Əziz xanımlar! Mənim həqiqətən də sizlərin məsləhətinə çox ehtiyacım var. Mənim problemim ondan ibarətdir ki, özümə inamım yoxdur. Həqiqətən də özümü heç vaxt bəyənmirəm.
Getdiyim yerlərdə harda olur olsun, sıxılıram, utanıram. Elə bilirəm ki, həmişə çirkin görünürəm, geyimim yaxşı deyil. Amma əslinə qalanda isə bunu çox adam deyir ki, zövqlüyəm, geyimlərimi də zövqlə seçirəm. Ən çox həmişə elə bilirəm ki, kənardan baxan mənə deyəcək ki, bu nə zövqsüzdür. Məsələn, çox adam olan yerlərdən həmişə qaçıram. Özümü pis hiss edirəm. Bu təkcə geyimlə, görünüşlə bağlı olmur. Hər bir mövzuda, hər bir işdə özümə inamsız oluram. Bu da getdikcə məndə böyük kompleksə çevrilir. Hətta bəzi vaxtlar elə olur ki, heç evdən çölə çıxmaq istəmirəm, heç yerimdən də durmuram. Ərafımdakı qızlarla söhbət edərkən fikir verirəm ki, özlərinə necə inanırlar, görünüşlərini necə bəyənirlər.
Hətta aldıqları paltarlar adi olsa belə, yenə də onlara fərqli və qeyri-adi görünür. Özlərini çox fərqli və zövqlü hesab edirlər. Bəlkə də problem məndədir. Amma bu problemlərdən necə qurtulacağımı bilmirəm. Bəzən özümə o qədər çox qapanıram ki, hətta ətrafımda olan hər kəsə və hər şeyə nifrət etməyə başlayıram. Depressiyaya düşürəm. Hətta elə günlər olur ki, hıçqıra-hıçqıra ağlayıram. Düzdür, əslində həqiqətən də qabardılacaq qüsürum yoxdur.Hətta çox adam da məni bəyənir. Ancaq mən özümü bəyənmirəm. Özümü başqaları ilə müqayisə edirəm. Özümü dəyərsiz hesab edirəm. Həmişə özümə bu sualı verirəm: "Məndə çatışmayan nədir?"
O qədər bu barədə fikirləşirəm ki, nə vaxt özüm-özümlə danışdığımdan xəbərim olmur. Anam da həmişə deyir ki, naşükürlük etmə, bu Allaha da xoş getməz.
Qızlar, mən naşükür deyiləm, sadəcə mənim komplekslərim var, özümü bəyənmirəm, özümə inanmıram və çox qərarsız bir insanam. Özümü o qədər dəyərsiz hiss edirəm ki, qətiyyən özümə inamım yoxdur - nə özümə, nə zövqümə, nə gözəlliyimə, nə verdiyim qərarlara... Mənim bütün problemlərim də bundan qaynaqlanır - özümə inamsızlığımdan.
Əziz xanımlar, xahiş edirəm mənə öz məsləhətlərinizi verin, kömək edin ki, bu komplekslərdən azad olum. İnanın ki, dəfələrlə psixoloqların da qəbulunda olmuşam, lakin onlar da məni anlamayıblar. İndi ümidim sizədir. Məsləhətlərinizi gözləyirəm.
Sonda isə hər birinizə xoş günlər, özünəinam və bol-bol sevinc arzu edirəm.