Qadin.NET / El gölü

El gölü

 Təbriz dünya şəhərləri arasında elə şəhərlərdəndir ki, hər daşının, hər kərpicinin altında bütöv bir tarix yaşayır.Öz tarixi məhəllələri, Ərk qalası, Göy məscid, Rəbe-Rəşidi Universiteti ilə dünya tarixinin qızıl səhifələrini yazan Təbriz şəhəri bəlkə də tarixin özü ilə yaşıddır.

 Təbrizin gözəlliklərinə gözəllik qatan yerlərdən biri də El gölü və ya bir zamanlar adlandırıldığı kimi Şah gölüdür.

 El gölü göz oxşayan mənzərəsi, ətrafında salınmış yaşıllıqları, təmiz ab-havası ilə təkcə təbrizlilərin deyil, həm də şəhərə gələn qonaqların ən sevdiyi məkandır.Təsadüfi deyil ki, yay aylarının isti günlərində burada turist əlindən tərpənmək mümkün olmur.

El gölü

 

 

Öz qədimliyi, böyüklüyü və gözəlliyi ilə seçilən El gölünün eni 200 metr, uzunluğu isə 317 metrdir.Gölün dibi daş-çınqılla dolu olduğu üçün dərinliyini dəqiq ölçmək mümkün deyil.Lakin gölün dərinliyinin 4 metr olduğunu söyləyənlər də az deyil.

 Qədim zamanlardan ta İslam inqilabına qədər göl “Şah gölü” adı ilə tanınardı.İslam inqilabının qələbəsindən sonra xalq gölün adını əvəzləyib “El gölü” qoydu.

 Gölün yaranma tarixi haqqında dəqiq məlumat yoxdur.Söylənilən bütün fikirlər yalnız fərziyyələrə əsaslanır.

 Adının "Şah gölü" olması göl haqqında, onun banisi haqqında bir sıra fikirlərin meydana çıxmasına səbəb olub.Belə ki, onun hansısa şahın hakimiyyəti zamanı, onun əmrilə və yaxud birbaşa şahın özü üçün yaradıldığı söylənilir.

 Gölün 15-ci əsrdə Ağqoyunluların hakimiyyəti zamanı yaradıldığı haqqında fikirər çoxluq təşkil edir.

 Deyilənə görə yarandığı zamanlar göl indiki böyüklüyündə olmamış, daha sonralar Səfəvilərin hakimiyyəti zamanı bir qədər də böyüdülərək təqribən indiki böyüklüyünə qovuşmuşdur.

 Göl barəsində əldə olan qaynaqlardan ən maraqlısı Nadir Mirzənin yazdığı “Təbriz tarixi və coğrafiyası” kitabıdır.Bu kitabda Nadir Mirzənin göl haqqında verdiyi məlumatlar bundan ibarətdir:

“Bu göl Qacarların hakimiyyətnin ilk dövründə Seyid tayfasının mülkü olmuş və daş-çınqılla dolmuşdur.

Abbas Mirzə Əlsəltənətinin səkkinci oğlu Qəhrəman Mirzə Azərbaycan hakimi olduğu zaman gölün mülkünü o zamankı sahibi olan Mirzə Hüseyndən almış və göl üçün ona hər il 35 xalvar buğda vermişdir.

 Gölü aldıqdan sonra Qəhrəman Mirzə onu təmizlətmiş və uçulmuş yerlərini təmir etdirmişdir.Qəhrəman Mirzənin əmri ilə gölün aşağı hissəsində əhəng, kərpic və daşdan enli bir divar çəkilmişdir.Gölün suyu aşağı axdığı üçün bu divar möhkəm bir bənd kimi suyun qabağını almışdır.

 Sonra o, gölün ortasında gözəl bir bina tikdirmişdir.Binaya getmək üçün cənubdan enli bir yol salınmışdır.Eyni zamanda yuxarıdan keçən çaydan gölə bir qol ayrılmış və buradan gölə su axıdılmışdır.Göl 6 ay ardı-arası kəsilmədən 2 daş dəyirmanı vasitəsilə doldurulmuşdur.Buranın tikintisinə 50 min tümən qızıl pul xərclənmişdir.

 Təəssüf ki, Qəhrəman Mirzənin vəfatından sonra binanın tikintisi yarımçıq qalmış, tikilib başa çatdırılmamışdır.

 Mən özüm o gölün ortasında tikilmiş imarəti dəfələrlə görmüşəm.O, dövrəsi mərmərdən, alt mərtəbəsi böyük eyvandan, üst mərtəbəsi isə güzgülü salondan ibarət bir imarət idi..."

 Nadir Mirzənin də yazdığı kimi Qəhrəman Mirzənin ölümündən sonra göldə aparılan tikinti və abadlıq işləri yarımçıq qalmış, hətta gölün ortasında tikilən bina da dağıdılmışdır.Kərpic və kaşıları söküldüyündən gölün dibi daş-çınqılla dolmuşdur.

Binanın yalnız alt qatı 1930-cu ilə kimi qalmışdır.Təbriz bələdiyyəsi tərəfindən təmir olunan bina restoran kimi fəaliyyət göstərmişdir.

 Düz 37 il restoran kimi fəaliyyət göstərən bina baxımsızlıq ucbatından tədricən dağıdılmış və 1970-ci ildə bina bütünlüklə uçurulmuş və Təbriz bələdiyyə sədirinin göstərişi ilə yerində yeni, bir mərtəbəli bina tikilmişdir.Yeni bina da restoran kimi fəaliyyət göstərmişdir.

 İslam inqilabı günlərində bu restoran dağıdılmış və yalnız 1986-cı ildə dağılmış yerləri bərpa edilərək istifadəyə verilmişdir.

 Bu günə qədər də gölün ortasında tikilmiş binadan restoran kimi istifadə edilir.

 Gölün ortasında tikilmiş binaya gedən yol haqqında da bəzi fərziyyələr var.Bəzilərinin dediklərinə görə Qacarlar zamanı binaya getmək üçün açılıb-bağlanan bir körpüdən istifadə edilərmiş.Qacar şahzadələri burada dincəldikləri zaman heç kəs onlara mane olmasın deyə onlar gəldikdən sonra körpü qaldırılar və beləliklə də binaya gedən bütün yollar bağlanardı.

 Təbrizin gözəllikləri sırasında adı çəkilən El gölü haqqında çox danışmaq olar.Bu gölün hələ açılmamış sirlərlə dolu olan tarixi isə qaranlıq qalan səhifələrin açılacağı günü gözləyir...

17 iyul 2011
GO BACK