Ata, səni çox sevirəm...
Atalara həsr olunmuş saysız şeirlər, muğamlar, mahnılar vardır. Məsələn, Könül Xasıyevanın ifasında "Ata" segahı məni həmişə uzaqlara alıb aparır. Atamla həmişə aramızda bir pərdə olub. Onun sevgisinə həmişə şübhə etmişəm. Amma o da belə ata imiş, sevgisini gizli saxlayan. Artıq bir neçə aydır ailə qurmuşam və mən atamın hansı xasiyyətdə olub-olmamasından asılı olmayaraq, onun məhəbbətini hiss edirəm. Təsəvvür edə bilməzsiniz ki, illərdir bu sevginin necə həsrətində olmuşam. Bir dəfə aramızda çox pis anlaşılmazlıq olmuşdu (bu anlaşılmazlıqlardan çox olurdu aramızda) və mən yenə həyatdan gileylənərək oturub ağlaya-ağlaya içimdəki hissləri bir vərəqə tökdüm. Bir müddət sonra bu hisslərin tamamilə gözəl bir şeir olduğunu gördüm. O şeiri bir neçə il sonra atamın ad günündə ona hədiyyə etdim. Amma yenə da atamın bu xasiyyəti davam edir, məni haqqsız yerə ağladırdı. Bir gün gəldi və atam sevgisini 4 bəndlik şeirlə mənə göstərdi və mənim onunla bağlı bütün yalnış düşüncələrimi silib apardı. Həmin şeiri bu il fevral ayının 15-də atamın doğum günü üçün çərçivələdib ona hədiyyə etdim. Atamın gözləri yaşardı. İndi atamgilə gedəndə atamın məhəbbəti gözlərindən oxunur. Mənə yanaşma tərzi dəyişib. Adətən, atalar gəlin köçmüş qızlarına " Bu vaxta qədər mənim qızım idin, indi isə gəlin getdiyin evin qızı olmağa çalış" və s. deyirlər, amma mənim atam "Bu vaxta qədər mənim qızım deyildin, indi mənim qızımsan, bala" deyir. Onun bu psixologiyasını tək mən anlayıram.
Atam haqqında fikirlərimi tamamilə dəyişən o böyük ürəklə yazılmış şeiri sizə təqdim etmək istəyirəm.
Allahın qismətidir,
Nigarım, qızım mənim.
Bəxtimə düşən payım,
Övladım, ömrüm mənim.
Şirin söz, şirin dilli,
Qara göz, qara telli.
Əsli Qubadlı elli,
Nigarım, qızım mənim.
Ananın ürəyidir,
Atanın diləyidir.
Padarın göyçəyidir,
Nigarım, qızım mənim.
Yurdunun həsrətlisi,
Kədərli qızım mənim.
Baharım, yazım mənim,
Nigarım, qızım mənim.
Allah bütün atalara cansağlığı versin, həyatda olmayanlara isə rəhmət diləyirəm!