Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün... Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim... Uşaq evi-bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa, kiməsə möhtac olmamağı bizə öyrədəcək... Uşaq evi bizə hər şeyi öyrətsə də, bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi.
Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq... Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ''Dur bala, səhər açıldı.'' desin mənə. Amma o səsi eşitmədim. Siz bəlkə də bezərdiniz ananızın sizə ''Evə gecikmə, tez gəl.'' deməyindən, amma kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim...
Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü. Biz orada bir cümləni tez-tez eşidirdik, ''Hər qaranlıq gecənin işıqlı bir sabahı var''. Amma biz o işığı görə bilmədik...
Beləcə, ümidlərlə yaşayaraq o işığı gözlədik, amma gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi. O işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu...
Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin.
Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin. Sən anasız böyümək nədir bilirsənmi? Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi? Allah eləməsin ki, biləsən... Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi? Sən yalnızlıq nədir bilirsənmi?