buraxır ki, "Mən qızıma güvənirəm". Həmin valideynlərə müraciət edirəm. Hansı qızına güvərisən, ay özünə "ata" deyib ortalıqda başını dik tutaraq gəzən qardaş? 12 yaşlı qızının internetdə nəyə baxdığından, hansı saytları açıb nə cür məlumatlar oxuduğundan xəbərin varmı sənin? Bir dəfə evə qəfil gəlib qızının kompüterini alıb brauzerinin keçmişini yoxlamısanmı? İnanıram ki, yoxlamısan, amma sənin qızın da sənin sandığın qədər saf deyil ki, baxdığı hər şeyi yaddaşda saxlaya. Sənin hər an onun telefonunu, kompüterini yoxlayacağını bildiyi üçün hamsını silib artıq, sən hələ fil qulağında yat... Səni şirin yuxuya verib 12-13 yaşlı qızın gecə saat 00:01, 00:02, hətta bəzən saat 00:03-də "Bu gecə nədənsə yuxum gəlmir ey, of" yazıb paylaşır...
Belə uşağın gələcəyi nə olacaq? Bu uşaq 22-23 yaşına çatanda neyləyəcək? Kim fikirlərimlə razı deyil? Kim deyir ki, "yazıdıqların doğru deyil, Narın"? Kim cəmiyyət üçün belə övlad yetişdirmək istəyir? Məncə, heç kim. Valideynlərə səslənirəm, xahiş edirəm, övladlarınıza nəzarət edin, "Mən qızıma güvənirəm" deyərək ayaqlarının altına yer verməyin! Unutmayın, qız uşağı ağ bir vərəq kimidir, kiçik bir ləkə belə bütün həyatını məhv edə bilər! Məndən balaca olan əziz bacılarım, ağlınızı başınıza toplayın, dərslərinizlə məşğul olun. Hər şeyin öz zamanı var. Zamanla həyatınızda hər şey olacaq. Sevəcəksiniz də, seviləcəksiniz də! Amma hər şeydən əvvəl oxuyun, bir sənət sahibi olun. Vallah, sizə oxumaq qalacaq. Onsuz da qüsursuz insan yoxdur, hər kəsin səhvləri var. Siz çalışın, o səhvləri bir daha təkrarlamayasınız!
1 avqust 2014
GO BACK