Qadin.NET / Sənsizəm...

Sənsizəm...

Onu çox sevirdim. Çox xoşbəxt idik. Həyatda çox əziyyət çəkmiş biri belə bir həyatı görüncə özünün necə də xoşbəxt və şanslı olduğunu düşünər. Mən də özümün çox şanslı olduğumu hiss edirdim. Bu qədər başa düşən, düşüncəli və qayğıkeş bir insanla rastlasacağımı heç düşünməmişdim.

Onunla ailə quranda onun necə biri olduğunu bilmirdim. Sadəcə düşünürdüm ki, nə qədər pis olsa, mənim çəkdiyim əziyyətlərdən pis ola bilməz. "Allah Kərimdir" deyib yaşadığım mühitdən, çəkdiyim sıxıntılardan bas götürüb onunla qaçdım. Ailə qurduq. Əvvəllər ailəm narazı idi, sonra onlar da qəbul etdilər. 

Sənsizəm...

Çox yaxşı yaşayırdıq. Zamanla onun çox gözəl xasiyyətli bir insan olduğunu görürdüm. Bir qadın həyatdan daha nə istəyər ki? Səni sevən, sənə hörmət edən, qədrini bilən həyat yoldaşın varsa, dünyanın ən xoşbəxt insanısan. Onunla xoşbəxtliyi, həyatın şirinliyini daddım. Onunla yaşamağı öyrəndim. Sanki nağıllar aləmindən çıxıb mənim üçün gəlmişdi. O, mənə hardan gəldiyimi, nələr yaşadığımı, bir sözlə, hər seyi unutdurmuşdu. Həyatda hər bir şeyi paylaşmışdıq. "Həyat müştərəkdir" fikri bizdə tam həyata keçmisdi.

Tanıyanlar bizim sevgimizə qibtə edirdilər. Hamı bizim bir-birimizi necə çox sevdiyimizdən danışırdı. Sanki xoşbəxtlik yuxusundaydım və bu yuxudan ayılmaq istəmirdim. Oyansam hər şey yox olacaqdı sanki... 

Sənsizəm...

Bir ildən sonra bizim dünyalar gözəli bir qızımız oldu. Həyatımızı daha da rəngləndirdi, şənləndirdi. Onunla bağlı arzular qurduq. Xoşbəxt idik! Elə bil ki, xoşbəxtlik dənizində üzürdüm. Xoşbəxtlik dənizinin sularına 3 il qərq oldum. Allahım, yasadığım bu həyat, bu insan həqiqət ola bilməzdi...

Bir gün bu xoşbəxtliyin bitəcəyindən, bu yuxudan nə vaxtsa oyanacağımdan həmişə qorxurdum. Qorxduğum başıma gəldi... Tanrı onu məndən aldı... Mən onu əbədi itirdim... Arzularım, ümidlərim yarımçıq qaldı. Xoşbəxtlik yuxusundan oyandım. Sanki qolum-qanadım sındı. Uça bilməyən körpə quş kimi çırpındım. Övladımızı birgə böyüdə bilmədik, arzularımızı həyata keçirə bilmədik. Birgə addımladığımız bu enişli-yoxuşlu həyat yolunda yarı yolda tək qaldım. O gedəni dünyamın işığı sönüb, həyatım öz mənasını itirib. Mən təkcə həyat yoldaşımı deyil, döyünən ürəyimi, sirdaşımı, dostumu itirmişəm. Rəngarəng həyatım onun gedişiylə öz mənasını itirdi, ağ və qaradan ibarət oldu. O gedən gündən sanki nəfəs almıram, boğuluram. Onun yoxluğu hər gün daha çox ürəyimi yandırır. Niyə? Nə üçün? "Kaş ki"lər içində itib batır, suallar içində boğuluram. 

Sənsizəm...

Qızımın onun şəklinə baxaraq "Ata, mənimlə oynayırsan?" deməsi məni öldürür. Bir yandan da bunun Allahın bir yazısı olduğunu da bilirəm. Kaş ki əlimdən bir şey gəlsə... Onu geri qaytara bilsəm... Amma bu, mümkün deyil. Sanki bir gün gələcək və "Bu da zarafatlarımdan biriydi deyəcək"... Kaş ki... Hər qapı açılanda, hər telefon zəng çalanda sanki odurmuş kimi ürəyim yerindən çıxır. Geri gəlsə, məni yenidən həyata qaytarsa... Həyatımızı yenidən rəngləndirsə... Öz gülüşüylə, zarafatlarıyla həyatıma rəng qatsa...

26 yanvar 2014
GO BACK