Əziz Qadın.Netlilər, məsləhətinizə çox ehtiyacım var. Amma çox xahiş edirəm ki, məni qınamayın. Mən internetə, saytlara girən deyildim. Mən məktəbi bitirmişəm, təhsilimi almışam. Bir gün facebook-a girdim. Başım çıxmasa da, maraqlı gəldi. Amma istəmirdim oğlan dostum olsun. Tanıdığım bütün qızlarla dost oldum. Sabahısı gün səhifələrin birində bir status oxudum, bu statusdan çox xosum gəldi. Rəy yazdım. Bir oğlan cavablandırdı. Elə oldu ki, mənə dostluq atdı. Qəbul etmədim, tanımırdım. Neyləyəcəyimi bilmədim.
Oğlanın adı Cəmildir. O da məndən 1 gün əvvəl ora girmişdi. Heç dostu yox idi. Bir az danışdıq. Dedim"Nə olacaq, tanımır, eləmir, sadəcə olaraq yazışacağam". Yazışdım. O, institutda oxuyurdu. 1 il 7 ay yazışdıq. Mən ona inanırdım, çox yaxşı oğlandır. Mən pis vəziyyətə düşəndə həmişə yanımda oldu, o da pis olanda mən də onun yanında oldum. Amma dost kimi yazışırdıq.
Bir gün qərar verdim ki, mən daha ora girməyim, çıxım. Çıxdım. 15 gün girmədim. Amma o, mənim haqqımda maraqlanıb, rəfiqələrimin e-mailini bilirdi. Onlardan məni maraqlanıb. Qızlardan biri bizim qonşudur. O, Cəmilə inanırdı, yaxşı oğlan idi çünki. Cəmil qonşunun qızına yalvarib ki, mənimlə əlaqə yaratmağa nömrə versin. O da mənim nömrəmi ona verib. Oğlan mənə mesaj yazdı ki, "1 il 7 aydır səninlə yazışıram. Çox sevirəm səni, məni başa düş. Ailən haqqında da maraqlanmışam, bilirəm ailən necə ailədir. Sənə inanıram, səni çox sevirəm. Demirəm mənimlə danış. Xeyr, istəyirsənsə danışma, amma yox da demə, qurban olum. Əsgərəm, indi leytenantlığı oxuyuram. Gözlə məni sadəcə olaraq. Danışma, amma ürəyini də heç kimə vermə. Gözlə məni. Bir də mən bilim ki, anamgil sizə elçi gələndə sənin fikrin necə olacaq?!"
Mən heç nə demədim. 1 aydır ki, mənə mesajlar yazır, amma cavab yazmamışam. İnternetdə tanış olduğumuza görə qorxuram. Mənə and içib ki, heç kim bilməyəcək bunu.
Qızlar mən bilmirəm neyləyim, mənə məsləhət verin. Mən necə addım atmalıyam?