Bu gün 4-cülərimi Şəhidlər Xiyabanına aparmışdım. Bizim qürur yerimizi canlı görsünlər deyə.
Onlar yaşda olanda mən bu hadisələrin canlı şahidi olmuşam. Bizim böyük istixanalarıımız (parniklərimiz) var idi. Onu çox zəhmət çəkərək əkərdik. Atama hamımız kömək edərdi. Mən böyük övlad olduğumdan mənim zəhmətim daha çox olardı. Atamın başqa sənəti vardı, əlbəttə. Sadəcə burada pul çox olduğundan (Bakı kəndində yaşayasan bu işlə məşğul olmayasan) bu işlə də məşğul olardı. Dörd uşağı saxlamaq həm də mərd mərdanə hər insanın işi deyildi.
Noyabrdan sonra artıq başlayardıq bəhrəni görməyə. Əsas qış aylarında. Qərənfillərimizin alıcıları çox olardı. Gəlib həyətdən aparardılar. Hər alıcı gələndə atam anam sevinərdi. Mən də əlbəttə. Çünki o qərənfillərin böyüməsində mənim də zəhmətim olardı. Elə bilərdim gül bağçamdır.
Və bir gün axşamla nə qədər alıcı gəldi. Anam atam bağçamın güllərini yığırdı. Anam ağlaya -ağlaya qərənfilləri yığırdı. Atam güclə özünü saxlayırdı. Axı o gülləri həmişə sevinclə dərirdik. Mən bildiyimə görə sevgililər bir birlərinə verərdi. Mənim qərənfillərim gözəl günlərdə, insanların sevincli günlərində lazım olurdu. İndi nə olmuşdu? Neçə gün o qərənfillər dərildi. Və alıcılara pulsuz verilidi.
Qonşu qadınlar bir yerə yığışıb ağlayardı. İlk dəfə idi ki, bu qədər qadının ağladığını görürdüm. Amma bu qadınların heç kimləri ölməmişdi. Həmişə gülən qonşu zarafatcıl xalamız hamıdan çox ağlayırdı.
Böyüdüm anladım ki, bu qürur duyulacaq hadisə olmuşdur!
Qəhramanlıq yazmışdı tarixinə millətim!. Və mənim bağçamın gülləri onların qəhramanlığını alqışlayıb, onlara gül vermişdi!
Sagirdlərimlə bu gün onları yenidən məzarlarında ziyarət etdim. Bu şəraiti bizə yaradan müdirimiz, əsl pedoqoq Vələddin Nurəddinova təşəkkür edirik!
Bu gün yenidən uşaqlığımın qəhramanlıq xatirələrini mənim dünyam olan şagirdlərimlə yad etdik. O qərənfilləri ilk sevdiyim gülləri onların məzarına yenidən qoydum. Bütün xatirələrim göz önümdə film lenti kimi yenidən canlandı..
Şəhidlər ölməz!
İmza; Onların qəhramanlıq güllərini becərən bir ailənin ən kiçik şahidi.