Aydın səma... Şirin duyğular... Və bir də ki, sən...
... Düşünürəm... Həyatın incəliklərini, yaradanın möcüzəsini. Bütün bunlar... Var olan dünya! Yaradan sevgisindən doğan bu gözəlliklər... Və sən! Bilirsən necə? Bir mələk kimi...Bir günəş kimi, nur kimi... Bir şəfəqsən həyatımda...
Yaşadırsan, ilham verirsən...Canlanıram, var oluram səninlə birgə. Sənin sevgin mənə güc -qüvvə verir. Yəqin sevginin aliliyidir, mən bunu hiss edirəm. Doğan bir günəşin verdiyi həyat eşqi kimi.
Bu günəşin şəfəqləridir ki, ruhuma aydınlıq gəlir və bu günəşin şəfəqləridir ki, bir həyat qaynağıdır... O həyatda solğun bir çiçək bu şəfəqlərlə canlanır, həyatın eşq dadını hiss edir... Elə mənim kimi, var olan bir sevgim kimi. Qəlbimdə alovlanan təmiz hisslərim kimi...
Sevirəm... Bu müqəddəs hissin istiliyini duyuram. Mənə bu hissi yaşadan bir ruhun zənginliyidir... O ruh sənsən... Sənə olan sevgimdir...
Axı sevgi də ruhdan, ruhani gerçəklikdən doğur. Və həyatın parçası kimi səninlə döyünən ürəkdə yaşayır. Var olur, qanadlanır...Elə həyatın özü kimi.
Sevgidən doğan bu gözəlliklər kimi. Sevirəm həyatı da, o gozəllikləri də, elə səni də... Bu sevgini yaşadan da məhz sənsən.
Mən elə səni sevirəm... Bilirsən necə bir hissdir? Sanki qaranlıq dünyadan bir həyat - eşq işığı gəlir...
Səni hər gün daha çox sevdikcə bu qaranlıq zülmət nura boyanır... Həyat sevgi ilə bir az da gözəlləşir...İşıqlanır, nur saçır...
Dünyadan-dünyaya, ruhdan-ruha bir eşq körpüsü qurulur. Dünya sevgiylə əsrarəngiz gözəlliklər qazanır, nura boyanır. Və
başqa bir dünya... O dünya ki, onun həyat - eşq qaynağı sənsən... Onu yaşadan, canlandıran və mütləq saf sevgiyə bağlayan... Bütün bu dünyamla Səni Sevirəm...