Qadin.NET / Puç olmuş uşaqlıq

Puç olmuş uşaqlıq

Puç olmuş uşaqlıq

    Bəzən həyata gəldiyimə, yaşadığıma, bu cəmiyyətin bir üzvü olduğuma görə çox peşmançılıq çəkirəm. Kaş ki, doğulmayaydım.

 Dünyaya gəldim, bəs sonra nə oldu? Ailəmizdə hər gün dava-dalaş, söz-söhbət, mübahisə... Gördüyüm ancaq bunlar oldu. Bəzi uşaqlar kimi yaşamadım mən uşaqlığımı. Tək dərdim vardı - sakit bir ailənin, xoşbəxt və qayğısız bir ailənin üzvü olmaq... Sonra kasıb və  ehtiyac dolu həyat başladı. Məktəb yoldaşlarım hər dəfə təzə nə isə geyinəndə mən onların yerinə sevinirdim. Sevinirdim, çünki, ən azından onlar geyinə bilirdilər. O geyimlərdən heç vaxt mənim olmayacaqdı. 

Puç olmuş uşaqlıq
   Elə günlər olurdu ki, bir  şam işığında oturub yavan çörək yeyirdim. Amma ürəyimdə həmişə bir ümid vardı ki, nə vaxtsa hər şey düzələcək. Düzəldi əlbəttə ki, ancaq yenə bitmədi mənim daxilən çəkdiyim iztirablar, acılar. Bitmədi ürəyimi sızladan söz-söhbətlər, münaqişələr. "İnsan böyüklərinə baxar, öyrənər" deyirlər. Mən də çox baxdım, ancaq öyrənməyə bir şey tapmadım, tapa bilmədim. Atamın xəyanətindən, anamın göz yaşlarından, təpiklərdən, yumruqlardan qorxub qışqırışan uşaq səslərindən başqa heç nə görmədim, eşitmədim.
Puç olmuş uşaqlıq

    Yedirirdilər, içirirdilər, geyindirirdilər. Ancaq bir şeyi unudurdular. Mən yeməyin əskikliyinə, içməyin  əskikliyinə və bu əskikliklərin acısına yanmırdım. Mən "ac" böyümürdüm.  Mən heç vaxt sahib olmadığım qayğısız uşaqlığımın, sakit və xoşbəxt uşaq gülüşünün acı idim. Mənəvi aclıq idi mənimki. Fiziki aclığı nə yesən ödəmək olar. Ancaq mənəvi aclıq ödənmir, ödənilmir.

26 fevral 2013
GO BACK