Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-94

Azərbaycan tarixindən yüz şəxsiyyət-94

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Niyazi

(1912-1984)

Niyazi Tağızadə-Hacıbəyli 1912-ci ildə Tiflisdə anadan olub. Onun atası Zülfüqar bəy Hacıbəyli Azərbaycanın görkəmli musiqi xadimlərindən olmuşdur. Niyazinin əmisi Üzeyir bəy Hacıbəyli onun uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə diqqət yetirmişdir.  Ümumi təhsil aldıqdan sonra Niyazi Moskva şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur.

1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, sonra isə Yerevan (əvvəllər bu Azərbaycan şəhəri İrəvan adlanırdı) konservatoriyasında təhsilini davam etdirmişdir.

1933-1934-cü illərdə Niyazi Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. O, təzəcə yaranan Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir. Niyazi 1938-ci ildən həmin orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuşdur. Eyni zamanda onun ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. Belə ki, o, 1937-1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır.

Niyazinin bəstəkarlıq və dirijorluq fəaliyyəti 30-cu illərdən başlamışdır. Orijinal istedad sahibi olan Niyazi yüksək musiqi mədəniyyəti, dərin erudisiya və güclü iradəyə malik böyük sənətkar idi. Niyazinin repertuarında Qərbi Avropa, rus, sovet klassiklərinin, müasir bəstəkarların əsərləri mühüm yer tuturdu. Azərbaycan ifaçılıq sənətinin inkişafmda, milli musiqinin təbliğində Niyazinin xidməti böyükdür.

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"-nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi  milli  simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ- da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır.

1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-94

 

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7  gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır.

1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır.

Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul

Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir.

İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir.

Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Niyazi 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olmuşdur.

Niyazi məşhur hind filosofu R.Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra"  baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür.

Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O, həmçinin, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.

1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B.Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilmişdir.

Niyazi 1984-cü ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

25 dekabr 2015
GO BACK