Beynəlxalq bayramlar və tarixi günlər
1 Aprel-Ümumdünya Gülüş Günü
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.Böyük Britaniyada 1 apreli “Səfehlər Günü”, Fransada isə “Aprel balığı Günü” adlandırırlar.Məsələ burasındadır ki, əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı.Həmin gün insanlar bir-birini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər.Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i-yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı.Lakin “Aprel balığı Günü” də unudulmamışdı.Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə-məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi.Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”.Eyni zamanda “Səfehlər kralı” (və ya “Zarafatlar kralı”) təyin edər, şənlənər, lətifələr söyləyərdilər.”Səfehlər Günündə” maska geyinmək qayda idi.Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.
Bizim ölkəmizdə isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur.Həm də bundan heç kəs incimir.Hamı çalışır ki, aprelin 1-i günü aldanmasın.
18 Aprel-Tarixi abidələrin mühafizəsi Günü
Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur.Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin yadigarlarıdır.Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar.Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.
Bu sahədə ölkəmizin bəxti gətirmişdir.Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt-behişt (“Səkkiz Cənnət”), Şirvanşahlar, İrəvan Sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər.
Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abiədlərimiz-Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir.YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapımış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi.
İşğal altında qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır.Xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qalmışdır...
22 Aprel-Beynəlxalq Yer kürəsi Günü
Beynəlxalq Yer Kürəsi Günü əvvəllər “Ağac Günü” adı ilə qeyd olunmuşdur.Bu bayramın keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir.ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi.Onun özü və ailəsi ilk olaraqr ağac əkməyə başlamışdı.Tezliklə bu təşəbbüs geniç əks-səda doğurmuşdu.İlk “Ağac Günün”də ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu.1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı.Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu.
1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi.Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı.