Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır.
İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.Rayonun ərazisi 2074 kv.km-dir.
Rayon ərazisinin zəngin tarixi keçmişi vardır. Burada olan tarixi abidələr və keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri İsmayıllının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Rayonun ərazisi qədim tarixi abidələrlə zəngindir və əksəriyyəti Albaniya tarixinə aid hesab olunur. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır. Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır. Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsl muzeydir.
Lahıc 1980-cı ildə muzey qoruğa çevrilmişdir. İsmayıllıda istirahətə üstünlük verən yerli və xarici turistlər Lahıcı görməyə can atır. Burada qədim sənətkarlıq nümunələri öz əhəmiyyətini qoruyub saxlayır.
Basqal dörd bir tərəfdən dağlarla əhatə olunmuş,gözəl təbiəti,təmiz havası,dumduru bulaqları olan bir məkandır. Bir növ Bakının İçərişəhərini xatırladan Basqalın səliqəli, təmiz küçələrinə heyranlıqla tamaşa etməmək mümkün deyildir.Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.