Qadin.NET / Onu unuda bilmirəm...

Onu unuda bilmirəm...

 

Onu unuda bilmirəm...

 

Əziz Qadin.Net-lilər, əslində hardan baslayacağımı bilmirəm. O qədər qarışıq bir münasibət yaşamışam ki, yaxşısı budur lap əvvəldən başlayım. Həyatım çox darıxdırıcı keçirdi, heç kəslə ünsiyyət qura bilmirdim. Ətrafımda olan insanlar bunu yaşımla əlaqələndirirdilər: "Keçid dövrüdür, məktəbi yenicə bitirmisən, rəfiqələrinlə tez-tez görüşmürsən" və s. Mənsə tam əksinə, həyatımda kiminsə və nəyinsə çatışmadığını hiss edirdim. Rəfiqələrimin çoxu sosial şəbəkələrdə bir-biriləri ilə söhbət edirdilər. Əvvəllər buna pis baxırdım, sonra mənə də profil açdılar, istifadə qaydalarını öyrətdilər. Hər gün qızlarla yazışırdım, günümüzün necə keçdiyini müzakirə edirdik. Bir gün çox sevdiyim bir aktyorun da bu sosial şəbəkədən istifadə etdiyini gördüm (adını gizli saxlamaq istəyirəm). 

Dost kimi yazışmağa başladıq. İlk günlər həqiqətən də belə idi. Günlər keçdikcə bu insana daha çox bağlanırdım. Bəlkə də ən yaxınlarımla bölüşə bilmədiyim sirlərimi, dərdimi bu insana deyirdim. Bir gün onunla münasibətimin dostluq olmadığını hiss etdim. Deyəsən dostluq sevgiyə çevrilmişdi (mənə görə). O, mənə subay olduğunu demişdi. Bir gün mən də ona sevgi etirafımı etdim. Təəccüblənmədi. Deyəsən bunu o, məndən qabaq hiss etmişdi. Hər şey də elə bundan sonra alt-üst oldu.

 

Onu unuda bilmirəm...

 

Bir gün heç tanımadığım bir qız mənə onun boşanma xəbərini verdi. Bu məlumatın onda hardan olduğunu soruşdum. "Mən onunla bir məhəllədə yaşayıram" dedi. Əslində inanmadım, xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün bunu onun özündən soruşdum, o da bundan əsəbləşdi. Elə bildi ona yalan deyirəm, guya özümdən uydururam. Mənə bir başqasının adını verib soruşdu ki, "bu adamdır sənə mənim boşandığım xəbərini deyən". Dedim: "Yox, başqasıdır". Mənə son sözü bu oldu: "Gözümdən düşdün!" İndi bir salamına belə möhtacam.
Baş verənlərə görə heç kəsi günahlandırmıram. Sevdiyimə görə peşman da deyiləm. Bu yolun sonunda ayrılığın olacağını bilsəydim, bu yola çıxmazdım. Nə bilim, bəlkə də bilə-bilə ki, bu münasibətin sonu yoxdur, bu yolda dayanmadım. Bir insan kimi düzgün biridir. Düzgün olmayan isə mənim hələ də onu dəli kimi sevməyimdir. Heç özüm də bilmirəm ki, nəyə ümüd bəsləyirəm? Bir şeyi bilirəm ki, onu ondan xəbərsiz hər zaman sevəcəyəm və yolunu gözləyəcəyəm. Gəlsə də, gəlməsə də...

13 sentyabr 2013
GO BACK