Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əbülfəz Elçibəy
(1938-2000)
Əbülfəz Qədirqulu oğlu Elçibəy (Əliyev) qədim Azərbaycan yurdu Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. Tarixi abidələrlə zəngin olan diyar, dədə-babaların qəhrəmanlıqları haqqında ağsaqqalların söhbətləri onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. Burada ibtidai və orta təhsilini aldıqdan sonra o, qədim tariximizi, soyköklərimizi araşdıran alim olmaq istəyi ilə Bakıya gəlmişdir.
Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verən Ə.Əliyev Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuşdur. Tədris olunan fənlərə böyük diqqətlə yanaşan tələbə dərs proqramında nəzərdə tutulan materialların öyrənilməsi ilə kifayətlənmir, şəxsi mütaliə sayəsində şərqşünaslıq elminin əsaslarına dərindən yiyələnməyə çalışırdı.
1962-ci ildə universiteti müvəffəqiyyətlə bitirən Əbülfəz Əliyevə burada qalıb aspiranturada təhsilini davam etdirmək tövsiyə olunur. O, aspiranturaya qəbul imtahanlarını verir və əyani aspirant kimi təhsilini davam etdirir. Paralel olaraq o, Bakı Layihələşdirmə İnstitutuna işə qəbul olunur. O dövrdə Sovet İttifaqı bir çox Şərq ölkələrinə müxtəlif sahələr üzrə köməklik edirdi. Təbii ki, bunun müqabilində sovet liderləri həmin ölkələrdə sovet hakimiyyətini qurmağa çalışır, onları "sosialist inkişafı yoluna" cəlb etməyə cəhd göstərirdilər. Şərqin astanasında olan Azərbaycan bu yardım prosesində öndə gedir, bir çox azərbaycanlı mütəxəssislər müxtəlif Şərq ölkələrində fəaliyyət göstərirdilər. Ona görə də Əbülfəz Əliyev instituta tərcüməçi kimi işə götürülür.
Çox keçmədi ki, onun öz biliyini nümayiş etdirmək imkanı yarandı. 1963-cü ildə o, azərbaycanlı mühəndislərlə birgə Misir Ərəb Respublikasına yollandı. Burada Asuan bəndinin inşa edilməsində Ə.Əliyevin də əməyi az olmamışdır.
Misirdə olduğu dövrdə o, sovet rejiminin ikiüzlü siyasətini görmüş, sovet siyasətçilərinin siyasi maraqlar naminə ən sadiq müttəfiqlərini belə zərbə altında qoymaq xüsusiyyəti onda ikrah hissi yaratmışdır. O, sovetlərin Azərbaycanda yürütdükləri siyasət barəsində də düşünməyə başlamışdır.
Vətənə qayıtdıqdan sonra elmi işi üzərində fəal çalışan Əbülfəz Əliyev 1967-ci ildə aspiranturanı bitirmiş, 1969-cu ildə "Tulunilər dövləti" (orta əsrlərdə Misirdə mövcud olmuş türk-müsəlman dövləti) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi adı almışdır. Hələ 1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinə müəllim qəbul edilmişdir.
Bu dövrdə artıq püxtələşmiş ziyalı olan Əbülfəz Əliyev sovet tarixşünaslığında Azərbaycan tarixinin saxtalaşdırılması, əzəli Azərbaycan torpaqlarının özgələşdirilməsi, tarixi qəhrəmanlarımızın ifrat təqdiminə etiraz edirdi. O anlayırdı ki, bütün bunlar xalqımıza qarşı yönəlmiş bir vahid zəncirin halqalarıdır.
Əbülfəz Əliyev 60-cı illərin sonunda azad fikirli tələbələrdən bir neçə qrup təşkil etdi. Bu qruplar özünüdərketmə şüurunu yaratmaq məqsədi ilə gənclər arasında təbliğat işi aparırdı. Onlar əsl Azərbaycan tarixini sübut etməyə çalışır, sovet siyasətinə qarşı etiraz edirdilər. Lakin 1975-ci ildə qruplar ifşa olundu və Əbülfəz Əliyev dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edildi.
Bir ili təcridxanada keçirməsinə baxmayaraq, Əbülfəz Əliyev öz fikirlərindən dönmədi. 1976-cı ildə həbsdən buraxılaraq o, Azərbaycan SSR Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlayır.
Əməllərində cinayət elementləri tapa bilməyən sovet cəza orqanları, bununla belə, onun ideyalarının gələcəkdə böyük təhlükə törədəcəyini anlayır və onu gənc nəsildən, tələbələrdən uzaqlaşdırır. Əlyazmalar üzərində ciddi tədqiqatlar aparan, tariximizin qaranlıq səhifələri barəsində yeni-yeni məlumatlar əldə edən Əbülfəz Əliyev sonralar institutda baş elmi işçi, aparıcı elmi işçi işləyir.
Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar geniş vüsət alan ümumxalq hərəkatı Əbülfəz Əliyevin həyatına böyük təsir göstərir. Ermənilərin tarixi ərazilərimizə göz dikdiklərini, öz havadarlarının köməyi ilə zaman-zaman Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürütdüklərini açıq bildirərək o, sovet hökumətinə bel bağlamamağa çağırır, çıxış yolunu müstəqilliyin qazanılmasında və milli ordunun yaradılmasında görürdü.
Pərakəndə halda Bakıda başlayan azadlıq hərəkatı təşkilatlanmağı tələb edir və 1989-cu il iyunun 16-da Bakıda "Azərbaycan Xalq Cəbhəsi" (AXC) yaradılır və Əbülfəz Əliyev onun sədri seçilir (o elə bu dövrdə "Elçibəy" təxəllüsünü götürdü). Azərbaycan xalqının azadlıq hərəkatında böyük rol oynayan, onun müxtəlif formalarını (iqtisadi tətillər, mitinq hərəkatı, meydan hərəkatı, informasiya blokadasının yarılması istiqamətində fəaliyyət) uzlaşdırmağa çalışan Ə.Elçibəy, bununla belə, kadr siyasətində səhvlərə yol vermişdir; AXC-də bir neçə qrup əmələ gəlmiş, daxili parçalanma getmiş, təşkilatda təsadüfi, öz şəxsi məqsədlərini həyata keçirməyə çalışan siyasətbazlar rəhbər mövqelər tutmuşlar. Nəticədə informasiya blokadası yarılmamış, sovet cəza orqanlarının törətdiyi təxribatların qarşısı alınmamışdır.
Sovet ordu hissələrinin köməyi və hərtərəfli dəstəyi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlayan ermənilər Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızı qovmuş, Dağlıq Qarabağın bir çox məntəqələrində qanlı cinayətlər törətmişdilər. Moskvadakı sovet rəhbərlərinin göstərişləri ilə hərəkət edən o zamankı Azərbaycan başçıları Ə.Vəzirov və A.Mütəllibov bütün bunlara göz yumur, xalqı torpaqların itirilməsi ilə barışmağa çağırırdılar. Xalqın qəzəbi nəticəsində onlar hakimiyyətdən getmiş, Azərbaycanı tərk etmişdilər.
Xocalı faciəsindən sonra istefaya getmiş Azərbaycan Respublikasının prezidenti A.Mütəllibovun tərəfdaşları 1992-ci il mayın 14-də onu yenidən hakimiyyətə gətirməyə cəhd etdilər. Bunun üçün onlar hətta Ali Sovetin ayrıca sessiyasını da çağırdılar. Lakin bunu konstitusiyaya zidd hərəkət kimi qiymətləndirən AXC öz tərəfdarlarına müraciət etdi, onları Ali Sovetin qarşısına çağırdı. Nəticədə, mayın 15-də Ali Sovetin binası tutuldu və hakimiyyət faktik olaraq AXC-nin əlinə keçdi.
1991-ci il iyunun 7-də keçirilmiş seçkilərdə qalib gələn Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti seçildi. Hakimiyyətinin ilk dövründə o, xarici və daxili siyasətdə bir neçə uğurlu addım atdı. Belə ki, özünümüdafiə batalyonları nisbətən nizama salınaraq cəbhə boyunca hücuma keçdi və əhəmiyyətli uğurlar qazanaraq Qarabağın Ağdərə rayonunu düşməndən tam azad etdilər. İyunun 10-da Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) üzvlüyünə qəbul edildi. Avqustun 15-də milli valyuta olan manat dövriyyəyə buraxıldı. Sentyabrın 22-də ölkə Avropa Yenidənqurma və İnkişaf Bankının üzvü oldu. Novruz bayramı, Qurban bayramı daha geniş keçirilməyə başlandı. Köhnə məscidlər bərpa edilir və yeniləri tikilirdi. Türkiyə Respublikası ilə elmi və mədəni əlaqələr genişləndirildi.
1993-cü ildən Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında test üsulu tətbiq olunmağa başlandı ki, bu da daha bilikli və bacarıqlı gənclərin həmin məktəblərə daxil olmasına imkan verdi. Azərbaycan ərazisindən rus qoşunları çıxarıldı. Lakin mövcud olan problemlər həll edilmədiyindən daha da genişlənir və tədricən böhran səviyyəsinə çatırdı. Belə ki, Rusiya Federasiyası ilə illər ərzində yaradılmış əlaqələr dərhal kəsildi, bu isə bir sıra şirkət, zavod və fabriklərin işinə mənfi təsir göstərdi. İran İslam Respublikası ilə mövcud olan gərgin siyasi münasibətlər daha da kəskinləşdi. Ölkənin daxilində iqtisadi tənəzzül baş alıb gedir, istehsal gücünün yalnız 25 - 30%-i istifadə olunurdu.
Ermənistanla davam edən müharibə, üstəlik, yarım milyon qaçqın və köçkünün olması vəziyyəti daha da çətinləşdirdi. İqtisadiyyatda hökm sürən köhnə inzibati-amirlik idarəetmə sistemi ləğv edildi, təzəsi isə yaradılmadı. İqtisadiyyatda xaos hökm sürürdü, təbii sərvətlər talan edilirdi. Azərbaycan məhsullarının satılmasından əldə olunan valyuta əsasən xarici banklarda şəxsi hesablarda qalırdı. Cəmiyyətdə kəskin əmlak təbəqələşməsi gedirdi-kiçik bir qrup adam zənginləşir, əhalinin 60-70%-i isə yoxsulluq həddindən də aşağı səviyyədə yaşayırdı. İşsizlik durmadan artırdı. Daxili və xarici siyasətdəki uğursuzluqlar və çatışmazlıqlar isə ilk növbədə respublika rəhbərliyinin naşı kadr siyasəti ilə bağlı idi və bunun da nəticəsində idarəetmə aparatına uyğun gəlməyən səlahiyyətsiz şəxslər, əsasən də AXC üzvləri cəlb edilirdi. Hərbi rəhbərlikdə buraxılmış kobud səhvlər 1993-cü il aprelin 6-da ermənilərin Kəlbəcəri işğal etməsi ilə nəticələndi, üstəlik, Ağdərə rayonu da itirildi. İqtisadi problemlərə qələbə naminə dözən xalqımız bunu AXC rəhbərliyinə bağışlamadı. Elçibəy hökuməti özünün xalq arasındakı dayaqlarını itirir, AXC-nin nüfuzu düşürdü. Üstəlik, rəhbərlikdə olan AXC funksionerləri bir- birləri ilə siyasi çəkişmələrə girdi.
1993-cü il iynun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hərbi hissələrin qiyamı nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Başda Elçibəy olmaqla özünün siyasi gücsüzlüyünü dərk edən respublika rəhbərliyi iyunun 9-da təcrübəli siyasətçi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı.
1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bir neçə gündən sonra prezident Ə.Elçibəy qəflətən Bakını tərk edib, doğma kəndi Kələkiyə getdi və dəfələrlə ona edilən müraciətlərə baxmayaraq, Bakıya gəlməkdən imtina etdi. İyunun 24-də AR Ali Soveti Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini H.Əliyevə verdi. Avqustun 29-da keçirilən referendumda Ə.Elçibəyə etimadsızlıq göstərildi. 1993-cü il oktyabrın 3-də H.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.
1997-ci ilədək Ordubadın Kələki kəndində yaşayan Ə.Elçibəy Bakıya qayıtdıqdan sonra yenidən fəal siyasi fəaliyyətə qoşulmuş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olmuşdur.
Əbülfəz Elçibəy 2000-ci ildə Ankarada müalicədə olduğu zaman vəfat etmiş, Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.